Muxtar Avşarov – 110

İstedadlı aktyor üçün rolun böyüyü, kiçiyi yoxdur. Yaddaqalımlı olanı, hafizələrdə iz salanı var. Tanınmış teatr, kino aktyoru, Xalq artisti Muxtar Avşarovun kino obrazları da ekran əsərlərinin məzmununu tamamlayıb, tərəf-müqabillərinin məqsəd və niyyətini bəyan etməsinə imkan yaradıb. Ömrünü sənətə bağlayan, sevdiyi peşəsini təbliğ etməkdən heç bir zaman yorulmayan aktyor milli teatr və kino sənətimizdə özünəməxsus yaradıcılıq nümayiş etdirib, maraqlı, xarakterik personajlar ərsəyə gətirib. Bu gün maraqla izlənilən, Azərbaycan kinosunun qızıl fondunda qorunub saxlanılan filmlərdə Muxtar müəllimin ekran personajları izlənildikcə şəxsiyyəti, yaradıcılığı bir daha xatırlanır, əziz xatirəsi dərin ehtiramla yad edilir.

Muxtar Həsən oğlu Avşarov 1914-cü  il fevralın 15-də İrəvan şəhərində dünyaya göz açıb. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırıma başlaması ilə əlaqədar Avşarovlar ailəsi İrəvanı tərk etməyə məcbur olub. Ailə Türkiyəyə köçüb. Amma orada çox qala bilmədiyindən ailə əvvəlcə Bakıya, sonra Gəncəyə köçüb.  

Muxtar Avşarov Gəncədə orta məktəbdə oxuyarkən Dəmiryolçuların Mədəniyyət Evindəki dram dərnəyində ilk dəfə həvəskar aktyor kimi tamaşada rol alıb. 30-cu illərin sonunda onu Gəncə Dövlət Dram Teatrına aktyor vəzifəsinə işə qəbul ediblər. O, burada müxtəlif rollar ifa edib, həmçinin hərdən Bakıya gələrək teatrlara tamaşaları izləyib, sənət biliyini, təcrübəsini artırıb.

M.Avşarov 1939-cu ildə həbs edilib. Aktyor bu barədə müsahibələrinin birində belə qeyd edib: “1939-cu ilin noyabr ayında axşam tamaşada Dzerjinski rolunu ifa edəndən sonra məni teatrdan götürüb apardılar. Düz beş il həbsxana həyatını yaşamalı oldum. Həbsdə olarkən əlimə düşən kağız parçalarına yuxarılara şikayət ərizəsi yazırdım. Həmin ərizələrdən biri həqiqətən gedib yuxarılara çatır. Beləliklə də məsələmə yenidən baxılır, məni vaxtından  beş il əvvəl azadlığa buraxırlar”.

Muxtar Avşarov bəraət aldıqdan sonra yenidən Cəfər Cabbarlı adına Gəncə Dövlət Teatrında fəaliyyətini davam etdirib. Hətta Qoqolun “Müfəttiş” komediyası ilə (Xlestakov rolu) Ümumittifaq müsabiqəsində iştirak edib. Lakin bir müddət sonra NKVD onu “etibarsız element” siyahısına salıb, hətta onu işdən azad etdirib. Belə olan halda o, dəyirmanda fəhlə işləməyə məcbur olub. Nəhayət, 1953-cü ildə Stalinin vəfatından sonra yenidən doğma teatra qayıdıb.

1968-ci ildə Muxtar Avşarov rejissor Tofiq Kazımovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Dram Teatrında işləməyə başlayıb. 1990-cı ilə kimi bu teatrın səhnəsində müxtəlif xarakterik rollar canlandırıb, yaddaqalan obrazlar yaradıb.

Muxtar Avşarovu kinoya görkəmli sənətkar Adil İsgəndərov gətirib. Aktyoru Gəncə teatrından yaxşı tanıyan Adil müəllim “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyərkən onu filmlərə çəkilməyə dəvət edib.

Aktyor kinoda ilk dəfə 1938-ci ildə Gürcüstanda çəkilmiş “Georgi Saakadze” filmində epizodik rolda çıxış etmişdi. Azərbaycan kinosunda isə ilk dəfə 1965-ci ildə kinorejissor Hüseyn Seyidzadənin “Yenilməz batalyon” filmində, epizodik rolda oynayıb.

Ümumiyyətlə, 25-dən çox filmdə rol alan aktyor, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babamızın babasının babası”, “Birisigün, gecəyarısı”, “Cin mikrorayonda”, “Etiraf”, “General”, “Gözlə məni”, “Güllələnmə təxirə salınır”, “Gün keçdi”, “Güzgü”, “Hacı Qara”, “Xatirələr sahili”, “İşarəni dənizdən gözləyin”, “Qatır Məmməd”, “Qızıl uçurum”, “Şəhərli biçinçilər” və başqa filmlərdə çəkilib, həmçinin bir sıra “Mozalan” satirik kinosüjetlərində maraqlı rollar canlandırıb.

