Əjdər İbrahimov – 105

Azərbaycan kinosunda maraqlı, məzmunlu ekran əsərlərinə quruluş verən, bənzərsiz dəst-xəttinə görə seçilən kinorejissorlardan biri də Respublikanın Xalq artisti, görkəmli sənətkar Əjdər İbrahimovdur. Hələ erkən yaşlarından kino sənətinə maraq göstərən, ömrü boyu bu sənətin incəliklərini öyrənməkdən, tədris etməkdən yorulmayan rejissor ərsəyə gətirdiyi ekran əsərlərində insan mənəviyyatının gözəlliyini, üstünlüyünü, sosial mühitin, münasibətlərin yaranması üçün vacibliyini əsas götürüb, filımlərinin qayəsinə çevirib.

Əjdər İbrahimovun filmlərində insan faktoru, sosial mühitə münasibəti, psixologiya və davranışı xüsusi önəm kəsb edirdi. Buna dövrün reallığını, ab-havasını xarakterində cəmləyən, büruzə verən ictimai motivləri əks etdirən mövzulara müraciət edib, bilik və bacarığı, zəngin dünyagörüşü fonunda ustalıqla təhlil obyektinə çevirib. İndi isə tanınmış kinematoqrafçının həyat və sənət yoluna qısa nəzər salaq.

Əjdər İbrahimov 1919-cu il aprelin 29-da Aşqabadda anadan olub, orta təhsilini də orada alıb. Kinoya hələ uşaq yaşlarından həvəs göstərib. Buna görə də, əvvəlcə Aşqabaddakı Musiqili Dram Teatrında işə düzəlib, daha sonra Aşqabad Teatr Məktəbində təhsil alıb.

İkinci Dünya müharibəsi başlayanda Əjdər İbrahimov da həmyaşıdları kimi ölkənin müdafiəsinə qalxıb, 1942-ci ildə cəbhəyə yollanıb. Gələcəyin məşhur rejissoru sonralar cəbhə həyatından belə bəhs edəcəkdi: “Cəbhə mənim üçün ilk həyat məktəbi oldu. Müharibə mənə çox şey öyrətdi. Məni ağlasığmaz hadisələrin iştirakçısına çevirdi. Çətin müharibə yollarında xeyri də gördüm, şəri də, onların mübarizəsini də. Artıq biz cavanlar üçün “həyat” və “ölüm” abstrakt kateqoriyalar deyildi. Buna görə də biz sonralar ekrandan nə isə yeni bir söz deyə bildik…”

Əjdər İbrahimov müharibədən sonra 1952-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini (Sergey Yutkeviçin, Mixail Rommun emalatxanasını) bitirib. Diplom işi üçün çəkdiyi “Sülh uğrunda mübariz” filmi kino sənətindəki rolunu müəyyənləşdirib. Türk şair, yazıçısı Nazim Hikmətə həsr etdiyi kiçikhəcmli filmdə şairin həyat və yaradıcılığını canlı şəkildə ekranda göstərməyə müvəffəq olub.

İnstitutu bitirdikdən sonra istedadı ilə müəllim və tələbə heyətinin diqqətini çəkən gəncə Moskvada qalıb işləmək təklif olunur. Lakin o, böyüyüb boya-başa çatdığı torpaqda qalıb işləməyə üstünlük verir. Aşqabada qayıdıb yerli kinostudiyada “Firuzə”, “Xəzər dənizinin şərqində” və digər sənədli filmlər çəkir. “Sovet Türkmənistanı” kinojurnalının bir çox nömrələrinin rejissoru olur.

Əjdər İbrahimov hələ Ali kino məktəbində oxuduğu illərdə görkəmli kinorejissorlardan Lətif Səfərov, Tofiq Tağızadə ilə dostluq edərdi. Buna görə də institutu bitirdikdən sonra da onlarla dostluq əlaqəsini kəsmirdi. Bakıya tez-tez gələr, yaradıcılıq söhbətləri edər, yeni layihələr üzərində fikir mübadiləsi aparardı.   

Nazim Hikmətin ədəbi və ictimai fəaliyyətinə böyük marağı olan rejissor 1957-ci ildə İlya Qurinlə birgə “Bir məhəllədən iki nəfər” bədii filminə quruluş verir.

Bakı kinostudiyası ilə Maksim Qorki adına kinostudiyanın birgə istehsalı olan  filmdəki hadisələr yaxın Şərq ölkələrindən birində cərəyan edir. Xalqın həyatı, ictimai bərabərsizliyə, sosial haqsızlığa qarşı olan mübarizəsi rejissorun maraqlı quruluşunda dolğun və inandırıcı şəkildə əks olunub.

