Azərbaycan kinosunda koloritli rolları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan, özünəməxsus ştrixlərlə təqdim etdiyi bəzən komik, bəzən dramatik rollarını filmlərin aparıcı qüvvəsinə çevirən, baxımlılığını artıran Xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi kinosevərlər üçün həmişə əzizdir.
1950-ci il dekabrın 26-da Bakıda dünyaya göz açan gələcəyin məşhur aktrisası sənətə hələ kiçik yaşlarından meyil göstərib. Sevib-seçdiyi məsləyinə ömrü boyu sadiq qalıb, keşiyində durub.
Gələcəkdə kino aktrisası kimi məşhurlaşacağı bəlkə də, Nuriyyə xanımın heç ağlına da gəlməzdi. Ədəbiyyatı, musiqini daha çox sevən gənc qız orta məktəbi bitirdikdən sonra sənədlərini Asəf Zeynallı adına Musiqi Texnikumuna verir. Lakin 18 yaşına çatmadığına görə qəbul etmirlər. Bir gün bəstəkar Tofiq Bakıxanovla qarşılaşması onun Musiqili Komediya Teatrına gəlməsinə imkan yaradır. 1968-ci ildən başlayaraq, bu teatrda çalışan, 10 il görkəmli sənətkarlardan Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Ofeliya Aslan və başqalarından sənət bilgisi əldə edən aktrisa qısa müddət ərzində müxtəlif xarakterli, yaddaqalan obrazları ilə həmkarlarının və tamaşaçıların rəğbətini qazanır. Əldə etdiyi nailiyyətlərin davamlı olması arzusu ilə də 1970-ci ildə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna verir, institutun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Görkəmli rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alır. 1975-ci ildə ailə quran aktrisa həm ailəsinin yükünü çəkir, övladlarını böyüdür, həm də institutun Tədris teatrında çalışır.
Tədricən forma və məzmun baxımından fərqli rollarda çıxış edən Nuriyyə xanımın səhnədəki maraqlı mizanları, yaddaqalan jestləri kinorejissorların da diqqətini çəkir, çox keçmir ki, televiziya tamaşalarına, filmlərə dəvət alır. Xalq artisti, tanınmış televiziya, kino rejissoru Ramiz Həsənoğlunun aktrisa ilə bağlı xatirələrindən: “Nuriyyə Əhmədova ilə ilk tanışlığım Tədris teatrında olmuşdu. O vaxt teatra Vaqif İbrahimoğlu rəhbərlik edirdi. Nuriyyə xanım müxtəlif tamaşalarda oynayırdı. Onun üstün cəhəti onda idi ki, rol oynayanda əslində heç nə oynamırdı. Obrazı öz daxili aləmindən keçirirdi, ona xas olan halları obraza gətirirdi. Bununla da personaj yaranır, inandırıcı alınırdı. Onunla işləməyim yaxşı yadımdadır. Düşünürəm ki, hər bir rejissorun uğurunun səbəblərindən biri də düzgün aktyor, aktrisa seçimi etməkdir. Çox məmnunam ki, Nuriyyə xanım mənim çəkdiyim bir neçə film və tamaşada rol alıb. Mən həmişə onu çox böyük hörmət hissi ilə xatırlayıram”.
Nuriyyə Əhmədovanın yaradıcılıq filmoqrafiyasında 80-dən artıq film var. Aktrisa bədii kino ilə paralel olaraq televiziya tamaşalarında və “Mozalan” satirik kinojurnalında maraqlı obrazlar yaradıb. Ekran hadisələrinin ideya məzmununu, müəlliflərin məqsədlərini dəqiqliklə çatdırmağa nail olub.
1974-cü ildə “Qeyri-adi ov” filmində debüt rolunu (tələbə qız) oynayan aktrisa 1983-cü ildən (“Evlənmək istəyirəm”də qulluqçu) etibarən ardıcıl olaraq bədii kinoda çəkilməyə başlayıb. “Bağ mövsümü” filmində Xeyransa, “Yaramaz”da Zöhrə, “Sahilsiz gecə”də Roza, “Qəzəlxan”da Əzizə, “Bəxt üzüyü”ndə Məsmə, “Köpək” psixoloji dramında ana, “Həm ziyarət, həm ticarət”də Nuriyyə, “Fransız”da Zöhrə, “Yuxu” filmində Səriyyə, “Yoxlama”da Həlimə və digər ekran əsərlərində irili-xırdalı orijinal rollar yaradıb.
“Yumor zarafat arxasında gizlənən ciddilikdir”, – deyirlər. Aktrisanın televiziya tamaşalarında yaratdığı obrazların (“Bala-başa bəla”da Zəhra, “Yaşıl eynəkli adam”da falçı yanına gedən qadın və s.) və ekran personajlarının (“Bəxt üzüyü”ndə Məsmə, “Yuxu”da Səriyyə və s.) ironik replikaları gülüş fonunda avamlığı, yalanı, xəbisliyi və digər mənfi xüsusiyyətləri tənqid edir. Komik situasiyaları doğuran səbəbləri qınamağımıza imkan yaradan obrazların şərhi, nəticə etibarilə əsərin ideyasını anlamağa, nəticə çıxarmağa kömək edir.
Çətin və məsuliyyətli peşəsinin öhdəsindən bacarıqla gələn, sənətsevərlərin sevgisini qazanan Nuriyyə Əhmədovanın məharətlə təqdim etdiyi rolları xatirəsini daim əziz tutmağımıza, hörmətlə yad etməyimizə imkan yaradır.
Dövlət Film Fondu