Xalq şairi Nəbi Xəzrinin 100 illiyi ərəfəsində “Şeir mənim üçün bir kainatdır” filminin nümayişi keçirildi

Fevralın 16-da Azərbaycan Dövlət Film Fondunda Xalq şairi, Dövlət mükafatları laureatı, dramaturq və ssenarist Nəbi Xəzrinin 100 illik yubileyi ərəfəsində “Şeir mənim üçün bir kainatdır” filminin nümayişi keçirildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Nəbi Xəzrinin sağlığında çəkilmiş bu filmin onun əbədi irsinin təbliğində böyük rolunu qeyd etdi, ekran əsərinin Film Fondunda rəqəmsal bərpası haqqında ətraflı məlumat verdi. Sonra şairin ailə üzvləri adından oğlu Arzu Babayev çıxış edərək, N.Xəzrinin 60 illik yubileyi münasibətilə çəkilmiş bu filmin çəkilişlərini xatırladığını qeyd etdi və tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.

Tədbirin sonunda kinorejissor Cahangir Zeynallının tanınmış şairə həsr etdiyi, 1984-cü ildə lentə alınmış “Şeir mənim üçün bir kainatdır” sənədli filmi tamaşaçılara təqdim olundu.