Yanvarın 22-də Ankaranın milli kitabxanasında Azərbaycanın Xalq artisti, kinorejissor Rasim Ocaqovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə kinorejissorun həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.
Tədbirdə çıxış edən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşrlər şöbəsinin müdiri Taner Bəyoğlu kinorejissorun peşəkar fəaliyyətinin müxtəlifliyi və zənginliyi haqqında danışıb, Rasim Ocaqovla şəxsi tanışlığından şərəf duyduğunu deyib.
Sonra çıxış edən TÜRKSOY baş katibinin köməkçisi Sayit Yusif və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından Azərbaycan Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov kinorejissor Rasim Ocaqovun filmlərinin keçmiş Sovetlər İttifaqının demək olar, bütün mükafatlarına layiq görüldüyünü və Azərbaycan müstəqillik əldə edəndən sonra kino sahəsində Türkiyə ilə mədəni əlaqələrin qurulmasında böyük xidmətlər göstərdiyini bildiriblər. Rasim Ocaqovun 90 illik yubileyinin Ankarada yüksək səviyyədə keçirilməsinə görə rejissorun qızı Kəmalə Ocaqova təşkilatçılara minnətdarlığını bildirib.
Sonra Azərbaycanın Xalq artisti R.Ocaqov haqqında qısametrajlı film nümayiş etdirilib.
Kinorejissorun ən çox sevilən ekran əsərlərindən olan “Təhminə” filminin baş qəhrəmanları Xalq artisti Fəxrəddin Manafov və türkiyəli aktrisa Meral Konrat da böyük sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda “Təhminə” filmi nümayiş etdirilib.