Almaz Əsgərova – 75

Kinoaktrisa Almaz Əsgərovanın anadan olmasının 75 illiyidir.

Kino istedadları, sevdiyi simaları məşhurlaşdırır, yaddaşlara yazır. Azsaylı kino obrazları ilə tez bir zamanda sevilən, tamaşaçıların rəğbətini qazanan Almaz Əsgərova da unudulmayan, hörmətlə xatırlanan aktrisalarımızdandır. Qısa və nakam ömrünə böyük uğur sığdıran aktrisanın anadan olmasının 75 illiyində əziz xatirəsini dərin ehtiramla anırıq.

Almaz Əsgərova 1949-cu il yanvarın 23-də də Bakıda anadan olub. Atası Balabəy Əsgərəlioğlu SSRİ-nin Əməkdar ixtiraçısı, neft sənayesi mütəxəssisi, iki çağırış Bakı Sovetinin deputatı olub. Bir çox maraqlı elmi işləri ilə tanınıb. Anası Rəhimə xanım riyaziyyatçı kimi fəaliyyət göstərib, uzun müddət maliyyəçi işləyib.

Ailədə böyüyən 3 qız övladının böyüyü olan Almaz hələ kiçik yaşlarından gözəl rəsmlər çəkib, rəsm sənəti ilə maraqlanıb. Əzim  Əzimzadə adına rəssamlıq məktəbinə qəbul olan gənc qız bir müddət sonra təhsilini yarımçıq qoyub, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub. Həmçinin Moskvada kinorejissorluq ixtisasına yiyələnib. Bakıya qayıtdıqdan sonra görkəmli rejissor Adil İsgəndərovun kinostudiyanın nəzdində yaratdığı aktyorluq kursunda təhsil alıb, sənət bilgisini daha da təkmilləşdirib.

Almaz Əsgərovanın görkəmli sənətkarların əhatəsində olması,  onlardan doğru sənət istiqaməti alması kinoda qısa müddət ərzində parlamasına, tamaşaçıların diqqətini cəlb etməsinə səbəb olub. Aktrisanın sənət duyumunu, potensialını görən kinorejissorlar onu filmlərinə dəvət edib, yaradıcılıq imkanlarını təsdiqləməsinə imkan yaradıblar. Kinorejissor Muxtar Dadaşovun “Qanun naminə” kinodramında debüt rolunu oynayan aktrisa filmdə Salamatovun arvadı rolunda çəkilib. Rol kiçikplanlı olsa da, günahsız həyat yoldaşının (Salamatovun) həbs olunmasından narahat olan, gənc prokurordan imdad diləyən, lakin onun da ədalətli olmasına şübhə edən aciz, küskün qadın rolunu peşəkarlıqla canlandırıb. Personajın mövqeyi, dövrü, mühiti haqqında müəyyən anlayış yaratmağa, çoxuşaqlı ananın çarəsiz vəziyyətini, kədərli həyat tərzini çatdırmağa nail olub.

Aktrisanın növbəti uğurlu rolu “Mən ki gözəl deyildim” müharibə dramındakı Elmira obrazıdır. Elmira baş qəhrəman Səidənin qohumu və rəfiqəsidir. Anbardar işləyən xanım Səidənin və Məzahirin təkidinə baxmayaraq, anbarda saxlanılan taxılın kənd camaatına paylanılmasına qarşı çıxır. Digər tərəfdən aclıqdan əziyyət çəkən (müharibə dövründə) insanların faciəsini anlayır. Elmira anbarın açarlarını verməməkdə israr etsə də, həyatının təhlükəyə atmasına razı olmasa da, əslində Məzahirin qərarının doğruluğunu qəbul edir, insanları darda qoymaması fikrini və əməlini dəstəkləyir.

Kinonun təsir gücünü ekran hadisələrinin inandırıcılığı təmin edir.  Buna zəmin yaradan isə birinci növbədə aktyorlardır. Səmimi jest və davranışlarında, incə, mülayim rəftarında qadın zərafətini, nəcib xüsusiyyətini təlqin edən aktrisa bir-birinin ardınca məzmunlu ekran əsərlərində çəkilib, o cümlədən “Bir cənub şəhərində”, “Ulduzlar sönmür”, “Bizim küçənin oğlanları”, “Ürək… Ürək…”, “Tacikfilm”in istehsalı olan “Rüstəm və Söhrab” və digər filmlərdə yaddaqalımlı rollar yaradıb, istedad və bacarığını təsdiqləyib.

Almaz Əsgərovanı tamaşaçılara daha çox sevdirən və məşhurlaşdıran kinorejissor Həsən Seyidbəylinin quruluş verdiyi “Nəsimi” tarixi-bioqrafik filmindəki Şəms roludur. Onu da qeyd edək ki, aktyor seçimində heç vaxt yanılmayan rejissor aktrisanı bu rola sınaq çəkilişi etmədən çəkib.

Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı İmadəddin Nəsiminin həyatına həsr olunan filmdə Şəms obrazı ayrıca xətt üzrə inkişaf etdirilib. Şəms dövrünün qadınlarından fərqli olaraq, cəsarətli xüsusiyyətlərə malikdir. O, Nəsimiyə olan sevgisini büruzə verməkdən, yeri gələndə isə hürufi tərəfdarlarını müdafiə etməkdən çəkinmir.

Şəms saray mühitində yaşamasına, atası – saray məmuru Şeyx Əzəmin ciddi qanunları təsirində böyüməsinə baxmayaraq, həyatın mənasını cah-calalda, şan-şöhrətdə deyil, mənəvi zənginlikdə, ictimai bərabərlikdə, haqq-ədalətin mövcudluğunda görür. Şəms humanist düşüncələrin, insanlara gözəllik bəxş edən ülviyyətin, azadlığın  müdafiəçisidir, təəssübkeşidir. Hətta bu yolda ölümə getməkdən belə qorxmur. Həyatını yüksək amalların, mənəvi gözəlliyin carçısı olan Nəsiminin müdafiəsi yolunda qurban verir.

Şəmsin şəxsiyyət tamlığını qətiyyətli fikirləri, qürurlu davranışı təsdiqləyir. Təmiz vicdanı, işıqlı düşüncələri naminə özünü qurban verməsi isə dövrünün haqsızlıqlarına qarşı olan üsyanıdır, qalibiyyətidir. Obrazın xarakter səviyyəsində təqdimatı filmin ideya məzmununa xidmət edir, baxımlılığını artırır.

Almaz Əsgərovanın bu və ya digər rollarının daxili mənini dərindən duyması, fərdi cəhətlərini özünəməxsus üslubda çatdırması personajları ekran hadisələrinin bir hissəsinə çevirməsinə, müasirləri, tərəf-müqabilləri haqqında məlumatlanmağımıza əsas yaradıb.

Aktrisa kinoda cəmi 9 filmdə çəkilməsinə, kiçikplanlı rollara dəvət almasına baxmayaraq, yaradıcılıq qismətinə düşən rollarının düşüncə və mövqeyini dəqiq xarakterizə edib, yaddaşlara yazıb, sevdirib. Tərəf-müqabilləri ilə maraqlı yaradıcılıq tandemi yaratdığına, hadisələrin inandırıcılığını təmin etdiyinə, şəxsiyyətini və sənətini unutmamağımıza səbəb yaratdığına görə də xatirəsi daim əziz tutulub, ehtiramla anılıb.

Dövlət Film Fondu