Avşarovun maraqlı kino obrazlarından biri də “Dəli Kür” filmindəki Allahyar obrazıdır. Kiçikplanlı rolla epizodun məzmununu, rolun mövqeyini çatdırmaq  məharətini təsdiqləyən aktyor sonralar görkəmli kino rejissorlarının filmlərinə dəvət alıb, epizod rolların təfsirində maraqlı xarakterlər nümayiş etdirib.

“Gilas ağacı” televiziya filmində aktyorun canlandırdığı alverçi Səftərəli surətini yada salaq. Hər il Qulam babanın həyətindəki gilas ağacları bar verəndə  kəndin uşaqları bura toplaşıb meyvələrdən doyunca yeyirlər. Bir gün alverçi Səftərəli Qulam babanın həyətində peyda olur. Ev yiyəsini yoldan çıxarıb ucuz qiymətə bağdakı gilasları alıb aparır. Uşaqlar gilas yemək üçün Qulam babanın yanına gələndə ağaclardan meyvələrin artıq dərildiyini görüb məyus olurlar. Qulam baba da uşaqları bu vəziyyətdə görüb pərt olur. Muxtar Avşarovun rolun pula həris, hiyləgər cəhətlərini, qarşısındakını aldatma məharətini qabarıq çatdırmaqla hadisələrin dramatizminin, uşaqların, kənd sakinlərinin kədərinin, hüznünün dərinliyini açıb göstərib. İkinci Dünya müharibəsi illərində arxa cəhbədə aclıqdan əziyyət çəkən insanların çətin vəziyyətindən yararlanan alverçilərin saxtakar mövqeyini və simasını göstərməyə nail olub. “Qara gölün cəngavərləri” filmində də fırıldaqçı alverçi Məlik neft gölündən mazut yığan uşaqları pulda aldatmaq istəyir, lakin onların müqavimətinə rast gəlir.

Aktyorun yaddaqalımlı ekran personajlarından biri də “Kişi sözü” filmindəki Ələmdar surətidir. Yersiz davranış və fikirləri ilə təəccüb doğuran Ələmdar oğlu Qasımın  məzəli, yersiz fikirlərini dəstəkləməklə özünü də kənd sakinləri qarşısında gülməli vəziyyətdə qoyur. Ələmdar gənclərin qarşılıqlı sevgisini deyil, qonşusu Nəbi kişi ilə beşik başında olan sövdələşməni əsas gətirir. Qonşusundan qızı Somazın Qasımla ailə qurmasını tələb edir. Qasımın ətrafındakılarla olan yersiz hərəkətləri, özündənrazı, müştəbeh cəhətləri isə ata kimi onu qətiyyən narahat etmir, oğlunun diplom almasını ailəsi üçün ən böyük üstünlük kimi qəbul edir.

Ələmdarın məzəli cəhətlərini özünəməxsus jest və mimikalarla çatdıran aktyor rolun mövqeyini aydınlatmaqla yanaşı, kinokomediyanın mahiyyətini, mənəvi üstünlüklərin, etiket qaydalarının vacibliyi amilini önə çəkmiş, vurğulamış olur.

Xalq qəhrəmanı Qaçaq Nəbiyə həsr olunmuş “Qanlı zəmi” tarixi-macəra filmində Muxtar Avşarovun oynadığı iranlı zabit rolu da diqqətdən yayınmır. Vəzifə səlahiyyətindən istifadə edərək insanları incidən, zülm edən rolun danışıq və davranışları qəddarlığının göstəricisi, dövrünün reallığının əyani sübutu kimi qəbul olunur.

Bu və ya digər rollardan da göründüyü kimi Muxtar Avşarov kinoda epizod və kiçikplanlı obrazlar ustası kimi tanınırdı. İmza atdığı hər bir yaradıcılığında peşəkarlıq nümayiş etdirdiyinə görə də sevilirdi.

Kino istedadları sevir. İstedadına əməyini, zəhmətini qatıb, onu cəmiyyət üçün səmərəli iş əmsalına çevirənləri isə unudulmağa qoymur, qəlblərdə, düşüncələrdə yaşadır. Xalq artisti Muxtar Avşarov kimi.

Muxtar Avşarov 2004-cü ilin dekabr ayının 6-da dünyasını dəyişdi. Özünəməxsus yaradıcılığına, sənətdəki peşəkarlığına görə xatirəsi hər bir zaman əziz tutuldu.

90 illik ömrünün 65 ilini teatra, kinoya, televiziya və radio tamaşalarına həsr edən, geniş tamaşaçı və dinləyici auditoriyasının sevgisini qazanan aktyorun sənətdəki xidmətləri Dövlət tərəfindən yüksək qiymətləndirildi. 2002-ci ildə Xalq artisti fəxri adına layiq görüldü. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edildi.

Dövlət Film Fondu