Svetlana İsmayılova – 85

Hər bir sənət maraqlı və dəyərlidir. İnsan mənəvi üstünlüyündən, şəxsiyyət tamlığından məsləyinə pay böləndə ətrafındakılar üçün daha çox önəm daşıyır, məsləyi, biliyi sayəsində insanlara daha çox köməyi dəyir. Yazıçı, jurnalist Svetlana İsmayılovanın da mehriban insan, ziyalı vətəndaş kimi müasirlərinin həyatında böyük rolu olub. Yüksək mənəvi keyfiyyətlərinə, peşəkar yaradıcılıq xüsusiyyətlərinə görə ətrafdakıların sevgisini, rəğbətini qazanıb.

Artıq bir ildir ki (25.02.2022), aramızda olmayan Svetlana İsmayılova istər pedaqoji fəaliyyəti, istərsə də kinostudiyada işlədiyi vaxtlarda həmkarları, tələbələri arasında böyük hörmət qazanıb, biliyi, bacarığı ilə dost və yaxınlarının hafizəsində dərin iz buraxıb, əziz xatirəsi əbədiləşib, hörmətlə anılıb.

Kino mətninin redaktə işinin mükəmməlliyi təsvirin baxımlılığını artıran səbəblərdəndir. Bu kimi məsuliyyətli işin öhdəsindən gəlmək üçünsə dərin biliyə, zəngin təfəkkürə, ən əsası da kövrək qəlbə sahib olmaq lazımdır. Svetlana İsmayılova da yüksək mənəvi dəyərləri, insani xüsusiyyətləri şəxsiyyətində cəmləşdirməklə yanaşı,

Azərbaycan kinosunun keşiyində durub, məslək borcunu sevgi və məsuliyyətlə yerinə yetirib. Bu kimi üstünlükləri Svetlana xanımı sevilərək xatırladan səbəblərdəndir.

Svetlana İsmayılova 1939-cu il fevralın 26-da Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirib. Hələ tələbəlik illərindən mətbuatda müxtəlif mövzulu yazılarla çıxış edib, ədəbi ictimaiyyətin diqqətini çəkib. Mənbələrin birində rastlaşdığımız Xalq yazıçısı Əzizə Cəfərzadənin fikirləri Svetlana İsmayılova haqqındakı təsəvvürlərimizi daha da genişləndirir: “Mən bu xanımın bir çox yazılarını ürəkdən bəyənirəm, onlar istər mövzusu, istərsə də yazılışına görə fərqlənirlər. Bu çətin, mürəkkəb dövrdə yaxşı ovqat, xeyirxah əhval-ruhiyyə, ürəyi açıqlıq və gülüş yaradırlar. Yeri gəlmişkən, Svetlananın özü də böyük həyat eşqli, xeyirxah biçimli, diqqətcil, qayğıkeş insandır… Xalqının mədəni irsini, ədəbiyyat, tarix kimi böyük sərvətlərin bilicisi və qoruyucusudur. O, işinə məhəbbətlə yanaşan, adamlarla mədəni və səliqə ilə davranan, həm də gözəl təşkilatçıdır. Yaxşı cəhəti bir də odur ki, yazıçılığa, kino yaradıcılığına əsas meyli jurnalist bacarığından, jurnalist peşəsini sevdiyindən irəli gəlir. İstər kino, istər bədii yaradıcılıq, tərcümə – bir sözlə, nə edir-etsin, jurnalist dəqiqliyi, jurnalist gerçəkliyi onun qələmini heç vaxt tərk etməyib. Yaxşı zövqü, sərraf seçimi var. Xalqının böyüklü-xırdalı, görkəmli şəxsiyyətlərini yaxşı tanıyır”.

1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda kinematoqrafiya üzrə doktorant, “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi və şöbə müdiri, incəsənət şöbəsinin elmi redaktoru vəzifələrində işləyən Svetlana İsmayılova 1984-2001-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının aparıcı redaktoru  olub. Kinostudiyada sənədli, bədii və animasiya filmləri şöbəsində, həmçinin “Mozalan” satirik kinojurnalında ssenari müəllifi və redaktor kimi çalışıb. Bir sıra sənədli, animasiya filmlərinin və “Mozalan” satirik kinojurnalında gedən süjetlərin müəllifi olub. Xarici ölkələrdə istehsal olunan 70-ə yaxın bədii filmi rus dilindən Azərbaycan dilinə tərcümə edib. “Çinarım mənim”, “Vaxt var idi…” adlı kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Svetlana xanımın ssenariləri əsasında Azərbaycan alim və yazıçılarına həsr olunan silsilə sənədli (Xalq yazıçısı Əzizə Cəfərzadənin həyatından bəhs edən “Ağ saçların işığı”, tarix elmləri doktoru Püstəxanım Əzizbəyova haqqında “Dünyanı gözəllik xilas edəcək” və s.) filmlər çəkilib. Ssenarisi əsasında ekranlaşdırılan “Ana Kür” sənədli filmi uğurlu ssenarisinə görə “Həsən Əliyev” mükafatına layiq görülüb.

Svetlana İsmayılova çoxşaxəli fəaliyyəti ərəfəsində bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasında dosent və baş müəllim vəzifələrində çalışıb. Həmçinin, sözün əsl mənasında tələbələrinin hamisinə, dostuna çevrilib. Kino sahəsindəki xidmətlərinə görə müxtəlif diplomlara, mükafatlara, o cümlədən “Qızıl qələm” (1990), “Həsən bəy Zərdabi” (1998) mükafatlarına layiq görülüb, Arif Babayev adına Fəxri Fərmanla təltif edilib (2002).

Ömrünün son illərində Almaniyanın Düsseldorf şəhərində yaşayıb, orada da kino sahəsi üzrə fəaliyyətini davam etdirib. Düsseldorf Kino Sənəti Biliciləri klubunun üzvü kimi Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olub.

Dövlət Film Fondu