Aktrisa Əminə Yusifqızının doğum günüdür

Xalq artisti Əminə Yusifqızı 87 yaşını (24.09.1936) qeyd edir. Dövlət Film Fondunun əməkdaşları və sənətsevərlər adından Əminə xanımı ürəkdən təbrik edir, möhkəm cansağlığı, nailiyyətlər arzulayırıq.

Elə sənət adamları var ki, onların məsləyinə intuitiv yanaşması, dərin sənət bilgisi şəxsiyyətlərini məşhurlaşdırmaqla yanaşı, incəsənətin bir çox sahəsinə də uğur qazandırıb, zənginləşdirib. İstedadlı aktrisa Əminə Yusifqızının da adı Azərbaycan teatr, kino, dublyaj sənətinin inkişafı ilə bağlıdır. Bədii qiraət ustası kimi də tamaşaçıların və dinləyicilərin böyük rəğbətini qazanan aktrisanın təkcə dublyaj sahəsindəki xidmətlərini xatırlamaq kifayətdir ki, sənətin yüksəlişinə xidmət edən yaradıcılığı göz önündə canlansın, məhsuldar kino fəaliyyəti yada düşsün.

Əminə xanımın qəlbəyatımlı, valehedici səsi ona Allah-taala tərəfindən bəxş olunan hədiyyədir desək, yanılmarıq. “Səs qəlbdən su içər” deyirlər. Nadir səs tembrinə malik olan aktrisa da məxməri, məlahətli səsini zəngin sənət təcrübəsi, biliyi, bacarığı ilə uzlaşdıraraq neçə-neçə ekran obrazlarına (ifaçılar qədər) uğur qazandırdı, baxımlılığını artırdı.

Hələ orta məktəbdə oxuyarkən Dövlət Gənc Tamaşaçılar Teatrında maraqlı çıxışları ilə teatrsevənlərin diqqətini çəkən gələcəyin məşhur aktrisası, sənətin sirlərinə həmin teatrın səhnəsində (1958–1964) bələd olub. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirsə də, sevdiyini sənət məbədini özünə ikinci evi, ocağı bilib. Elə buna görə də aktrisa kimi fəaliyyətini Azərbaycan Milli Dram Teatrında davam etdirib (1964–1974). Teatrın  səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif xarakterli rollar oynayıb, sənətin incəliklərini daha dərindən mənimsəyib.

Əminə xanımın kino ilə bağlılığı 50-ci illərin sonundan başlayıb. Azərbaycan kinosunda sözünü deyən, yaradıcılığını təsdiqləyən mogikanrejissorlar uzun müddət teatrda böyük sənət təcrübə toplayan aktrisanın istedadından məharətlə istifadə ediblər. Səsləndirməyə dəvət etməklə filmlərinin uğuruna bir daha uğur qatıblar (“Onu bağışlamaq olarmı?”, Sevda – Manana Abuyeva). Bundan sonra Əminə xanımın məxməri, mülayim səs tembrinin sehri onlarla ekran obrazlarına məşhurluq gətirib, yaddaşlarda iz salmasına səbəb olub.

Kinonun ayrılmaz qolu olan dublyaj sənəti ekran obrazlarına ikinci həyat verir. Peşəkar dublyaj aktyorları səs sənətinin ustası olaraq personajların həyat mövqeyinin, daxili dünyalarının açılmasına, hiss və duyğularının daha yaxından təqdim olunmasına imkan yaradırlar. Əminə Yusifqızının səsləndirdiyi müxtəlif xarakterli personajlar da (Mehriban – Raisa Nedaşkovskaya, (“Telefonçu qız”), Məryəm – Zoya Nedbay, (“Möcüzələr adası”), Ulduz – Tamilla Rüstəmova (“Ulduz”), Gülçöhrə – Leyla Şıxlinskaya (“Arşın mal alan”), Cəmilə – Rəna Səlimova (“Sən niyə susursan?”), Annuşka – Nelli Zinovyeva (“Yaşamaq gözəldir, qardaşım”), Ədilə – Zemfira Sahilova (“İnsan məskən salır”), Sevda – Fidan Qasımova (“Torpaq. Dəniz. Od. Səma”), Elya – Megi Kejeradze (“Uşaqlığın son gecəsi”) və s.) mövzuların mahiyyətinin tamlıqla çatdırılmasını təmin edib, filmlərin sevilməsinə, uğurlu ekran taleyini yaşamasına səbəb yaradıb.

