Səs rejissoru Əsəd Əsədovun doğum günüdür

Səs rejissorluğu sənəti kinonun vacib sahələrindəndir. Səs rejissorlarının peşəkarlığı filmlərin kompozisiyasını tamamlayır, uğurunu təmin edir. Filmə daxil edilən yüksək keyfiyyətli səs elementlərini yaradan (danışıq, səs-küy, musiqi, təbiət səsləri və s.) vasitələrlə işləmək istedadla yanaşı, bacarıq, diqqət, zəhmət və məsuliyyət tələb edir.

“Azərbaycanfilm”  kinostudiyasında istehsal olunan 150-dən artıq filmdə (bədii, sənədli, “Mozalan”) çalışan, imza atdığı hər bir işində peşəkarlıq nümayiş etdirən tanınmış səs rejissoru, Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı Əsəd Əsədov da 100-ə yaxın filmdə (bədii, sənədli) çalışıb, ekran əsərlərinin səs elementlərinin yüksək səviyyədə təqdimatını təmin edib.

Əsəd Fərrux oğlu Əsədov 1947-ci il mart ayının 1-də Bakıda anadan olub. Kinoya olan marağına görə 1965-ci ildə sənədlərini Leninqrad Kino Mühəndisləri İnstitutuna verib, 1970-ci ildə institutu bitirib. Həmin ildən etbarən “Azərbaycanfilm” kinostudiyasında mühəndis işləyib, bir müddət sonra hərbi xidmətə gedib. 1974-cü ildə ordudan tərxis olunduqdan sonra kinostudiyanın dublyaj şöbəsində səs rejissoru kimi fəaliyyətə başlayıb. İlk dəfə “Nənələr və nəvələr” adlı Gürcüstan filminin dublyajında çalışıb. Həmçinin uzun müddət İncəsənət Universitetində (indiki ADMİU) pedaqoji fəaliyyət göstərib, məsləyini gənclərə tədris edib.

“Səs rejissorluğu filmdə olduqca vacib sahədir. Bu sahənin də özünəməxsus maraqlı tərəfləri var. Montaj prosesi bitdikdən sonra filmin səsləndirilməsi başlayır. Filmdə çəkilən aktyorların səsini hansı aktyorun səsləndirməsini ölçüb-biçirik, qərar veririk. Bu iş prosesi zamanı həyata keçirilir. Kinoda birinci adam filmin quruluşçu rejissorudur. Onun dediyinə mütləq əməl olunmalıdır. Mən həmişə rejissorlarla fikir mübadiləsi aparmışam, istəkləri ilə də qarşılıqlı anlaşmamız olub. Filmlərdə təkcə səs yox, operator, montaj işi, ümumiyyətlə, hamısı önəmlidir. Səsləndirilmə prosesi ən axırda gedir. Həmişə çalışmışıq ki, filmdə səslənən  həm musiqi, həm kənar səslər, həm də aktyorların səsi maraqlı olsun. Bunun üçün də çalışqanlıqla yanaşı, böyük səbir tələb olunur”, – deyən səs rejissoru fəaliyyəti boyu 100-ə yaxın bədii və sənədli filmin, həmçinin “Mozalan” satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissoru olub. “Yaramaz” filminə görə Dövlət mükafatına (1991), “Ailə” filmindəki işinə görə isə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl çıraq” mükafatına layiq görülüb (2003). Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci il tarixində Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Sənətini sevən, işinin öhdəsindən bacarıqla gələn Əsəd Əsədov ömrünün 76-cı yazında, 2023-cü ilin sentyabr ayının 23-də Bakıda dünyasını dəyişdi. Yüksək şəxsi keyfiyyətlərinə görə xatirəsi daim əziz tutuldu, unudulmadı. Allah ona rəhmət eləsin.

Dövlət Film Fondu