Kino hələ yarandığı ilk vaxtlarından musiqiyə ehtiyac duyub. İlkin mərhələdə ekran hadisələrini müşayiət edən tapyorları sonralar kino musiqiləri əvəz etdi. Ekran hadisələrinin emosionallığını, baxımlılığını artıran musiqilər kinonun ayrılmaz növünə çevrildi, inkişafına təkan verdi, baxımlılığını artırdı. Kino bəstəkarlarının orijinal əsərləri kinonun uğuruna uğur qatdı.
Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli bəstəkar Xəyyam Mirzəzadənin orijinal, koloritli kino musiqiləri də milli kinomuzun inkişafına, şöhrətlənməsinə səbəb oldu. Ustad sənətkarın anadan olmasının 88-ci ildönümündə kino yaradıcılığına qısa nəzər salırıq.
XX əsrin birinci yarısından etibarən musiqi dünyasına qədəm qoyan, istər simfonik, istər kamera orkestri üçün yazdığı əsərləri, istərsə də digər musiqiləri ilə tanınan, sevilən Xəyyam Mirzəzadənin kino bəstələri, kompozisiyaları ona xüsusi şöhrət qazandırdı.
Əsrarəngiz musiqiləri ilə ekran kompozisiyasını zənginləşdirən, hadisələrin emosional təsir gücünü artıran, kadrların təsvir həllini təmin edən bəstəkarın ecazkar əsərlərinin müşayiətində cərəyan edən ekran hadisələri məzmun tamlığına, baxımlılığına görə bu gün də maraqla izlənilir.
Rəngarəng musiqiləri ilə Azərbaycan musiqi irsini, mədəniyyətini təbliğ etməklə yanaşı, kinomuza böyük dəstək olan Xəyyam Mirzəzadə əsasən kinodramlara musiqi yazıb, ekran əsərlərinin ideyasını musiqi dili ilə çatdırmağa müvəffəq olub.
40-a yaxın filmə, o cümlədən 21 bədii (“Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Dənizə çıxmaq qorxuludur”, “Güllələnmə təxirə salınır”, “İlıq dənizdə buz parçası”, “O dünyadan salam”, “Yeddi oğul istərəm” və s.), 16 sənədli (“Abidələr danışır”, “Bakı eyvanları”, “Mikayıl Abdullayev” və s.), 3 animasiya (“Daş”, “Günlərin bir günü”, “Meşəyə insan gəlir”) yazdığı musiqi lövhələrini xatırlamaq kifayət edir ki, bəstəkarın sənət qüdrətinə heyran qalasan.
Sözügedən filmlər və yaxud digər ekran əsərlərindəki musiqi parçaları, melodiyalar bəstəkarın yaradıcılığında kino musiqisinin əsas yer tutduğunu sübut edir. Bəstəkarın bənzərsiz kino musiqilərində mövzuya uyğun olaraq vətənə, xalqa, insanlara hörmət, sevgi və digər yüksək mənəvi dəyərlər, insani keyfiyyətlər tərənnüm olunur.
Xəyyam Mirzəzadənin kino musiqiləri personajların, hadisələrin zaman və məkan xüsusiyyətlərini səciyyələndirir, epizoda, eləcə də filmə emosional çalar verir. Təsvir olunan materiala dəqiq münasibət yaradır, filmin ideya məzmununun tam olaraq qavranılmasına səbəb olur. Azərbaycan kino tarixində uğurlu ekran taleyini yaşayan “Yeddi oğul istərəm, “Arxadan vurulan zərbə”, “Bizim küçə”, “Bakıda küləklər əsir” və digər filmlərin sözsüz melodiyaları, lirik-poetik musiqiləri qəlblərdə iz salıb.
Müxtəlif janra müvafiq musiqilər dövrlərin mühitini, ictimai, iqtisadi, siyasi hadisələrin axınını aramla müşayiət edir, filmin məqsəd və mətləbini çatdırır. Qəhrəmanların xarakterləri, daxili aləmləri incəliklə, həssaslıqla cilalanır, bədii əsərlərin məzmunu dəqiqliklə şərh edilir.
