Görkəmli ssenarist, dramaturq Rüstəm İbrahimbəyovun Azərbaycan kinosunun inkişafında rolu böyükdür. Azərbaycanda və dünyada tanınan nasir 50-dən artıq filmin ssenarisini yazıb, müxtəlif janrlı filmlərə rejissor kimi quruluş verib. Ssenariləri əsasında çəkilən bir sıra filmlər, o cümlədən “Urqa – məhəbbət dairəsi, (rej. N.Mixalkov) Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində “Feliks” mükafatına, xarici dildə ən yaxşı filmə görə 1992-ci ildə “Oskar” mükafatına namizədliyi irəli sürülüb. Həmçinin 1999-cu ildə Sergey Bodrovla birgə ssenarisini yazdığı, rejissoru Rejis Varnye olan “Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olub. “Günəşdən usanmışlar” filmi (rej. N.Mixalkov) 1994-cü ildə Xarici dildə ən yaxşı filmə görə “Oskar” mükafatına, münsiflər heyətinin böyük mükafatına və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb. Nikita Mixalkovun müştərək işi olan “Sibir bərbəri” filmi 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.
Ömrü boyu sənətinin keşiyində duran, fərdi üslubu, dəst-xətti ilə seçilən, yaradıcılığında insani dəyərləri, etik keyfiyyətləri təbliğ edən Rüstəm İbrahimbəyovun əziz xatirəsi kinosevərlər üçün daim əzizdir.
Rüstəm İbrahimbəyov 1939-cu il 5 fevral tarixində Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb (1956-1962). Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasında başlayıb (1962).
Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan Rüstəm İbrahimbəyov Moskvada 1967-ci ildə ali ssenarist kursunu, 1974-cü ildə ali rejissorluq kursunu bitirib, çoxşaxəli fəaliyyəti ilə ölkəmizdə və dünyada tanınıb.
Sosial-mənəvi problemləri, dramatik konfliktləri və müasirlərimizin daxili aləmini həyat həqiqətləri əsasında ustalıqla əks etdirən nasir Azərbaycan nəsrinin yeni mərhələyə qədəm qoymasında fəal iştirak edib, səmərəli yaradıcılığı ilə bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynayıb, ədəbi-mədəni mühitin inkişafına töhfələr verib. Rəngarəng, dolğun obrazlarla zəngin əsərləri özünəməxsus dəst-xətti ilə seçilib, böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Povestləri, hekayələri, pyesləri ədəbiyyatımızın və milli kino sənətinin məzmunca yeniləşməsində əhəmiyyətli rol oynayıb.
Azərbaycan kinematoqrafiyasının inkişafında böyük xidmətləri olan yazıçının ssenariləri əsasında “Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev”, “Neft çağırır”, “Yanar qəlbin ritmləri” və digər sənədli, “Bir cənub şəhərində”, “İstintaq”, “Ad günü”, “Bir ailəlik bağ evi”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “Həm ziyarət, həm ticarət…”, “Əlvida, cənub şəhəri” və başqa bədii, eləcə də, bir sıra “Mozalan” kinosüjetləri çəkilib.
1989-cu ildə əsası qoyulan “İbrus” teatrın təsisçisi olan yazıçının 15 pyesi dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub.
Rüstəm İbrahimbəyovun Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. 1976-cı ildə Əməkdar incəsənət xadimi, 1980-ci ildə Dövlət mükafatı, 1998-ci ildə Xalq yazıçısı fəxri adlarını, alıb, 1999-cu ildə Azərbaycan Respublikasının ali dövlət təltifi olan “Şöhrət” ordeninə layiq görülüb. Həmçinin SSRİ Dövlət mükafatına (1981), Rusiya Federasiyasının bir sıra orden və mükafatlarına layiq görülüb.
Dövlət Film Fondu