Ağazeynal Ələkbərov – 100

Kinooperator Ağazeynal Ələkbərovun 100 illik yubileyidir. Gənc yaşlarından Bakı kinostudiyasında çalışan Ağazeynal Ələkbərovun adı çəkiləndə ilk növbədə göz önündə İkinci Dünya müharibəsinə aid olan xronikalar canlanır. Çünki Ağazeynal Ələkbərov da bu kimi xronikaların yaradıcı olmuş, müharibə dəhşətlərini kameranın yaddaşına köçürdərək nəsillərə miras qoymuşdur.

Kinoya marağı olan Ağazeynal bir gün nəhayət ki, arzusuna qovuşur, bu nəhəng  yaradıcılıq məkanında çalışmaq ona da nəsib olur. Lakin təəssüflər olsun ki, yaradıcılıq qismətinə təlatümlər, çətinliklər içərisində işləmək, əsasən də müharibə xronikalarını çəkmək düşür.

Ağazeynal Ələkbərov 1923-cü il dekabrın 27-də Bakıda anadan olub. Atası Ələkbər kişi dövrünün tanınmış tacirlərindən imiş. Anası Şeyda xanım evdar qadın  olub, ailədə böyüyən dörd övladının (Şövkət, Rahilə, Mahmud, Ağa Zeynal) tərbiyəsi ilə məşğul olub. Ağazeynalın bacısı Şövkət xanım və qardaşı Mahmud Bakının müxtəlif rayonlarında prokuror vəzifəsində çalışıb. O isə kino işçisi olmağı qarşısına məqsəd qoyub, bu məqsədlə də kinostudiyaya üz tutub. Ağazeynal Ələkbərovun oğlu, Əməkdar rəssam Fikrət Ələkbərovun xatirələrindən: “Atamın kinoya gəlməsi heç də təsadüfi deyildi. Çünki həmin illərdə əmisi oğlu, görkəmli sənətkar Ələsgər Ələkbərov həm Akademik Dram Teatrının səhnəsində, həm də kinoda xeyli məşhurlaşmışdı. Bütün qohum-əqrəba hamı onunla qürur duyurdu. Ailədə olan mütəmadi sənət söhbətləri atamın hafizəsində dərin iz buraxıb. Buna görə də kinoda çalışacağına qərar verib. Kinostudiyaya da onu Ələsgər Ələkbərov gətirib, quraşdırma sexinə operator köməkçisi vəzifəsinə işə düzəldib. Beləliklə də, atam bir çox filmdə quraşdırma kadrlarının operatoru kimi çalışan peşəkar operator Mirzə Mustafayevin assistenti kimi çalışıb, ondan sənət sirlərini öyrənib”.

Ağazeynal Ələkbərov 1940-cı ildə Bakı kinostudiyasına gələndə hələ 18 yaşı yox idi. Bununla belə işinə həvəslə yanaşır, ona tapşırılan hər bir işin öhdəsindən bacarıqla gəlirdi. Kinostudiyadakı yaradıcı mühit Ağazeynalda bu sənətə qarşı daha da həvəs oyadır, işini püxtələşdirməyə can atırdı. Gənc kino işçisi burada peşə təcrübəsini artırır, böyük şövqlə görkəmli rejissorlarla çiyin-çiyinə işləyir, sənət təcrübəsini zənginləşdirirdi. Tale elə gətirir ki, Ağazeynal peşə təcrübəsini olduqca ağır şəraitdə, ön cəbhədə püxtələşdirməli olur. Belə ki, kinostudiyada ön cəbhəyə göndərilmək, müharibənin xronikasını yaratmaq üçün kino qruplar təşkil edilir. Həmin qrupların birinə o da təhkim olunur. Sovet ordusu ilə birgə əvvəlcə İrana göndərilir, sonra Tehran və Təbriz şəhərlərində çəkilişlər aparır. Bundan sonra cəbhə kinooperatoru kimi Kerç, Odessa, Sevastopol, Tuapse uğrunda aparılan ağır döyüşlərdə iştirak edir, dövrünün faciələrini lentlərin yaddaşına həkk edir, tarixin salnaməsini yaradır.

1941-ci ilin axırlarında Ali Baş Komandanlıq Kerç yarımadasını tutmaq və Krımın azad edilməsi üçün zəmin yaratmaq məqsədilə Zaqafqaziya cəbhəsinin 44-cü və 51-ci ordularının qüvvəsi ilə Feodosiya-Kerç desant əməliyyatına başlayanda Sevastopolun müdafiəçiləri sırasında cəbhə kinooperatorları, həmçinin Ağazeynal Ələkbərov da olub. Onlar Qara dəniz donanmasının gəmilərində çəkilişlər aparıblar.

