Aktyor Fərhad İsrafilovun doğum günüdür

Əməkdar artist Fərhad İsrafilov 69 yaşını qeyd edir. Fərhad müəllimi Dövlət  Film Fondunun əməkdaşları və kinosevərlər adından doğum günü münasibəti ilə təbrik edirik, ona möhkəm cansağlığı, işlərində nailiyyətlər diləyirik.

Yaddaqalımlı rollar istedad göstəricisidir. Əməkdar artist Fərhad İsrafilovun Yuğ Teatrında, kinoda və televiziya tamaşalarında oynadığı bənzərsiz rolları da ədəbi əsərlərə dəqiq münasibəti, yeni obraz yaratmaq, fikir və duyğularını, personajları vasitəsilə insanlara çatdırmaq istəyinin təcəssümüdür.

1955-ci il yanvarın 5-də Bakıda dünyaya göz açan Fərhad İsrafilov hələ yeniyetməlik dövründən (14 yaşından)  kinoda çəkilib, debüt rolunu “Şərikli çörək” filmində oynayıb. “Yeddi oğul istərəm” filmindəki Qəqəni rolu ilə məşhurlaşıb. Daha sonra müəyyən fasilələrlə digər filmlərə dəvət alıb, fərqli xarakterli ekran obrazları yaradıb.

Göründüyü kimi aktyorun çəkiliş meydançasından aldığı ilk təəssürat heç də təsirsiz ötüşməyib, görkəmli kinorejissorlarla birgə çalışması məslək seçimində mühüm rol oynayıb. Sənətə gəlməsinə, filmlərə dəvət almasına, peşəkar təqdimatı fonunda müxtəlif dövr hadisələrinə tamaşaçını inandırmasına, filmlərin uğur qazanmasına səbəb yaradıb.

Gənc aktyorun “Azərbaycanfilm” kinostudiyası ilə növbəti görüşü “Dənizə çıxmaq qorxuludur” (1973) filmində olur. Filmin quruluşçu rejissoru Ənvər Əbluc gənc aktyora ikinci dəfə şans verməklə onun kamera qarşısındakı sərbəstliyini, rolun həyat mövqeyini, məqsəd və məramını təsdiqləmək bacarığını bir daha təsdiqləyir.

Filmdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağın Bakıdan Həştərxana dəniz yolu ilə çatdırılmasından bəhs edilir. Filmin qəhrəmanları ata (Ələsgər-aktyor Sadıq Həsənzadə) və oğullarıdır (Murtuz-Rauf Qəniyev, Novruz-Fərhad İsrafilov). Onlar neft dolu çənləri Həştərxana çatdırmalıdırlar. Dənizdə ingilis zabitləri ilə rastlaşdıqları anda personajların fərdi xüsusiyyətləri aydınlanır. Kiçik qardaş Novruzun ingilis zabitinin müraciətinə ani reaksiyası onları ələ verə bilər.  Lakin Murtuzun və atasının soyuqqanlılığı onları təhlükəli vəziyyətdən xilas edir, neft çəlləklərini Həştərxana çatdırmalarına imkan yaradır.

Qardaşı Murtuzun siyasi fəaliyyətindən xəbərsiz olan Novruz onun gərginlikdə olan həyat tərzindən nigarandır. Buna görə də Murtuza kömək etməyi düşünür. Nəhayət ki, qardaşına kömək etməyə atasını razı salan Novruz onlarla birlikdə dənizə çıxır. Bu yolda qarşılarına çıxacaq hər hansı bir çətinlikdən də  çəkinmir. Lakin onun təcrübəsizliyi üçünü də güdaza verə bilər. Belə məqamda isə atasının müdrikliyi, qardaşının çevikliyi onun köməyinə gəlir. Personajın hiss və duyğularını, ailəsinin ağır güzəranını kədərli baxışları, narahatlıq dolu  xüsusiyyətləri ilə çatdıran aktyor XX əsrin əvvəllərinə aid mühitin ağrılı ab-havasını kifayət qədər realist səpkidə xarakterizə edir.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olan (1975-1979) aktyor hələ tələbəlik illərində “Evin kişisi” (1978) məhəbbət dramında baş rolda (Rövşən) çəkilir. Həmin ildə “Mosfilm” kinostudiyasının istehsalı olan “Ən mühüm tapşırıq” (1979) filmində Rüstəm rolunu canlandırır. Bir neçə il sonra “Mosfilm”in aktyora növbəti müraciəti isə (“Qələbə” filmində Dino Rossi rolu) Fərhad İsrafilovun sənət uğurunun göstəricisidir.

1989-cu ildən etibarən Yuğ Teatrında çalışan aktyor, ustadı Vaqif İbrahimoğludan sənət sirlərinin dərinliklərini öyrənir. Teatrdakı fəaliyyəti kino obrazlarının psixoloji vəziyyətini tam olaraq göstərməsinə, peronajların daxili aləminə nüfuz etməsinə, davranış və düşüncələrini ətraflı çatdırmasına imkan yaradır. Teatral fəaliyyəti ilə paralel olaraq filmlərə dəvət alan aktyor, “Doğma sahillər” detektiv döyüş filmində sürücü, “Evlənmək istəyirəm” musiqili komediyasında Mahmud bəy, “Qara gölün cəngavərləri” tarixi macəra filmində bolşevik, “Qəzəlxan” bioqrafik dramında Həmid, “Cavid ömrü” tarixi bioqrafik dramında teatr müdiri, “Sübhün səfiri” tarixi bioqrafik dramında Mirzə Hüseyn, “Dolu” müharibə dramında milis rəisi və digər filmlərdə forma və məzmun etibarilə yaddaqalımlı ekran personajları ərsəyə gətirir.

Fərhad İsrafilovun müxtəlif televiziya tamaşalarında özünəməxsus ştrixlərlə oynadığı milis kapitanı (“Yaşıl eynəkli adam”), Mustafa (“Günahsız Abdulla”), Oğuz xan (“Fatehlərin divanı”), Şamil (“Nekroloq”), Ağaəli (“Proloq”), Cəfər (“Dəvətnamə”) və digər obrazları ədəbi əsərlərin, müəlliflərin, ümumilikdə yaradıcı heyətin tamaşaçılara ötürmək istədiyi mesajlarının aydınlıqla çatdırılmasına zəmin yaradıb, dialoqları və münasibətləri fonunda həyat üçün zəruri prinsiplərin vacibliyi məsələsini ön plana çəkib.

Fərhad İsrafilovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər böyük şövq və məsuliyyətlə tədris etdiyi pedaqoji fəaliyyəti xüsusilə diqqət çəkir. Sələflərinin məslək sirrini, sənətin dərinliklərini gənc aktyorlara həvəslə tədris edən təcrübəli ixtisas müəllimi ustadlarından aldığı  peşə bilgisini tələbələrinə böyük sevgi və həvəslə öyrədir, aktyor və pedaqoq kimi  sənətinin keşiyində durur.

Fərhad İsrafilovun ən böyük mükafatı sənət təcrübəsindən bəhrələnən onlarla tələbəsinin, sənətsevərlərin və ən nəhayət, sevdiklərinin əhatəsində olmasıdır. İstedadlı aktyorumuza bir daha davamlı sənət sevinci, möhkəm can sağlığı arzulayırıq.

Dövlət Film Fondu