Kinorejissor Şamil Mahmudbəyovun 100 illik yubileyi qeyd olundu

Fevralın 29-da Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə tanınmış kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olundu.

Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, rejissoru İkinci Dünya müharibəsi veteranı, təvazökar insan, peşəkar rejissor kimi yada saldı. Sonra Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimləri – kinoşünas Aydın Kazımzadə və kinooperator Nizami Abbas, aktyor Arif Kərimov və prodüser Rasim Həsənov Ş.Mahmudbəyov haqqında xatirələrini bölüşdülər.

Tədbirin sonunda kinorejissor Şamil Mahmudbəyovun son işi olan “Adam” filmi nümayiş etdirildi. Yarımçıq qalan film 2010-cu ildə Əməkdar incəsənət xadimi Nizami Abbas tərəfindən “Yeni dalğa” prodüser mərkəzində tamamlanmışdır.