Aktyor Bahadur Əliyevin doğum günüdür

Tanınmış kinoaktyor, kino istehsalı təşkilatçısı Bahadur Əliyev “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 70-dən artıq filmdə xidmət göstərib. Bu filmlərin içərisində bədii filmlərdə və “Mozalan” kinosüjetlərində aktyor kimi çəkildiyi, film təşkilatçısı kimi çalışdığı ekran əsərləri də var.

69 illik ömrünün 39 ilini milli kino sənətimizin inkişafına həsr edən Bahadur Atabala oğlu Əliyev 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuyarkən incəsənətə böyük maraq göstərib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan  Dövlət Teatr  İnstitutunun  kino və dram aktyorluğu fakültəsinə daxil olub. İnstitut həyatı, görkəmli sənətkarlardan aktyorluq sənətinin sirrlərinə yiyələnməsi, tələbə yoldaşları ilə birgə tamaşalarda iştirak etməsi gənc aktyorun qarşısında yeni perspektivlər açıb. 1956-cı ildə institutu bitirdikdən sonra təyinatı Bakı kinostudiyasına verilib. Kinostudiyada rejissor assistenti vəzifəsinə işə qəbul edilib. Bir ildən sonra aktyor vəzifəsinə keçirilib. 1957-1959-cu  illərdə “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq  olarmı?” filmlərində kiçikplanlı rollarda çəkilib.

Rejissor Əjdər İbrahimovun “Onun böyük ürəyi” kinopovestində gənc aktyorun ifa etdiyi Əhməd Maşa adlı qızı sevir. O, hər bir gənc kimi böyük arzularla yaşayır. Lakin alman faşistlərinin Sovet İttifaqına qəflətən hücumu Əhmədin gələcək planlarını təxirə salır. O da digər gənclər kimi vətəni qorumaq üçün cəbhəyə yollanır. Rol kiçikplanlı olsa da, obrazın puça çıxan arzularını, dövrün acınacaqlı, kədərli ab-havasını, bununla belə, gələcəyə olan ümid işığının sönmədiyini inandırıcı çatdırmağa müvəffəq olub.

Bir ildən sonra kinostudiyada işin həcmi azaldığına görə Bahadur Əliyev tutduğu vəzifədən  azad edilib. Bakıdakı Lal-Karlar Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə işə düzəlib. Kinostudiya ilə də əlaqəsini kəsməyən aktyor “Əsl dost” filmində Fərmanın köməkçisi, balıqçı rolunda çəkilib, “Qəribə əhvalat” filmində   milis işçisi rolunu ifa edib.

Lal-Karlar Mədəniyyət evindən  öz xahişi ilə işdən çıxan aktyor 1961-ci il mayın 12-də yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına korrektor vəzifəsinə işə götürülüb. Paralel olaraq, “Telefonçu qız”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur” filmlərinə çəkilib. “Böyük dayaq” kinodramında komsomolçu, “Möcüzələr adası”nda neftçi, “Sehrli xalat”da xanın əsgəri rollarında çıxış edib.

Kinorejissor Ağarza Quliyevin quruluş verdiyi “Ulduz” kinokomediyasındakı Qədir obrazı aktyora daha çox məşhurluq qazandırıb. Xarakter etibarilə şöhrətpərəst, özündənmüştəbeh olan Qədir Bakıdan gələn institut rektorunun təsərrüfat işləri üzrə müavini Gülümsərovun limonla mandarini calaşdırıb yeni meyvə növü yetişdirmək xəyalına inanır və bu işdə ona kömək edir.

Həmkəndliləri ilə razılaşmayan, onları dinləməyən kolxoz sədri hesab edir ki, əgər o, kolxoza rəhbərlik edirsə, deməli, onun sözü yerə düşə bilməz.

Qədir gənc qız Ulduzu sevir və onun tərəfindən sevildiyini də güman edir. Razılaşdırılmamış şəkildə sevdiyi qızın evinə elçilərlə bərabər qoyun-quzu göndərməsi isə onu pis vəziyyətdə qoyur.

Qeyri-normal cəhətləri, özündənrazı cəhətləri ilə kənd camaatının qınağına tuş gələn Qədir fərdi cəhətlərindəki çatışmazlıqları, nəhayət ki, anlayır, ictimaiyyətlə normal davranış qaydalarını qurmağın zəruriliyini şərt olaraq qəbul edir. Beləliklə də, daha çox kiçikplanlı rol iştirakçısı kimi qəbul edilən aktyor xarakterik rol ifaçısı kimi yadda qalır. Qədir obrazının uğurundan sonra kinostudiyanın rəhbərliyi onu 1965-ci ilin sonunda böyük inzibatçı vəzifəsinə keçirir. Bununla paralel olaraq, “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon” bədii,  “Yun şal” bədii televiziya filmlərində çəkilir. “İstintaq davam edir” filmində təhlükəsizlik orqanının əməkdaşı, kapitan Əliyev, “İyirmialtılar” tarixi-inqilabi filmində gənc fəhlə rollarında çıxış edir.