Hələ gənc yaşlarından dublyaj sənətinin ustası kimi tanınan aktrisa 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib. Bir neçə filmdə (“Tənha narın nağılı” – Firuzə, “Şərikli çörək” – Südabə, “Musiqi müəllimi” – xidmətçi, “Yay günlərinin xəzan yarpaqları” – Firuzə, “Ümid” – baş həkim, “Qətl günü” – Səlimə və s.) və televiziya filmində (“Qeybdən gələn səs” və s.) maraqlı obrazlar yaradıb. Yaradıcılıq potensialını ekran obrazlarının təfsirində bir daha təsdiqləyib, həmçinin sənədli, animasiya filmlərinin, “Mozalan” satirik kino süjetlərinin mətnini oxuyub.

Əminə Yusifqızının filmlərdə əsasən də baş və aparıcı rolları səsləndirməsi heç də təsadüfi deyildi. Personajların fərdi xüsusiyyətlərini dərindən duyan,  cərəyan edən hadisələrdəki mövqelərini, münasibətlərini aydınlıqla çatdıran aktrisanın səsləndirdiyi ekran obrazları daha dolğun, canlı təsir bağışlayır, fikir və davranışları aydınlıqla şərh olunur. Məhz bu mənada müxtəlif xarakterlərin incəliklə çatdırılmasında, məqsəd və istəklərinin izahında aktrisanın müdrik səsinin rolu böyükdür, danılmazdır.

Səsləndirmə ekran obrazlarına ya uğur gətirə və yaxud peşəkar ifanı zəif təqdim edə bilər. Müxtəlif xarakterli personajların fərqli keyfiyyətlərini məntiqli səs intonasiyası ilə dəqiq çatdıran aktrisa yeri gələndə amiranə (Erika – Andrin İnqrid, “Bakıda küləklər əsir”), bəzən nəzakətli (Banuçiçək – Leyla Şıxlinskaya, “Dədə Qorqud”, Hicran – Xuraman Qasımova – “Həyat bizi sınayır”), bəzən romantik (Səidə – Ariadna Şengelaya, “Ən vacib müsahibə”), bəzən hikkəli (Ədilə – Gülşən Qurbanova, “Bayquş gələndə”, Sayalı – Liya Eliava, “Tütək səsi”), bəzən müdrik (Rəna – Natella Adıgözəlova, “Bir cənub şəhərində”, Afaq – Həmidə Ömərova, “Nizami”), bəzən də sakit təbiətli (Mədinə – Larisa Xələfova, “Təhminə”) personajların fərdi cəhətlərini, davranışlarını, münasibətlərini məlahətli, yumşaq, məxməri səsi ilə daha emosional çatdırmaqla, incəliklə cilalamaqla obrazların fərdi cəhətlərini bizlərə daha yaxından tanıdıb, personajlara qarşı dəqiq münasibət (sevgi, nifrət, rəğbət və s.) yaradıb. Bir sözlə, sənətsevərlərin böyük rəğbətini qazanan Əminə Yusifqızının səsi ilə yenidən nəfəs verdiyi, canlandırdığı ekran obrazları, dublyaj yaradıcılığı özü bir məktəbdir, ana dilimizin təkmilləşməsində, təbliği və inkişafı istiqamətindəki xidmətləri əvəzsizdir.

Yaradıcılığında daim peşəkarlıq nümayiş etdirən, imza atdığı hər bir işində nailiyyət əldə edən Əminə xanıma bir daha cansağlığı, işlərində uğurlar  arzulayırıq.

Dövlət Film Fondu