Səfurə İbrahimova – 85

Azərbaycan kinosunun sevilən simalarından olan Xalq artisti, istedadlı teatr, kino aktrisası Səfurə İbrahimovanın 85 illik (27.12.1938) yubileyidir. Səfurə xanımın doğum tarixini artıq 3 ildir ki, onsuz qeyd edirik (21.12.2020). Sənəti varlığını, şəxsiyyətini minnətdarlıq hissi ilə xatırladan unudulmaz aktrisamızın əziz xatirəsini böyük ehtiram və dərin hörmətlə anırıq.

1938-ci ildə dünyaya göz açan Səfurə İbrahimova Bakıdakı 14 saylı orta məktəbi bitirib (1955). Bir müddət (1955-1960) “Stalinneft”də, həmçinin 44 saylı orta məktəbdə işləyib, paralel olaraq dram dərnəyinə gedib. Sənətə olan böyük sevgisinə görə aktrisa olmağa, teatrda işləməyə qərar verib. Bu niyyətlə də, Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1960-1964), professor Rza Təhmasibin kursunu bitirib.

İlk günlərdən sənət müəllimlərinin diqqətini cəlb edən gənc aktrisa birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrına dəvət alıb. İlk dəfə İslam Səfərlinin “Ana ürəyi” tamaşasında Xatirə rolunu oynayıb. Teatrda Xalq artistləri Hökümə Qurbanova, Sofa Bəsirzadə, Leyla Bədirbəyli və digər səhnə ustaları ilə tərəfmüqabili olub. Görkəmli sənətkarlarla çiyin-çiyinə çalışıb, sənət təcrübəsini artırıb. İnstitutu bitirdikdən sonra teatrda ştata götürülüb, xarici və yerli dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif xarakterli rollar canlandırıb.

Səfurə xanımın teatrdakı peşəkar fəaliyyəti kino rejissorlarının diqqətindən yayınmayıb. Mənbələrin birində Səfurə xanımın kinoya gəlişi haqqındakı fikirləri diqqətimizi çəkir: “Hələ orta məktəbdə oxuyarkən məni kinoya dəvət ediblər. Yadımdadır, o vaxt sinfimizə gəlib kinoya çəkmək üçün qız uşağı axtardıqlarını dedilər. Gələnlərdən bir nəfər qadın sinfimizə göz gəzdirəndən sonra müəllimimdən mənim üçün icazə istədi… Beləliklə, ilk dəfə rejissor Zeynəb Kazımovanın “Həyat öyrədir” filmində Leyla roluna çəkildim.  Film 1961-ci ildə ekranlara çıxdı”.

Sözügedən filmdəki uğurlu təqdimata, teatrdakı nailiyyətlərinə görə görkəmli kinorejissor Əlisəttar Atakişiyev Səfurə xanımı “Bizim küçə” (1961) filmində Asya roluna dəvət edir. Kiçikplanlı rol çərçivəsində obrazın, tərəf-müqabillərinin hadisələrə müdaxiləsini təmin, mövzunun mahiyyətini təlqin edən personaj hadisələrin axıcılığına təsir edir. Aqressiv xarakteri, ətrafında yaratdığı gərginliklərin fonunda digər prototiplərin müsbət xarakterinin qabarıq təcəssümünə nail olur. Bu isə yaradıcılıq texnikasının fərdi üslubu, sənət biliciliyinin göstəricisi kimi qəbul edilir.

Səfurə xanımın bəxti onda gətirir ki, kinoya gəldiyi ilk vaxtlardan görkəmli kinorejissorların (Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Seyidbəyli, Arif Babayev, Rasim Ocaqov və s.) filmlərinə dəvət alır. Aktrisaya növbəti yaradıcılıq uğurunu “Arşın mal alan”  (1965) kinokomediyasında oynadığı qulluqçu Telli obrazı gətirir. Məşhur filmin təkrar (üçüncü variantda) ekranlaşdırılması böyük cəsarət tələb etsə də, görkəmli kinorejissor Tofiq Tağızadə fərqli quruluşda və aktyorların peşəkar təqdimatında musiqili komediyanı bir daha sevdirməyə, əsərə uğurlu ekran taleyi bəxş etməyə nail olur.