Kinonu sevən, sənətini həyatının mənasına çevirən Bahadur Əliyev hər bir zaman ona tapşırılan işin öhdəsindən bacarıqla gəlib, rəhbərliyin və həmkarlarının rəğbətini qazanıb. Buna görə də kinostudiyanın ovaxtkı direktoru Adil İsgəndərovun göstərişi ilə 1968-ci il sentyabrın 1-dən dublyaj qrupu direktorunun müavini vəzifəsinə keçirilib, 1973-cü ilə kimi bu vəzifəni icra edib. Xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində aktyor kimi çalışıb, həmçinin inzibatçı kimi dublyaj işini təşkil edib. Eyni zamanda,  “Axırıncı aşırım”, “Bizim küçənin oğlanları”, “Həyat bizi sınayır”, “O qızı tapın” və digər filmlərdə çəkilib.

Bahadur Əliyevin dublyaj işində xüsusi xidmətləri olub. Həmkarları onu  “dublyajın vuran ürəyi” adlandırırdılar. O, dublyaja dəvət olunan teatr aktyorları ilə kino işçiləri arasında ünsiyyət yaradır, onların bir araya gələrək bilmədiklərini bir-birilərindən öyrənmələrinə, bir-birilərinə dəstək olmalarına səbəb olurdu. Sənətdəki aktiv fəaliyyətinə görə də, kinostudiyanın direktoru Adil İsgəndərov ona kinoaktyor ştatına keçməyi məsləhət görür. 1973-cü il aprelin 24-də kinoaktyor ştatına keçirilir, ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxana kimi, yəni 1995-ci ilə qədər burada çalışır. Eyni zamanda “Babək” filmində Afşinin əsgəri Divdad, “Dərviş Parisi partladır” filmində at almaq üçün Qarabağa gəlmiş özbək, “Evlənmək istəyirəm” kinokomediyasında bəy, “Özgə ömür” kinodramında  qonşu, “Firəngiz” televiziya filmində Bahadur və digər rollarda çəkilir.

Bahadur Əliyevin yaradıcılıq bioqrafiyasında olan filmlərin əksəriyyətində oynadığı rollar epizodikdir. Lakin o, istedad və bacarığı sayəsində bütün rollarını  həvəslə, yaddaqalımlı formada canlandırıb.       Bədii kinodakı fəaliyyəti ilə yanaşı, “Mozalan” satirik kinojurnalının bir çox bədii süjetlərində, o cümlədən “Buyruq və quyruq” (№ 5), “Arzu”  (№ 8), “Etibarnamə” (№ 21), “Bu adım, bu ünvanım” (№ 24), “Yanğın”  (№ 27), “Alıcının sərgüzəşti” (№ 31), “Tutuquşu” (№ 93) və digər  süjetlərdə müxtəlif tiplərin surətlərini yaradıb. Həmçinin  “Atları yəhərləyin”, “Bağ mövsümü”, “Bəyin oğurlanması”, “Süd dişinin ağrısı”, “Doğma sahillər” , “Qətl günü”, “Ümid”, “Sarı gəlin” və başqa filmlərdə aktyor və yaxud istehsalat təşkilatçısı kimi iştirak edib.

Kiçikplanlı rolların mahir ifaçısı kimi tanınan aktyor hətta bir neçə xarici filmdə, o cümlədən, Özbəkistan və Hindistan kinostudiyalarının birgə işi olan “Əlibaba və qırx quldurun macəraları”, “Abdulla” (Hindistan), “Odlu yollarla”  (Özbəkistan),  “Şerəli və Aybərçin” (Özbəkistan, Tacikistan və Azərbaycan) və digər filmlərdə çəkilib.

Aktyor və kino istehsalı təşkilatçısı kimi tanınan, adı qəlblərdə iz salan tanınmış aktyor 2002-ci il sentyabrın 16-da ürək çatışmazlığından infarkt keçirərək, 69 yaşında vəfat edib, doğulduğu kənddə torpağa tapşırılıb.

Əməlisaleh insan, peşəkar kino işçisi kimi tanınan, istedadına, bacarığına, sənətinə olan həddən artıq məsuliyyətinə görə də həmkarlarının və kinosevərlərin sevgisini qazanan Bahadur Əliyev bu gün də xatirəsi əziz tutulan sənətkar kimi anılır, dərin ehtiramla yad edilir.

Dövlət Film Fondu