Krımda Zaqafqaziya cəbhəsi hissələrinin fəaliyyətini lentə almaq üçün Bakı kinostudiyasının əməkdaşları ilə yanaşı, Tbilisi kinostudiyalarının operatorları da cəlb  olunub. Tapşırığı yerinə yetirmək təcrübəli kinoxronikaçılara – bakılılardan Vladimir Yeremeyevə, Mirzə Mustafayevə, onların assistentləri Ağazeynal Ələkbərova həvalə edilib. Fikrət Ələkbərov: “Atam danışırdı ki, döyüş bölgəsində çəkiliş aparmaq asan deyildi. Ya gərək vuruşasan, ya da çəkiliş aparasan. Bir neçə dəfə almanlarla üz-üzə gəlmişik. Belə olan halda çəkilişləri dayandırıb vuruşurduq. Çalışırdıq ehtiyatla işləyək.

Hər səhər yuxudan duranda ancaq ucsuz-bucaqsız dənizi, bir də suyun üzərində üzən alman dəbilqələrini görürdük. Bu heç də xoş mənzərə deyildi. Həyəcanlı günlərin bir gün bitəcəyinə inanmırdım. Müharibə insanı dəhşətli mənzərələrin şahidi olmağa məcbur edir”.

Müharibə gedən şəhərlərdə ordu ilə irəliləyən operatorlar getdikləri hər bir bölgədə çəkilişlər aparıb, faşist cəlladları tərəfindən qətlə yetirilən, tanınmaz şəklə salınan uşaqları, qadınları, qocaları lentə alıb, müharibə dəhşətlərini cəmiyyətin mühakiməsinə veriblər.

Kinooperatorlarımızın cəbhədə apardıqları çəkilişlər barədə həmin illərin mətbuatda dərc olunan məqalələrdə (14.05.1942-ci ildə “Bakinski raboçi” qəzetində çap olunmuş “Kinoaparatla cəbhədə” məqaləsi və s.) çəkilişlərin təəssüratı, verdiyi informasiyalar haqqında yazılar çap olunub, xronikaların məzmunundan bəhs edilib.  

Fikrət Ələkbərov: “Atam çox yerləri gəzmişdi, müharibənin faciələrini əks etdirən xronikalar çəkmişdi. Ancaq titrlərdə həmin dəhşətli mənzərələri ərsəyə gətirən insanların adı yox, Moskva Kino Fondu yazılırdı. Moskvada hazır olan xronikaların nüsxələri çıxarılırdı digər respublikalara, həmçinin Bakıya göndərilirdi.

Atam vətənə qayıtdıqdan sonra kinostudiyada fəaliyyətini davam etdirdi. Həmin ərəfədə onun üçün Rusiyadan isti dəri palto, dəbilqə, qalın paltarlar göndəriblərmiş. Atam onların filmlərdə istifadə olunması üçün kinostudiyanın geyim sexinə təhvil verib”.

Ağazeynal Ələkbərov müharibədən qayıtdıqdan sonra Bakı kinostudiyasındakı fəaliyyətini davam etdirib. Operator köməkçisi kimi fəaliyyət göstərib. “Bir qalanın sirri”, “Səhər” və digər filmlərdə çalışıb.

Fikrət Ələkbərov: “Səhər” filmində baş rolda Ələsgər Ələkbərov çəkilirdi. Bu atam üçün fəxrdən əlavə yaradıcılıq stimulu demək idi. “Bir qalanın sirri” filmində də baş rola, Simnar xan obrazına Ələsgər əmi çəkilməli imiş. Lakin filmin rejissoru Əlisəttar Atakişiyevlə aralarında narazılıq yarandığına görə çəkilməkdən imtina edib. Əlisəttar müəllim də həmin rolu Əli Zeynalova tapşırıb.

Onu da qeyd edim ki, Ələsgər əminin çox sərt xasiyyəti var idi. Buna görə də 5- 6 filmdən imtina etmişdi. Yadımdadır, Ələsgər Ələkbərova SSRİ Xalq artisti adı veriləndə Moskvaya getmişdi (1961). Həmin ərəfədə mən də Moskvada idim. Bir gün orada Maksim Qorki küçəsindən keçirdim. Ələsgər əminin həmin küçə ilə getdiyini gördüm. İnsanlar onu görən kimi: “Otello, Otello”, – deyərək onu bir-birlərinə göstərirdilər, küçədə alqışlayırdılar”.