Xəyyam Mirzəzadə kino yaradıcılığında mahnı janrına az müraciət edib. “Bakıda küləklər əsir” filminin final səhnəsində baş qəhrəman Azadın şücaətini təqdir, rolun nümunəvi həyat mövqeyini tərənnüm edən, insanlarda vətənpərvərlik hissinin oyanmasında böyük rol oynayan, vətən anlayışının böyüklüyünü, vətəndaş borcunun qaçılmazlığını ifadə edən mahnını xatırlamaq kifayət edir ki, bəstəkarın filmin ideyasını tamamlayan fikir tamlığına, kadrları duyma bacarığına heyran olasan.
Təbii ki, kino musiqisi yazmaq olduqca çətindir və kino bəstəkarı olmaq üçün musiqidə peşəkarlıq şərtdir. Əsərin ideyasını emosionallıqla auditoriyaya çatdıran, mətnə tabe edilən musiqilər kadrların məzmununu, hadisələrin məntiqini izah edir, tamaşaçı qəlbinə yol tapır, zövqünü (yüksək şəkildə) formalaşdırır. Bu isə düşündürücü, müdrik melodiyaların təsiri ilə tamaşaçını ikiqat maarifləndirmək, müdhiş sənət incilərinin nurundan insanların həyatına işıq saçmaq, ətrafı gözəlləşdirmək, mənəvi yüksəlişin, inkişafın istiqamətini göstərmək, humanistliyin, insanpərvərliyin mayakına çevrilmək deməkdir.
Xəyyam Mirzəzadənin orijinal kino musiqiləri kadrların quruluşunu ardıcıllıqla təsdiqləyir, insan ruhunun dərinliyinə sirayət edir, hadisələrin inandırıcılığına zəmin yaradır. Hadisə və xarakterləri emosionallıqla, həssaslıqla müşayiət etməklə musiqinin tərkibində alternativ bir süjet təqdim edir.
“Arxadan vurulan zərbə” filminə istinad edək. Filmin əvvəlində səslənən musiqilər ekran hadisələri haqqında anons verir. Qatarın gəlişini müşayiət edən melodiyalar tamaşaçını hadisələrdəki ziddiyyətləri çözəcək sərnişinin gəlişinə, ağır cinayət işi üzərində aparılacaq istintaq prosesinin gərginliyini izləməyə hazırlayır. Kriminal hadisələrin sirli məqamlarını maraqla gözləməyə, ekrana diqqət kəsilməyə vadar edir. Məsələn, Gündüz Kərimbəyli ilə İmaşın dialoqunu müşayiət edən lirik musiqi, ilk görünüşdə insanlarda xof yaradan, özündən tez çıxan, əslində isə müəyyən səhvlərinə görə əzab çəkən İmaşın rəzil həyat tərzinin şərhini verir. İmaşla tanışlığı ərəfəsində xarakterinin cılızlığını söyləyən, onu yaşına və şəxsiyyətinə hörmət etməyə çağıran Kərimbəylinin müdrikliyini, qorxmazlığını xarakterizə edir.
“Bizim küçə” filminin başlanğıcında səslənən, musiqi parçalarının mövzuyla uyğunlaşdırılması isə çətinliklərlə yanaşı, əldə edilən gözəl həyatın müjdəçisi mövqeyindədir.
“Güllələnmə təxirə salınır” filminin gərginliklə dolu hadisələrini müşayiət edən kədərli, lirik musiqi parçaları ağır mühitdə yaşayan insanların qaçılması mümkün olmayan çarəsiz, ağrılı, çətin günlərinə ağı deyir. Bu və ya digər filmlərdəki hadisələri təhlil edən musiqilər ekran qəhrəmanlarının həyat hekayəsinin nəqlinin emosionallığını artırır, mövzunu şərh edir, personajların tale yükündən danışır, mövzunun mahiyyəti, səbəb və nəticəsi haqqında düşünməyə vadar edir. Müxtəlif dövr insanlarının düşüncə, davranış, əxlaq kodeksi bəstəkarın həssas, emosional musiqi ladlarının müşayiətində təhlil edilir, kamil, cahil xarakterlərin mündəricəsi ürək yanğısı və məsuliyyətlə cəmiyyətin mühakiməsinə verilir.
Qəlbəyatımlı, dolğun musiqiləri ilə milyonlara yüksək estetik zövq, gözəllik bəxş edən Xəyyam Mirzəzadənin ziyasından, zəkasından mayalanan əsrarəngiz kino musiqiləri şəxsiyyətini hər zaman hörmətlə xatırladır, qəlblərdə, düşüncələrdə ucaldır, yaşadır.
Dövlət Film Fondu