Xalq artisti Şahmar Ələkbərovun 80 illik yubileyi təntənəli şəkildə qeyd olundu

Sentyabrın 23-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Kino Agentliyinin və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Xalq artisti Şahmar Ələkbərovun 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Əvvəlcə bir qrup kino xadimi və ailə üzvlərinin iştirakı ilə görkəmli sənətkarın məzarı ziyarət olunub, üzərinə əklillər düzülüb.

Nizami Kino Mərkəzində keçirilən yubiley gecəsini giriş sözü ilə açan Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin müraciəti ilə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Cəmil Quliyev tədbirin təşkil olunmasında göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinə, şəxsən mədəniyyət naziri cənab Adil Kərimliyə, mədəniyyət nazirinin müavini Murad Hüseynova və müşaviri Orxan Fikrətoğluya təşəkkürünü bildirdi. Sonra görkəmli sənətkarı yad edən C.Quliyev həyatının ən çətin anlarında hər zaman Şahmar Ələkbərovun dəstəyini hiss etdiyini vurğuladı.

Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi Elxan Cəfərov Ş.Ələkbərovla bağlı uşaqlıq xatirələrini danışaraq bildirib ki, Xalq artistinin milli kinematoqrafiyamızın inkişafında müstəsna xidmətləri olub. Onun yaratdığı obrazlar xalqımız tərəfindən bu gün də sevilə-sevilə izlənilir.

Yubiley gecəsində çıxış edən Azərbaycanın Xalq artistləri Şəfiqə Məmmədova, Vaqif Mustafayev, Tariyel Qasımov, Əbdül Mahmudov, Həmidə Ömərova, Fəxrəddin Manafov, Əməkdar artist Loğman Kərimov və Əməkdar incəsənət xadimi Ayaz Salayev Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşüblər. Aktyorun ömür və sənət yolunun, yaradıcılığının maraqlı məqamlarından, Azərbaycan mədəniyyətində, kino sənəti tarixində yerindən, aktyorluq, rejissorluq fəaliyyətindən bəhs edilib, ömür yoluna bir daha nəzər salınıb. Bildirilib ki, Şahmar Ələkbərov aktyor və rejissor kimi hər zaman işinə məsuliyyətlə yanaşıb. O, vətənpərvərlik ruhu ilə yaşayan, milli kinomuza yeni nəfəs verən bir şəxs olub.

Çıxışlarda qeyd edilib ki, Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında milli-mənəvi dəyərlərimizin ən əhəmiyyətli nümunələri sırasında olan bir sıra filmlər var. Onun milli-mənəvi dəyərlərimizə söykənən bu filmləri Azərbaycan kinosunda qalıcı iz buraxıb.

Təntənəli yubiley mərasimində Şahmar Ələkbərovun səsinin müşayiəti ilə iştirak etdiyi filmlərdən kadrlar nümayiş olunub, ifa etdiyi poeziya nümunələri səsləndirilib. Xalq artisti Mənsum İbrahimovun və Əməkdar artist Ceyla Seyidovanın ifaları dinlənilib.