Kinoşünas Aydın Kazımzadənin doğum günüdür

Aydın Kazımzadə 84 yaşını qeyd edir. Tanınmış kino tədqiqatçısını Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından təbrik edirik, cansağlığı, işlərində uğurlar arzulayırıq.

Aydın Ələsgər oğlu Kazımzadə 1940-cı il yanvar ayının 15-də Bakıda anadan olub. 7-ci sinfə kimi Bakıdakı 44 nömrəli orta məktəbdə oxuyub. 1958-ci ildə 57 nömrəli axşam fəhlə-gənclər məktəbini bitirib. 1955-1958-ci illərdə istehsalatda işləyib. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb. 1963-cü ildən kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçilərinin ixtisasartırma kurslarını bitirib.

Azərbaycanda kino mətbuatının yaradıcısı olan Aydın Kazımzadə “Kino”  qəzetinin və “Film” jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, AzTV-də dublyaj şöbəsinin müdiri, “Azərkinovideo” İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində (kinoarxiv üzrə) çalışıb.

Redaktoru olduğu “Kino” qəzeti 1974-cü ildə kinemotoqrafiya sahəsində  dərc edilən mətbuat orqanlarının ümumittifaq müsabiqəsinin qalibi olub. SSRİ Kinemotoqrafiya Komitəsinin diplomu ilə mükafatlandırılıb. BAM-dan Qırğızıstanın Bişkek şəhərində keçirilən Azərbaycan kino günlərinin və kino festivallarının təşkilatçısı və iştirakçısı olub.

1997-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan kino tarixi fənnindən dərs deyib, universitetin dosenti olub. Kinoya aid 200-dən artıq elmi və publisistik məqaləsi dövri mətbuatda çap olunub. Yerli televiziya kanallarında “Kino tariximizdən” və “Kinoman” verilişlərinin aparıcısı, “Mədəniyyət” kanalında “Kinosalnamə” verilişinin aparıcısı və ssenari müəllifi olub.

Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və ulu öndər Heydər Əliyev tərəfindən sərəncamla avqustun 2-ni kino işçilərinin peşə bayramı elan etməsi, həmçinin 

Azərbaycanda animasiya kinosunun yaranma tarixinin 1931-ci ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi Aydın Kazımzadənin adı ilə bağlıdır.

Aydın Kazımzadə kinodakı xidmətlərinə görə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Dövlət Film Fondu