Nadir Zeynalov – 95

İstedadlı insnalar həyatın zinətidirlər. Onların zəngin təxəyyülləri prosesində ictimaiyyətə estetik zövq, nəciblik, yüksək mənəvi dəyərlər aşılanır, həyatın mənası, qayəsi sənət əsərlərində təlqin, təbliğ olunur. Cəmiyyətin maariflənməsi istiqamətində mühüm rolu olan kino sənətinin inkişafında, dolğun, inandırıcı çatdırılmasında istedadlı rəssamların da rolu böyükdür. Onların iştirakı olmadan kino çəkmək lentlərə hopmuş həyatı rəngarəng, canlı təsvir etmək mümkün deyil. Bu mənada Əməkdar rəssam Nadir Zeynalovun milli kinomuzun inkişafındakı xidmətləri danılmazdır. Bacarıqlı kino rəssamı imza atdığı hər bir ekran əsərinin dolğun, məzmunlu çatdırılmasına imkan yaradıb, rejissorların fikir və istəklərini doğrultmağa nail olub.

Nadir Zeynalov 1928-ci il avqustun 27-də Bakıda  dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Rəssamlıq Məktəbində təhsil alıb (1943-1949). Daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsilini davam etdirib (1949-1955). Sənət müəllimləri, məşhur rus kino rəssamlarından F.S.Boqorodski, M.A.Boqdanov, Q.A.Myasnikovdan sənətin sirlərini öyrənib. Bakıya qayıtdıqdan sonra həyatını Bakı kinostudiyası ilə bağlayıb, müxtəlif janrlı filmlərdə xüsusi bacarıq nümayiş etdirib (1956).

İnstitutun sonuncu kursunda oxuyarkən diplom işi üçün Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasını götürüb, həmin komediya əsasında film üçün eskizlər hazırlayıb. Həmin ərəfədə kinorejissor Hüseyn Seyidzadə “O olmasın, bu olsun” komediyası əsasında (S.Rəhmanın ssenarisi üzrə) eyniadlı filmin çəkilişlərinə hazırlaşırdı. Onun Nadir Zeynalovla tanışlığı sözügedən kinokomediyada birgə çalışmalarına səbəb olub. Seyidzadə gənc rəssamın eskizlərinə baxıb, bəyənib, onu çəkiliş qrupuna dəvət edib. Beləliklə də rəssamın kinoda debüt işi Azərbaycanın ilk rəngli bədii filmi olan “O olmasın, bu olsun” filmində olub (rəssam C.Əzimovla birgə).

Filmin eskizləri üzərində diqqətlə işləyən rəssam hər detal üzərində dəqiqliklə işləyir, dövrün reallığını, mühitin ab-havasını, hadisələrin inandırıcılığını təmin edən səhnələrin qurulmasında xüsusi peşəkarlıq nümayiş etdirirdi. Rəssam təxəyyülünə əsaslanan dekorasiya və natura planlarının təbiiliyi, dolğunluğu məhz bu mənada diqqətəlayiqdir.

Bu filmdən sonra o, ardıcıl olaraq 40-a yaxın bədii  filmin çəkilişində iştirak edib, kinostudiyanın baş rəssamı kimi çalışıb. Kinodakı xidmətlərinə görə respublikanın Əməkdar rəssamı fəxri adına layiq görülüb (1976).

Nadir Zeynalov hər bir işində sənətin dərinliklərinə baş vuraraq dövrün reallığını, qəhrəmanların xüsusiyyətini, geyimini, mühitin ab-havasını incəliklərinə qədər öyrənir, sənətini daha da püxtələşdirir, hadisələrin təsvir həllini ustalıqla təmin edir, ona həvalə olunan hər bir mövzunun dolğun kompozisiyasını yaradırdı.

Müxtəlif rejissorlarla işləyən rəssam “Mahnı belə yaranır”, “Onu bağışlamaq olarmı?”, “Bir qalanın sirri”, “İstintaq davam edir”, “Qaraca qız”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Köhnə bərə”, “Sizi dünyalar qədər sevirdim”  və digər filmlərin bədii tərtibatını verib. Həmçinin Ukrayna rejissoru Qriqori Koxanın Aleksandr Dovjenko adına kinostudiyasında çəkdiyi dörd seriyalı “Qırmızı daşın yanında gizli yer” bədii televiziya filmində quruluşçu rəssam kimi çalışıb (Aleksand Kudrya ilə birgə), filmin bədii tərtibatını verib. Filmdəki əhvalatlar Şərq ölkələrinin birində cərəyan edir, xarici kəşfiyyatçının sovet sərhəd keşikçiləri tərəfindən tutulmasından, gizlətdikləri xəritə planının axtarılmasından, kəşfiyyat planlarından bəhs edlir. Nadir Zeynalovun tarixi yaxşı bilməsinə, dəqiqliklə araşdırmasına görə də ukraynalı rejissor filmin təsvir həllini, rəssam işini məhz Nadir Zeynalova həvalə edib.

N.Zeynalovun müşahidəçilik qabiliyyətinin yüksək olması filmlərdə hər bir detala diqqətlə yanaşmasına, vacib nüansları gözdən qaçırmamasına səbəb olurdu. Buna görə də rejissorlar arasında böyük hörmətə sahib olan rəssam ciddi mövzulu ekran əsərlərində ardıcıl olaraq  işləmək təklifi alırdı.

Nadir Zeynalov tarixi-bioqrafik, tarixi-inqilabi filmlərlə (“Yenilməz bataloyon”, “Dəli Kür”, “Axırıncı aşırım” və s.) yanaşı, sosial mövzulu filmlərdə də çalışıb (“İstintaq davam edir” – Elbəy Rzaquliyevlə birgə, “Yaşamaq gözəldir, qardaşım!” – Fikrət Bağırovla birgə, “Mən mahnı qoşuram” və s.), hadisələrin inandırıcılığını, dövrlər haqqındakı təəssüratın dolğunluğunu, düzgünlüyünü təsdiqləyən, hər bir epizodun dəqiq və təsirləndirici təsvir həllini təmin edən  vasitələrin (detal, natura, dekorasiya və s.) seçimində düzgün istiqamət verib, aparıcı qüvvə olub. Filmlərdəki əşyalar, qablar, məkan və rənglər dəqiqliklə seçilərək dövrlər, sosial mühit, məişət haqqında tam təsəvvür yaradıb, dövrlərin real təqdimatını verib.

Filmlərin ssenarisini dəqiqliklə oxuyan, dramaturgiyanı dərindən bilən, hər bir səhnənin, epizodun, anın inandırıcılığını təsvir edən rəssam hadisələrə peşəkar yanaşır, həm də mövzulara dövrlərin müasiri kimi baxırdı. Ekran hadisələrini daxilindən keçirir, özünü müxtəlif illərin iştirakçısı kimi hiss edir, real təsvir yaratmağa, çatdırmağa, kinonu inikasa çevirməyə, ən başlıcası isə həyat haqqındakı təsəvvürlərimizi genişləndirməyə, maarifləndirməyə nail olurdu. Sənəti ali səviyyədə təqdim edən əsl sənətkarlıq qüdrəti də elə budur. Sənəti yaşayaraq yaşatmaqdır.

Dövlət Film Fondu