Həsən Məmmədov – 85

Əsl yaradıcılıq orijinal təqdimat, fərdilik tələb edir. Xalq artisti, Dövlət mükafatı laureatı Həsən Məmmədov da, yüksək sənətkarlıq keyfiyyəti ilə canlandırdığı ekran obrazlarını bənzərsiz ifada, məzmunlu çalarlarla təqdim edib. Bu gün də maraqla baxılan ekran personajları aktyorun əziz xatirəsini dərin ehtiramla yad etməyimizə, xatırlamağımıza imkan yaradır.

Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda dünyaya göz açıb. Burada 2 saylı orta məktəbi bitirib (1956). Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda oxuyarkən buraya aid olmadığını, səhnəsiz, sənətsiz yaşaya bilmədiyini anlayıb. Aktyor olmaq məqsədi ilə də universitetdən çıxıb, bir müddət müxtəlif teatrların yardım heyətində aktyor kimi çıxış edib.

Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunan gənc sənətsevər burada məşhur teatr rejissoru Mehdi Məmmədovun kursunda təhsil alıb (1962). Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960–1961) işləyib. 1961-ci ildən etibarən filmlərə dəvət almağa başlayıb.

Təyinatı Akademik Milli Dram Teatrına göndərilən gənc aktyor burada yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan müxtəlif tamaşalarda fərqli xarakterli obrazlar oynayıb. Teatr fəaliyyəti ilə paralel olaraq filmlərə çəkilib. Film çəkilişləri ilə əlaqədar olaraq teatrda fasilələrlə çalışmalı olub. Ona daha çox məşhurluğu kino obrazları bəxş edib.

Həsən Məmmədovun kinoda debüt rolu “Böyük dayaq” filmindəki Qaraş obrazıdır. Görkəmli kinorejissor Həbib İsmayılov filmə quruluş verərkən gənc teatr aktyorunu baş rollardan birinə dəvət etməkdə heç də yanılmamışdı. Sənətə böyük sevgi ilə yanaşan Həsən Məmmədov da ona verilən şansdan məharətlə istifadə etdi, rolunu özünəməxsus tərz və üslubda yaddaşlara yazdı. Aktyorun səmimi təqdimatında rolun fərdi cəhətləri dolğun, inandırıcı şərh olundu, filmin ideya xətti tamlıqla açıldı, yaradıcı heyətin məqsədi, məramı dəqiqliklə təsdiqləndi.

Aktyora böyük şöhrət gətirən ilk rolun uğurundan sonra o, bir-birindən məzmunlu filmlərə dəvət aldı, görkəmli rejissorların filmlərində çəkildi. Az müddət ərzində geniş tamaşaçı auditoriyasının sevgisini, rəğbətini qazandı, “Azərbaycanfilm” kinostudiyasının, ümumilikdə Azərbaycan kinosunun simasına çevrildi.

Romantik-realist aktyor məktəbinin davamçısı olan aktyor kino rejissorlarının uğur talismanına çevrilmişdi desək, yanılmarıq. Hər bir mövzunun dərinliyinə varan, ona həvalə olunan personajların daxili aləminin, hiss və duyğularının dərinliklərinə sirayət edən aktyor, fərdi yaradıcılığında təbii tərz, fərqli xarakter nümayiş etdirirdi. Bu da onun rollarını tamamilə özününküləşdirməsindən, həyat mövqeyini, istək və məqsədini aydınlıqla başa düşməsindən, vəziyyətə uyğun olaraq real təqdim etməsindən irəli gəlirdi.

Kinorejissor Arif Babayevin quruluş verdiyi “Zirvə” (1964) novellasındakı Kamil obrazı Həsən Məmmədovun gənc yaşlarından kinonun sevdiyi sima, xarakterlər ustası olduğunu təsdiqlədiyi rollardan biridir. Kamil bir qrup alpinistlə qarlı dağa çıxır. O, birinciliyi qazanmağa iddialıdır. Bu yolda qarşısında müəyyən çətinliklər çıxsa da, o, öz məqsədinə nail olur, qorxmadığını sübut edir.

