Xalq artisti Hacı İsmayılov 80 yaşını qeyd edir (22.01.1944). İstedad və bacarığı ilə Azərbaycan teatr, kino sənətinə uğur gətirən, çoxsaylı tamaşaçı rəğbəti qazanan aktyorumuzu Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından təbrik edirik. Cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.
1963-cü ildən həyatını sənətə həsr edən, realist yaradıcılığı fonunda müxtəlif həyat hadisələrinin dəqiq şərhini verən, müəlliflərin istək və məqsədlərini obrazların təfsirində incəliklə cilalayan aktyor 61 ildir ki, sevdiyi sənətin keşiyindədir.
Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirən aktyor 1968-ci ildən Sumqayıt Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. 1970-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirib, burada hazırlanan tamaşalarda 50-dən artıq obraz canlandırıb. Realist təqdimatı, aydın diksiyası, ahəngdar səs tembrinə görə 70-ci illərin əvvəllərindən kinoya cəlb olunub. “Azərbaycanfilm” kinostudiyasının dublyaj studiyasında ilk dəfə “Axırıncı aşırım” kinodramında kəndli rolunu səsləndirib. Bundan sonra ardıcıl olaraq “Sahilsiz gecə”də İsrafil (Muxtar Maniyev), “Ağ atlı oğlan”da Şahin (Elxan Quliyev), “Aşkarsızlıq şəraitində…” filmində Musazadə (Vyaçeslav Həsənov), “Babamızın babasının babası”nda kolxoz sədri (Hamlet Qurbanov) və s. filmlərin səsləndirilməsində iştirak edib.
Kinoda debüt rolunu görkəmli kinorejissor Rasim Ocaqovun quruluş verdiyi “Ad günü” filmində ifa edib. Filmin aparıcı qüvvələrindən olan Mustafa obrazı ilə kinosevərlərin rəğbətini qazanıb, roluna intuitiv yanaşmasına, inandırıcı çatdırdığına görə rejissorların diqqətini çəkib. Ardıcıl olaraq filmlərə dəvət alıb, “Anın quruluşu” filmində Ələkbər, “Dantenin yubileyi”ndə Əlikram, “Bağlı qapı” kinodramında Əli, “Fəryad” müharibə dramında Rövşən, “Həm ziyarət, həm ticarət…” filmində Mustafa, “Ölsəm… bağışla” məhəbbət dramında Qulam, “Özgə ömür” kinodramında Həsənov, “Yay günlərinin xəzan yarpaqları” filmində mühasib, “Sarı gəlin” müharibə dramında Qədir, “Qara gölün cəngavərləri”ndə Bağır və digər ekran əsərlərində maraqlı, dolğun obrazlar canlandırıb.
Realist aktyor məktəbinin davamçısı olan aktyor dramatik rollarla yanaşı, yaradıcılıq qismətinə düşən komik personajları da (Mürşüd – “Yol əhvalatı”, Qasımov – “Belə lazımdır”, Əhmədov – “Musiqili xaş” və s.) dolğun, koloritli mizanlarla təqdim edib. Vəziyyətdən yaranan komik situasiyaları həssaslıqla çatdırıb, müəlliflərin fikir və mesajlarını məntiqli ifada təqdim edib. Gülüş hədəfinə çevriləcək personajların qeyri-normal cəhətlərini xarakter və mimika cizgilərində dolğunluqla, yeni çalarlarla, bənzərsiz boyalarla əks etdirib, məntiqli yumorla təqdim edib. Tamaşaçı ilə rol arasında əlaqə yaratmağa, dövr hadisələrini əhatəli şəkildə, qabarıq göstərməyə, ictimai davranış qaydalarını, mühiti yaxından tanıtmağa nail olub. Hər bir rolun kimliyini maksimal həddə təcəssüm etdirən kinokomediyalarda rol almaqla yanaşı, “Mozalan” satirik kinosüjetlərində (“Atamın sənəti”, “Fövqəladə hadisə”, “Gethagetdə”, “Arayış”, “Belə də olur”, “Gedərsən bizə…” və s.) maraqlı surətlər canlandırıb.
Aktyorun müxtəlif televiziya tamaşalarında oynadığı xarakterik rolları, o cümlədən Fərman (“Alov”), Xuduş (“Atayevlər ailəsi”), Candarlı Əli paşa (“Fatehlərin divanı”), Səməndər (“Kişilər”), Əhməd Əhmədov (“Qonşu qonşu olsa..”), Gülbala (“Ordan-burdan”), Qafar (“Yaşıl eynəkli adam”) və digərləri tamaşaçıların sevərək izlədiyi, həyat mövqeyini, tərəf-müqabilinə münasibətini, fikir və mesajlarını tamlıqla anladığı, gülərək izlədiyi personajlardır.
Cəmiyyəti maarifləndirən sənətin yüksək təqdimatı birinci növbədə insanlara, müəllifə, əsərə olan hörmətdən, məsuliyyətdən qaynaqlanır. Yüksək sənətkarlıq keyfiyyəti ilə sənətinin fövqündə duran Hacı İsmayılov da peşəkar aktyor kimi daim mədəniyyətimizin keşiyində durub, insanlara olan sevgisini, hörmətini hər bir təqdimatında təsdiqləyib. Yüksək mənəvi cəhətlərinə, sənətkarlıq keyfiyyətinə görə də xalqın sevgisini, rəğbətini qazanıb.
Hacı İsmayılovun sənətdə göstərdiyi xidmətlər Dövlət tərəfindən layiqincə qiymətləndirilib. 1980-ci ildə respublikanın Dövlət mükafatına, 1989-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini olan aktyor Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə mükafatlandırılıb. 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
Dövlət Film Fondu