İncəsənət aləmi istedadın ünvanıdır. Əməyini, potensialını maraqlı iş əmsalına çevirənlər cəmiyyətin sevgisini qazanırlar. Əməkdar artist, teatr, kino aktyoru Loğman Kərimov da hələ yeniyetməlik dövründən həyatını incəsənətə, teatr, kino sənətinə həsr edib. Bu il yubiley yaşını qeyd edən istedadlı aktyorumuzu Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından təbdik edirik, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
1959-cu il yanvarın 11-də Bakıda anadan olan Loğman Kərimov 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Təyinatını Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına alıb. Orada aktyor kimi fəaliyyətə başlayıb. Bir-birindən maraqlı, məzmunlu obrazlar yaradan aktyor tədricən televiziya tamaşalarına (“Ağ atlar üçün vals” – Teşa, “At ilinin birinci ayı” – Fikrət, “Mürafiə vəkillərinin hekayəti” – Ağa Salman və s.) dəvət alıb, maraqlı obrazlar yaradıb.
Kinoda ilk dəfə “Lenfilm” kinostudiyasının istehsalı olan “Barıt” (1984) bədii filmində çəkilib, baş rollardan birini canlandırıb. Daha sonra Dovjenko adına kinostudiyaya filmə dəvət alıb, “Portağallar’ filmindә әsas rollardan birini oynayıb. Bundan başqa “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bir sıra filmdə, o cümlədən “Aşkarsızlıq şəraitində…” filmində Salahovun sürücüsü, “Sahilsiz gecə”də faytonçu, “Lətifə”də lal-kar, “İstanbul reysi”ndə Rafiq, “Sübhün səfiri” filmində Məstəli şah və digər personajlar canlandırıb. Aktyora geniş şöhrəti, Xalq artisti, kinoaktyor, kinorejissor Şahmar Ələkbərovun ekranlaşdırdığı “Qəzəlxan” filmində yaratdığı Əliağa Vahid obrazı gətirib. Film 1992-ci ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin XI Beynəlxalq Kinofestivalında nümayiş etdirilib, mükafat və diploma layiq görülüb. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsində quruluşçu rejissor və ssenari müəllifi Şahmar Ələkbərova ən yaxşı bədii filmə görə mükafat verilib. Aktyor Loğman Kərimov ən yaxşı kişi roluna görə mükafat alıb.
Uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlayıb. Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” (tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilmişdir), “Ölüm hökmü”, S.S.Axundovun “Qaraca qız”, Ə.Dəmirçizadənin “Dədəm Qorqud”, A.Babayevin “Olmuş əhvalat”, M.Marinyenin “Lotereya” əsərlərinə quruluş verib. Bundan başqa teatrın rus bölməsində də bir sıra tamaşalar səhnələşdirib.
Hazırda Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Loğman Kərimova işlərində uğurlar, yaradıcılıq nailiyyətləri diləyirik.
Dövlət Film Fondu