Həsən Məmmədov xarakterlər ustası idi. Buna görə də, ardıcıl olaraq ona həvalə olunan fərqli kino obrazlarını olduqca inandırıcı, təbii yaradırdı. Yaradıcılıq qismətinə əsasən dramatik obrazlar düşən aktyor, rolların öhdəsindən bacarıqla gəlir, obrazların universal ifadəçisi olaraq xarakter fərqliliyi nümayiş etdirirdi. Aktyorun yaddaqalımlı ekran rollarından Oqtay (“Gün keçdi”), Qəmərlinski (“Arxadan vurulan zərbə”), Nəriman (“Bizi bağışlayın”), Baba Əliyev (“Birisigün gecəyarısı”), Murad (“İstintaq”), Dədə Qorqud (“Dədə Qorqud”), Abbasqulu ağa Şadlinski (“Axırıncı aşırım”), Balaş (“Sevil”), Bəxtiyar (“Yeddi oğul istərəm”), Murad (“Bir cənub şəhərində”), Fərman (“Qızıl qaz”), general (“İşarəni dənizdən gözləyin”), Əlibala (“Səmt küləyi”), Əzimov (“İstintaq davam edir”), polkovnik (“Şahid qız”),  Məmmədhəsən əmi (“Qəm pəncərəsi”), Mirzə Səfər (“Evlənmək istəyirəm”), Əlimurad (“Həm ziyarət, həm ticarət”) və digər rolları müxtəlif dövr müasirlərinin həyat tərzini, hadisələrə münasibətini, düşüncə və psixologiyasını şərh edir.

Rollarının təfsirində müxtəlif həyat hekayələrinin təhlilini verən aktyor  fərqli dövrlərin müasirləri, onların həyat tərzi, mühiti haqqında tam məlumat almağımıza imkan yaradır, bununla da kinonun son dərəcədə əhəmiyyətli tərəflərini təsdiqləyirdi.

Dramatik situasiyalar içində çırpınan, daxili sarsıntılar keçirən obrazların mənəvi  sıxıntıları, əzabları, çarəsizliyi Həsən Məmmədovun fərqli mizanlarında tətbiq olunur, ustalıqla qınaq, tənqid hədəfinə çevrilirdi. Aktyorun “Qəm pəncərəsi” filmində oynadığı Məmmədhəsən əmi, “Yeddi oğul istərəm” tarixi-inqilabi filmində yaratdığı Bəxtiyar, “İşarəni dənizdən gözləyin” filmindəki general, “Evlənmək istəyirəm” kinokomediyasında canlandırdığı Mirzə Səfər və digər obrazları yaxın keçmişin faciəli, ağrılı, kədərli mühiti, mürəkkəb xarakterli, qəliz düşüncəli insanları haqqında dolğun, ətraflı məlumatlanmağımıza, müxtəlif dövrlər haqqında dolğun təəssürata malik olmağımıza zəmin yaradır. Bu da aktyorun hər bir roluna müəllif mövqeyindən yanaşması, məsləyini vacib sənət növü olaraq təqdimetmə istəyi, bacarığından irəli gəlirdi.

Həsən Məmmədovun dillər əzbəri olan, adı çəkiləndə göz önündə canlanan məşhur kino obrazları (Dədə Qorqud, Əsgər, Murad, Abbasqulu bəy, Bahadur, Qurban və s.) haqqında çox danışmaq olar. Ən əsası odur ki, teatrın, kinonun insan şüurunun inkişafına xidmət etdiyini hər bir obrazında təsdiqləyən aktyorun xatirəsi qəlbimizin dərinliyində həmişə əzizdir, adı kino salnaməmizin qızıl səhifəsində əbədidir.

Dövlət Film Fondu