Soltan bəyin ailəsində qulluqçu işləyən Telli özündən çox ailədəki (Gülçöhrə, Asya) qızların xoşbəxt olmalarını arzulayır. Personajın nikbin cəhətləri (janrın təbiətinə, əsərin məzmununa uyğun olan), xoş rəftarı hər bir sinfə mənsub olan insanların (rəiyyət- mülkədar münasibətinin) yalnız qarşılıqlı anlaşması, bir-birinə dəstəyi sayəsində xoşbəxt yaşaya biləcəyi fikrini aşılayır. Rolun baməzə, koloritli təqdimatı əsərin məzmununun bilavasitə (komik) çatdırılmasına təsir göstərir, Tellinin səciyyəvi cəhətləri, danışıq və jestləri digər personajların (Soltan bəy, Vəli) fərdi cəhətlərini də tanımağımıza imkan yaradır. Bu fikri aktrisanın “Dərviş Parisi partladır” filmində oynadığı qulluqçu Gülpəri roluna da şamil etmək olar. Filmin uğurunda yaradıcı heyətin digər üzvləri ilə yanaşı, Səfurə İbrahimovanın da rolu böyükdür. Bu filmdən sonra aktrisa “Yun şal” bədii televiziya filmində Südabə, “O qızı tapın” detektiv filmində Xalidə, “Tütək səsi” müharibə dramında İsmət, “Əlavə iz”də Leyla, “İmtahan” kinodramında Dilarə, “Təxribat”da Aida, “Qətl günü” tarixi dramında Sədi Əfəndinin arvadı, “Hökm” döyüş-macəra filmində Suğra və digər rolları ustalıqla ifa edib.

Ümumiyyətlə, 1960-70-ci illərdə Səfurə xanım bir-birinin ardınca məzmunlu ekran əsərlərində rol alır. Bənzərsiz ekran personajları ilə yaradıcılıq uğuruna uğur qatır.

Görkəmli kinorejissor Həsən Seyidbəylinin “Bizim Cəbiş müəllim” (1969) filmində Nəcəfovun arvadı obrazı Səfurə xanımın kinoda baş və ikinci planlı rollara dəvət almasına imkan yaradır. Filmdə İkinci Dünya müharibəsində neft Bakısında yaşayan ailənin psixoloji, mənəvi durumu göstərilir, həmçinin ön cəbhədən həyat yoldaşının qara xəbərini alan obrazın təfsirində Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı, həmin illərdəki çətin güzəranı göz önündə canlanır. Amplua çərçivəsinin yoxluğunu kiçikplanlı rollarında  təsdiqləyən aktrisa kinorejissor Vladimir Qorikkerin ekranlaşdırdığı “Sevil” (1970) film-operasında da Dilbər rolunu böyük şövq və məharətlə oynayır.

“Qatır Məmməd” filmində köməkçi obrazlardan olan Həbibə rolu aktrisanın realist üslubda, fərqli çalarlarla canlandırdığı personajdır. Dövrünün ədalətsizliyinə qarşı çıxan Həbibə atasının qisasını almaq üçün Qatır Məmmədin dəstəsinə qoşulur. Onun  monoloqundakı haqsızlıqlara ünvanlanan tənqid və etiraz dövrünün acı həqiqətlərini aydınladır. Səlis diksiya, dolğun təqdimat sinfi mübarizənin fəsadlarını çatdırır, məzlumların bəlalar burulğanındakı faciəsini əks etdirir. Beləliklə də, kiçikplanlı rol ziddiyyətlərin açımasına, filmin ideya məzmunun çatdırılmasına kömək və xidmət edir.

“Alma almaya bənzər” musiqili kinokomediyasındakı Mədinə obrazı baməzə xarakteri çərçivəsində vəziyyət komediyasını yaradan personajdır. Obrazın təfsirində digər (Qurban, Həsən) personajların daxili məni, həyat mövqeyi bəlli olur, ifalar filmin ümumi ideyasının çatdırılmasına kömək edir.

“Qayınana” musiqili komediyasındakı Sədaqət obrazı da hadisələrin axıcılığına rəvac verir. Aktrisa forma və məzmun etibarı ilə müxtəlif janrlı filmlərdə oynadığı rolları vasitəsilə müxtəlif dövr hadisələrinə ustalıqla müdaxilə edir, münasibət bildirir, sənətini yüksək səviyyədə təqdim etməklə tamaşaçılara mənəvi qida, estetik zövq verir, həmçinin milli kinomuzun inkişafı istiqamətində mühüm rol oynayır.

Hər bir obrazı ilə tamaşaçıların qəlbində dərin iz salan, sənətsevərlərin yaddaşında əbədiləşən aktrisanın sənəti dövlət tərəfindən yüksək qiymətləndirib. Sənətdə göstərdiyi xidmətlərə görə 1974-cü ildə Əməkdar, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 1984-cü ildə Dövlət mükafatına layiq görülüb.

Dövlət Film Fondu