1950-1960-cı illərin kəsiyində Əjdər İbrahimov Vyenamda yaşayıb, orada pedaqoji fəaliyyətlə məşğul olub. Vyetnam Demokratik Respublikası kinematoqrafiyasının yaradılmasında əlindən gələn köməyi əsirgəməyib. Hanoyda milli kino məktəbinin açılması Əjdər İbrahimovun adı ilə bağlıdır. Burada o, kino fənnindən dərs deyib, kino aktyorlarının hazırlığı üzrə emalatxanalara rəhbərlik edib. Bu ölkədəki gərgin pedaqoji fəaliyyəti Vyetnam Demokratik Respublikasının ali mükafatları ilə qeyd edilib. Vətənə qayıtdıqdan sonra Vyetnam təəssüratlarını yazılarında əks etdirən rejissor “Vyetnamda gördüklərim”, “Günəş yandırır”, “Döyüşən Vyetnamın kino sənəti”, “Tan qəbiləsindən olan qız” kitablarını yazıb.

1962-ci ildən “Mosfilm” kinostudiyasında fəaliyyətini davam etdirən kino bilicisi Azərbaycan kinematoqrafçıları ilə də dostluq əlaqəsini kəsmir. “Mosfilm” və “Azərbaycanfilm” kinostudiyalarının birgə istehsalı olan “İyirmialtılar” (1966) və “Ulduzlar sönmür” (1971) tarixi-inqilabi filmlərini çəkir.

1973-cü ildə “Mosfilm” kinostudiyasında ailə-məişət mövzusunda çəkdiyi Təcili yardım işçilərinə həsr etdiyi “Ürək əhvalatları” filmi rejissorun lirik planda işləmək qabiliyyətini üzə çıxardır. Bu mövzunu bir qədər dərinləşdirərək, Nazim Hikmətin eyniadlı əsərinin motivləri əsasında ekranlaşdırdığı “Qəribə adam” (1979) bədii televiziya filmində cəmiyyətdə hökm sürən mənəviyyatsızlığın və satqınlığın acı nəticələrindən danışır.

Əjdər İbrahimovun filmləri ümumittifaq ekranlarda uğurla nümayiş olunurdu. Buna görə də “Mosfilm” kinostudiyasının və “Tuğrafilm” kinoşirkətinin birgə layihəsi olan “Məhəbbətim mənim, kədərim mənim” məhəbbət dramını ekranlaşdırmaq ona həvalə olunur. Bu dəfə də Nazim Hikmətin yaradıcılığına müraciət edərək şairin “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında maraqlı, məzmunlu film ərsəyə gətirir.

İstedadlı rejissor olduğu qədər, bacarıqlı ssenarist kimi də tanınan Əjdər İbrahimov “Qayınana” kinokomediyasının ssenarisini Marqarita Maleyeva, “İyirmialtılar” filmini İsa Hüseynov və Mark Maksimovla birgə, “Ulduzlar sönmür” filmini isə İsa Hüseynovla birgə yazır. “Məhəbbətim mənim, kədərim mənim” filminin ssenarisini özü işləyir. “Qəribə adam” kinodramının ssenarisini Marqarita Maleyeva ilə birgə yazır. Bəzi filmlərində aktyor kimi çəkilən rejissor  “Onun böyük ürəyi” filmində Rəsulov, “Ulduzlar sönmür” tarixi-inqilabi filmində Bequlov, “Qəribə adam” filmində tacir rollarını canlandırır. Kino fəaliyyəti ilə yanaşı, Moskva Dövlət Mədəniyyət İnstitutunda çalışır (20 ildən artıq), kino rejissorluğu və aktyor sənətindən dərs deyir.

Kino sənətinin incəliklərini dərindən bilən, müraciət etdiyi hər bir mövzunun dərinliklərinə varan, mahiyyətini göstərən, məzmununu peşəkarlıqıla təhlil edən rejissorun kinodakı xidmətləri layiqincə qiymətləndirib. Azərbaycanın və SSRİ-nin Xalq artisti, Türkmənistanın Əməkdar incəsənət xadimi fəxri adlarını alıb. “Qırmızı əmək bayrağı”, “Xalqlar dostluğu”, “Şərəf nişanı”, “Əmək” ordenləri (Vyetnam Demokratik Respublikası) ilə təltif olunub.

Daim öz üzərində işləyən, mütaliə etməkdən, öyrənməkdən yorulmayan rejissor daha çox filmlər çəkə, yaradıcılıq filmoqrafiyasını daha məzmunlu filmlərlə zənginləşdirə bilərdi. Ölüm aman versəydi…

Həyatı biliyinlə, zəhmətinlə qazanmağın şərt olduğu qədər, yaşananların bir gün bitəcəyi də faktdır. Həyat cəbhəsində daim vuruşan, əzmkarlığına, bacarığına görə öncüllərdən biri kimi sayılıb-seçilən, qəlbi, ruhu yaradıcılıq eşqi ilə dolu olan Əjdər İbrahimov da uzun sürən xəstəlikdən sonra ömrünün 74-cü ilində lentlərə köçürdüyü sevincli, kədərli dünyasını dəyişdi. 1993-cü ilin sentyabr ayının 20-də Moskvada vəfat etdi. Bakıda Fəxri Xiyabanda dəfn edilən kino xadiminin dərin məzmunlu filmləri nəsillərə miras qaldı, xatirəsi əziz tutuldu, unudulmadı.

Dövlət Film Fondu