Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Ramiz Məlik vəfat etmişdir.
Ramiz Ağarza oğlu Məlikov (Məlik) 4 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Milli səhnə sənətimizin korifeyləri Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb.
1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. O, aktyorluq etməklə yanaşı, Leonard Frankin “Yad adam, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. O teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Marsel (“Hamlet”, U. Şekspir), Aqşin, Barat, Haris (“Od gəlini”, “Almaz”, “Ulduz yaxud Ədirnə fəthi”, C. Cabbarlı), leytenant, Mayis (“Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, İ. Əfəndiyev), Valter (“Yad adam”, L. Frank), Arif (“İblis”, H.Cavid), Jan (“Dəfn edilməmiş ölülər”, J.P.Sartr), Toğrul (“Atabəylər”, N. Həsənzadə), Antoni (“Kölgələrin oyunu”, Y.Edlis), Katib (“Gecə döyülən qapılar”, N.Xəzri), Dulu Xaqan (“Özümüzü kəsən qılınc”, B. Vahabzadə), Vilyams (“Kəllə”, N.Hikmət), Qaçaq Süleyman (“Ölüləri qəbiristanlıqda basdırın”, İ.Şıxlı), Mayor Metkaf (“Tələ”, A.Kristi) və s.
Ramiz Məlik Azərbaycan kinosunda “Qanun naminə”, “Bir cənub şəhərində”, “Yeddi oğul istərəm”, “O qızı tapın”, “Ən vacib müsahibə”, “Nəsimi”, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Ad günü”, “Babək”, “Bircəciyim”, “Qəm pəncərəsi”, “Yaramaz”, “Qəzəlxan”, “Məhkumlar”, “Günaydın, mələyim”, “İstanbul reysi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının “Şərqin şəhəri” (Bəhruz), Əlibala Hacızadənin “İnanmırsansa…” (Adil), Nəriman Həsənzadənin “Kimin sualı var?” (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.
1984-ci ildə Ramiz Məlik Respublika Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1998-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub.
Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Prezident təqaüdçüsü olmuşdur.
14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Allah rəhmət eləsin!