Aktyor Səməndər Rzayevin doğum günüdür

Həyatın tələblərinə cavab verən, aktuallığını qoruyub saxlayan kino sənəti intuisiyası güclü, istedadı, bacarığı böyük sənətkarlar sayəsində məşhurlaşır, sevilir, baxılır. Əməkdar artist, Dövlət mükafatı laureatı, tanınmış aktyor Səməndər Rzayev də teatral rolları, kino obrazları, peşəkar dublyaj fəaliyyəti ilə tanınıb, filmlərin uğurlu ekran taleyini yaşamasına (yaradıcı heyətlə birgə) imkan yaradıb.

Uşaq yaşlarından sənətdə olmağı arzulayan, istəyini hər ötən il qəlbində daha da cücərdən, göyərdən, böyüdən Səməndər Rzayev nəhayət ki, arzusunu gerçəkləşdirib,  Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1964-1968). Hələ tələbəlik illərindən peşəsini böyük məsuliyyət, coşqu ilə təqdim edib, müxtəlif xarakterli personajlarını yaddaşlarda əbədiləşdirib.

Aktyorun zəngin yaradıcılıq filmoqrafiyasında 60-dan çox film var. Bura bədii filmlərlə yanaşı, “Mozalan” satirik kino süjetlərində çəkildiyi rolları, həmçinin dublyaj redaksiyasında səsləndirdiyi obrazları daxildir. Ekran personajlarını yüksək peşəkarlıqla təqdim edən böyük istedad sahibi obrazların səciyyəvi  cəhətlərini (ədəbi əsərlərin və janrların ruhuna, təbiətinə uyğun şəkildə), bəzən mürəkkəb, bəzən komik, bəzən qərəzli tərzdə dəqiqliklə cilalayıb, çatdırıb.

Teatrda az müddət ərzində məşhurlaşan istedad sahibinin kinoya gəlişi 1968-ci ilə təsadüf edib. İlk dəfə görkəmli kinorejissor Arif Babayevin çəkdiyi “Uşaqlığın son gecəsi” filminə dəvət alıb, milis rolunda çəkilib, eyni zamanda filmin səsləndirilməsində iştirak edib, Zaur obrazını (Qorxmaz Atakişiyev) səsləndirib. Bu filmdən sonra bir-birinin ardınca irihəcmli rollara dəvət alıb, həmçinin xarici və yerli filmlərin səsləndirilməsində yaxından iştirak edib.

Səməndər Rzayevin ahəngdar, məxməri səsi kino sənətinin ayrılmaz qolu olan dublyaj sahəsinə elə ayrıca uğur gətirdi. Dublyaj sənətinin kino üçün böyük əhəmiyyət kəsb etdiyini hər bir çıxışında təsdiqlədi, vurğuladı. Qəlblərə süzülən, qulağa xoş gələn səsinin sehrindən neçə-neçə ekran obrazları daha dolğun, daha məzmunlu şəkildə tanındı, yaddaşlarda qaldı. “O qızı tapın” detektiv filmində Məlikov (Valeri Kovtun), “Skripkanın sərgüzəşti” müharibə dramında Makovski (Pavel Kadoçnikov), “Bizim küçənin oğlanları” filmində Əbdül (Məlik Dadaşov), “Dədə Qorqud” tarixi-bioqrafik filmində Qazan xan (Həşim Qadoyev), “Bakıda küləklər əsir” müharibə dramında Şahmar bəy (Rza Təhmasib), “Qərib cinlər diyarında” nağıl filmində Akşad (Muxtar Maniyev), “İstintaq” filmində Seyfi (Aleksandr Kalyagin), “Arxadan vurulan zərbə” detektiv filmində Dadaşlı (Adil İsgəndərov), “Nizami” tarixi-bioqrafik filmində Qızıl Arslan (Hacımurad Yagizarov) və digər personajların xarakteri, həyat mövqeyi hadisələrin məzmununu ifadə edən rəngarəng tələffüzün, səlis diksiyanın təqdimatında daha aydın təcəssümünü tapdı, ədəbi materialın məzmununu, müəllif məqsədini izah etdi. Paralel olaraq filmlərin mətnini oxuyan aktyor (“Qız qalası əfsanəsi” animasiya, “Aşıq Ələsgər” sənədli filmləri və s.) məlahətli, ifadəli səsin ahəngində hadisələrin məzmunlu şərhini verməyə, mövzu haqqında ətraflı bilgi ötürməyə, tamaşaçı diqqətini ekrana yönəltməyə müvəffəq olub.

Akademik Dram Teatrının səhnəsində və kinoda daha çox dramatik rollar canlandıran aktyorun incə yumor hissinə malik olması rejissorların diqqətindən yayınmayıb. Aktyora dəyişik, qəliz xüsusiyyətli rollar həvalə etməklə (“Babamızın babasının babası” – Əliquliyev, “Bəyin oğurlanması” – Hidayət müəllim, “Bağ mövsümü” – Ağamirzə və s.), rolların məzəli, fərdi cəhətlərini dərindən xarakterizə etməsinə, təzadlı münasibətlərini incəliklə cilalamasına, vəziyyət komediyasını və yaxud satirik situasiyaları maraqlı jest və davranışları, mimika cizgiləri ilə çatdırmasına imkan veriblər. Aktyorun ironik ifadəli obrazları və “Mozalan” satirik kinosüjetlərində oynadığı rolları (“Baldızoğlu, “İntizam”, “Gözəllik ondur…”, “Örtülü bazar” və s.), hadisələrin məzmununu, xarakterlərin fərdiliyini çatdırıb, münasibətlərin dəqiq şərhini  verib.

Səməndər Rzayev səhnə, sənət üçün doğulmuşdu. Aktyorun rol aldığı hər hansı televiziya tamaşasında oynadığı istər dramatik (Mirdaməd – “Gənclik macərası”), istərsə də komik (Şakir Şirinov – “Evləri köndələn yar” və s.) rolları ədəbi əsərlərin dolğun şərhinə, mühitin tamlıqla qavranılmasına, personajların istək və məqsədlərinin  tanıdılmasına xidmət edirdi. Bu isə rejissor ideyasını çatdırmaq tam olaraq, tamaşalara uğur qazandırmaq deməkdir.

Yaradıcılıq potensialını yüksək səviyyədə yerinə yetirən, sənət prinsipini təsdiqləyən Səməndər Rzayevin ekran personajları gənc nəsil aktyorlar üçün örnəkdir, məktəbdir. Aktyorun müxtəlif mövzulu filmlərdə, həmçinin “Nəsimi” tarixi-bioqrafik filmində Şirvanşah İbrahim, “Babək” də İbn Bəis, “Evlənmək istəyirəm” musiqili komediyasında Həsən ağa, “Qara gölün cəngavərləri” kinodramında dükançı Ağakərim, “Od içində” tarixi dramında Tomar bəy, “Şəhərli biçinçilər” filmində Hümmət, “Çarvadarların izi ilə” filmində Səməndər və digər ekran əsərlərində canlandırdığı məzmunlu rolları sənət uğurunun əyani sübutudur, təzahürüdür.

Dövlət Film Fondu