Müharibədən sonra ailə həyatı quran Ağazeynal Ələkbərov dörd övlad sahibi olur. Bir müddət sonra ailənin güzəranını yaxşılaşması üçün kinodan ayrılmağa qərar verir və kinodan uzaqlaşır.

Fikrət Ələkbərov: “Atam çox yaraşıqlı kişi idi. Ələsgər Ələkbərovun demək olar ki, arıq görkəmi onda idi. O, kinostudiyaya qayıtdıqdan sonra burada anamla tanış olub. Anam Raya xanım həmin illərdə kinostudiyada mexanik kimi çalışıb. Onlar ailə qurduqdan sonra anam işdən çıxıb, həm övladlarını böyüdüb, həm də evdə dərzi kimi çalışmağa başlayıb. Çünki çətin illər idi. Ailəyə kömək etmək lazım idi. Məşhur müğənnimiz Şövkət Ələkbərova bizə uzaq qohumluğu çatırdı. Yaxşı yadımdadır, anama paltar tikdirmək üçün həmişə bizə gəlirdi.

Anam Bakıda, İçərişəhərdə doğulub, böyümüşdü. Onların İçərişəhərdə və  Pirşağıda ikimərtəbəli mülkü olub. 1936-cı ildə həmin bağı anamgildən alıb uşaq bağçası etmişdilər. Anamın atası partiya işçisi olub. Sonralar onu Rusiyanın Karsun şəhərinə (indiki Ulyanovsk vilayətinin Böyük Karsun şəhəri) kənd təsərrüfatının dirçəlişinə üçün işləməyə göndərmişdilər. Anam milliyətcə rus idi. Ancaq Bakıda doğulub böyüdüyünə görə Azərbaycan mədəniyyətini, mətbəxini, adət-ənənəsini, dilini gözəl bilirdi. Hətta bizim hamımıza Azərbaycan adlarını vermişdi. Azərbaycan milli  xörəklərini, xüsusən də fisincan plovu, düşbərəni gözəl bişirirdi. Evimizdən qonaq əskik olmurdu. Əjdər Sultanov, Ələsgər Ələkbərov, akademik Şəfaət Mehdiyev yaxın qohumlarımız idi. Şəfaət Mehdiyev Rahilə bibimin həyat yoldaşı idi. Onlar bizə tez-tez qonaq gəlirdilər.

Atamın dostları demək olar ki, görkəmli sənətkarlar idi. Evimizdə həmişə sənət söhbətləri gedirdi. Tanınmış sənət adamlarından Gündüz Abbasov, Mirzə Babayev, Tahir Salahov, tanınmış rus aktyorlarından Nikulin, Mironov və başqa görkəmli sənətkarlar tez-tez qonağımız olurdu. Anam onlar üçün çox gözəl süfrə açırdı. Atam özü də yeyib-içən, qonaqpərvər insan idi. Ailəsinə çox yaxşı baxırdı. Biz onun diqqətini həmişə hiss etmişik. Bizə deyirdi ki, mən ali təhsil ala bilmədim, amma siz yaxşı oxuyun. Özü məni pionerlər evinə yazdırmışdı. Orta məktəbi bitirdikdən sonra mən və bacı-qardaşım hamımız ali təhsil aldıq, seçdiyimiz peşələrdə çalışdıq.

Mən Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini oxudum. Sonra Moskvada Kinematoqrafiya İnstitutuna daxil oldum. Orada bir il oxudum. Sonra sənədlərimi M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsinə verdim və həmin institutu bitirdim (1973). Məni kinostudiyaya 1974-cü ildə atam gətirib. Onu da qeyd edim ki, 1957-ci ildən kinodayam. Hələ kiçik yaşlarımdan müxtəlif filmlərdə (“Sonuncu qarış”, “Amfibiya adam”, “Briliant əl” və s.) epizodik rollarda çəkilmişəm, Sonra isə 60-dan çox filmdə quruluşçu rəssam və geyim rəssamı kimi işləmişəm. Taleyimi kinostudiya ilə bağladığım üçün atama minnətdaram. Onun xatirəsi mənim üçün həmişə əzizdir”.

Dövlət Film Fondu