Bəstəkar Emin Sabitoğlunun doğum günüdür

Kinonu musiqisiz təsəvvür etmək çətindir. Filmlərə yazılan melodiyalar  ekran hadisələrinin məzmununu, dövrün ab-havasını tamaşaçıya aydın çatdırır,  ekran personajlarının daxili aləmini, xarakter və düşüncələrini, psixologiyalarını emosionallıqla şərh edir. Məhz bu mənada filmlərin uğur qazanmasında, sevilməsində, baxılmasında kino bəstəkarlarının əməyi böyükdür.

Görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Emin Sabitoğlunun filmlərə yazdığı musiqilər də Azərbaycan kinosunun inkişafında əhəmiyyətli rol oynayıb, ekran əsərlərinin məna dəyərinin artmasına, məzmununun açılmasına, hadisələrin dəqiq şərhinə imkan yaradıb.

İstedad alın yazısıdır. Onu zamanında doğru səmtə istiqamətləndirmək xoşbəxtliyin, uğurun başlanğıcıdır. Azərbaycanın məşhur komedioqrafı, yazıçı, dramaturq Sabit Rəhmanın ailəsində dünyaya gələn (02.11.1937) gələcəyin  məşhur bəstəkarı Emin Sabitoğlu da hələ kiçik yaşlarından musiqiyə həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Daha sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. Oranı bitirdikdən sonra 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru işləyib.

Musiqinin müxtəlif janrlarında yazıb-yaradan bəstəkarın yaradıcılıq imkanları çoxşaxəlidir. Könül oxşayan musiqiləri, xalqımızın mədəni irsinə çevrilən, milli ruhumuzu tərənnüm edən mahnıları bu gün də dillər əzbəridir. Yaradıcılığında xüsusi yer tutan, uzun illərdir müstəqil həyatını yaşayan bənzərsiz, yaddaqalan kino musiqiləri, mahnıları da nəsillərin sevərək zümzümə etdiyi, dinlədiyi ölməz musiqi əsərləridir.

Emin Sabitoğlu kino musiqisinə hələ tələbəlik illərindən maraq göstərib. 40-dan artıq bədii və sənədli filmə musiqi yazıb.  Kino yaradıcılığı “Dağlarda zavod” (1962) sənədli filmi ilə başlayıb. Bundan sonra “Kür”, “Yollar və küçələrlə”, “Sabahın xeyir, Bakı!”, “Dəniz” və s. sənədli filmlərə musiqi bəstələyib.

Bəstəkarın sənədli kino üçün yazdığı musiqiləri dinlədikcə mövzunun mahiyyətini yaradıcılığında incəliklə şərh edən, cilalayan bəstəkarın istedadının böyüklüyünü bir daha görürük, şahidi oluruq. Ekran təsvirlərinin məna çalarını  əsrarəngiz musiqi parçaları ilə açan bəstəkar sonralar sənədli kino sahəsində  böyük uğur əldə etdi. “Azərbaycan çayı”, “Çiçək yağışı” sənədli filmlərinə bəstələdiyi musiqilər, mahnılar tamaşaçıların sevərək oxuduğu, müğənnilərin repertuarından düşməyən nəğmələrə çevrildi.

Emin Sabitoğlunun bədii kinoda ilk işi “Cazibə qüvvəsi” (1964) kinoalmanaxındakı “Dağ meşəsindən keçərkən” novellasıdır. Bunun ardınca o, “Poçt qutusu”, “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Atları yəhərləyin”, “Bəyin oğurlanması”, “Yaramaz”, “Ölsəm…bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və başqa bədii filmlərə musiqilər, mahnılar bəstələyib.

Emin müəllim müsahibələrinin birində musiqili filmlərdən söhbət açaraq qeyd edir: “Mahnı yazan bəstəkar olduğum üçün 20-dən artıq bədii filmə musiqi yazmışam. Musiqili bədii filmlər bunların arasında çox az olub”.

70-80-ci illər Emin Sabitoğlu yaradıcılığının yüksəliş, təkamül dövrüdür. Müxtəlif kinorejissorlarla uğurlu yaradıcılıq tandemi olan bəstəkarın zəngin təcrübəsindən daha çox görkəmli kinorejissor Rasim Ocaqov bəhrələndi. Bəstəkarın qiymətli musiqi xəzinəsini ekran hadisələri ilə üzvi surətdə birləşdirərək ibrət nümunəsinə, dillər əzbərinə, qiymətli materiala çevirdi, sənətkarlıq hünərini ekran hadisələri fonunda dönə-dönə təsdiqlədi.

Rejissorun quruluş verdiyi “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Özgə ömür”, “Ölsəm… bağışla”, “Qətldən yeddi gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və digər filmlərə bəstələnən musiqilər və mahnılar tamaşaçılar tərəfindən maraqla, rəğbətlə qarşılandı, filmlərin uğuruna uğur qatdı.

“Atları yəhərləyin” tarixi-macəra filminə yazılan musiqilər bəstəkarın yaradıcılığında xüsusi yer tutur. Tarixi hadisələrin məzmun dərinliyini çatdıran, hadisələrin dramatizminin dərinliyinə varmağımıza vadar edən, obrazların düşüncə və psixologiyasını emosionallıqla incələyən, həssas, incə nüanslara toxunan təsirli  musiqilər obrazların həyat mövqeyini bəyan etməklə yanaşı, ümumi süjet xətti üzərində inkişaf edir, filmin leytmotivini əks etdirir. Heç də təsadüfi deyil ki, 1986-cı ildə filmin yaradıcı qrupu və Emin Sabitoğlu Azərbaycan Dövlət mükafatına layiq görüldü.

Hər hansı bir dövrün sosial həyatını, ictimai məzmununu müdrik melodiyaları ilə şərh edən, obrazların xarakter və düşüncəsini qəlbəyatımlı musiqiləri fonunda kəşf etməyimizə zəmin yaradan, ekran əsərləri və qəhrəmanları haqqında düşünməyimizə səbəb olan bəstəkarın əsrarəngiz kino musiqiləri haqqında uzun-uzadı danışmaq mümkündür. Ən əsası odur ki, Emin müəllimin istər tarixi, istərsə də müasir mövzulu filmlərə yazdığı musiqilərin ümumi fonunda nikbin əhval-ruhiyyə, xoş ovqat durur. Bu isə bəstəkarın dünyagörüşünün zənginliyi, həyat bilgisinin dərinliyi, insanlara olan nəsihəti, sevgisinin böyüklüyüdür ki, filmlərdən düşüncələrə, qəlblərə süzülür.

Dövlət Film Fondu