Azərbaycan teatr və kino sənətində özünəməxsus dəst-xətti ilə yaddaşlarda iz salan, qəlblərdə yaşayan unudulmaz sənətkarlarımızdan biri də Xalq artisti Ağasadıq Gəraybəylidir. İstedadlı sənətkarın adı Azərbaycan teatr və kinosunun inkişaf tarixi ilə bağlıdır. Belə ki, aktyor sevib-seçdiyi məsləyini sənət prinsiplərinə əsaslanaraq yaşarı, inandırıcı, yüksək səviyyədə təqdim edib, 91 illik ömrünün 80 ilini sənətə həsr edib. Realizm prinsiplərindən bəhrələnən unudulmaz sənətkarın anadan olmasının 127 illiyində (15.03.1897- 05.12.1988) Azərbaycan kino sənətinə gətirdiyi uğurlardan bəhs edəcək, ömür kitabının səhifələrini vərəqləyəcəyik.
Ağasadıq Gəraybəyli 1897-ci ilin bir yaz günündə, martın 15-də Şamaxıda dünyaya göz açıb. Körpə yaşlarından ailəsi Bakıya köçüb. 1916-cı ildə Politexnik məktəbinə daxil olub. Burada yazıçı, dramaturq Cəfər Cabbarlı ilə olan dostluğunun təməli qoyulub. Tələbəlik illərində “Nicat”, “Səfa” cəmiyyətlərinin teatr truppalarında epizod rollar oynayıb. 1920-ci ildə Milli Dram Teatrının yeni təşkil olunan truppasına işə götürülüb. Müəyyən fasilələrlə (1921-1932) Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında işləyib. Bu teatr 1925-ci ildə Bakı Türk İşçi və Kəndli Teatrı, 1927-ci ildən Türk İşçi Teatrı adlandırılıb. 1933-cü ildə kollektiv Gəncəyə köçüb. Gəraybəyli bir müddət Gəncədə qaldıqdan sonra yenidən Milli Dram Teatrına qayıdıb. Ömrünün sonunadək burada çalışıb.
Teatr və kino obrazlarının həyat mövqeyi, amalı, düşüncəsi yaradıcılığının təfsirində cilalanan aktyor 17 bədii filmdə müxtəlif xarakterli rollar yaradıb. Kinoda debütü “Qız qalası” (1924) filmindəki həkim rolu olub. 1929-cu ildə Cəfər Cabbarlının ssenarisi əsasında çəkilən “Sevil” filmində baş rol olan Balaş obrazını oynayıb. Aktyorun uzun illər teatr səhnəsində görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlının əsərlərinə nəfəs, can verməsi (“Ədirnə fəthi”ndə Nazim paşa, “Aydın”da Dövlət bəy, “1905-ci ildə” tamaşasında Salamov, general-qubernator və s.) kino obrazının yaşarı alınmasına imkan yaradıb.
Aktyorun “Fətəli xan” (1947) tarixi-bioqrafik filmində oynadığı Sərdarın elçisi rolu kiçikplanlı olsa da yaddaqalandır. Personajın hiyləgər, kinli xüsusiyyətlərini mimika cizgiləri, jestləri ilə dəqiq xarakterizə edən sənətkar kiçik bir kadrda rolun mövqeyini açmağa nail olub. Kiçikplanlı ekran obrazının xüsusiyyətini incə ştrixlərlə açıb, potensial çoxluğunu, daha genişplanlı, aparıcı rolları məharətlə ifa etmə bacarığını təsdiqləyib.
Gəraybəylinin kinoda ilk böyük rolu “Bəxtiyar” kinokomediyasındakı Ağabala surətidir. Obraz tamaşaçıların gülümsəyərək, sevgi ilə xatırladığı bir personajdır. Aktyor filmdəki komik nüansları vəziyyət komediyasına çevirib, mənfi prototipin qeyri-normal cəhətlərini hadisələrin gedişatı zəminində təbii boyalarla, incə yumorla tənqid atəşinə tutub. Mənfi roluna qarşı olan fərdi münasibətini maraqlı ştrixlərlə, mimika cizgiləri, jestlərlə göstərib.
Görkəmli kinorejissor Hüseyn Seyidzadənin 1956-cı ildə quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyasında aktyorun oynadığı Rüstəm bəy obrazı nə qədər iddialı, özündənrazı olsa da, filmin finalında Gülnazı yolasalma səhnəsində onun kədərli, düşüncəli, eyni zamanda ironik, təəssüf dolu ifadə ilə xudahafizləşdiyini görürük. Aktyorun mövqeyindən obrazın doğru yaşam tərzinin olmadığı, qeyri-normal prinsiplərə köklədiyi həyat mövqenin cılızlığı, eləcə də cəmiyyətdə gülüş hədəfinə çevrildiyi təəssüf dolu baxışı ilə bildirilir. Sənət bilicisinin mənfi personajlarına olan tənqidi yanaşması nəticəsində də məntiqli gülüş komizm səviyyəsinə yüksəlir, keyfiyyətli komediya həyatın tipik inikasına çevrilir, şəxsi və ictimai qüsurlar tənqid edilir.
“Qızmar günəş altında” (1957, rej. L.Səfərov) filmindəki Niyaz Sərdarov obrazı qəliz və qəribə xarakterlidir. O, çay əkini zamanı quraqlıqla mübarizə aparmaqda, tarlaların suvarılması üçün lazım olan su anbarının tikilməsində, kanalın çəkilməsində, tibb məntəqəsinin bərpa olunmasında əmək adamlarına kömək etmək istəmir, hadisələrə birmənalı yanaşır. Bununla yanaşı, cəsarətsiz xüsusiyyətli Sərdarov Eldarın və həkim Aydın Zeynalovun mərd cəhətlərini də alqışlayır. O, cəsurluğun insana yaraşan xüsusiyyət olduğunu bilir, bəyənir, özü isə ətrafdakılara biganə yanaşır. Bununla da obrazın qüsurlu cəhətlərini ifşa edir.
Aktyorun teatr fəaliyyəti, səhnə plastikasının zənginliyi, kamera qarşısında mimika cizgilərindən məharətlə istifadə etmə bacarığı rolların mövqeyini dəqiq çatdırmasına, ədəbi əsərlərin məzmununun açılmasına imkan verir.
Ağasadıq Gəraybəyli rol aldığı kinokomediyalarda komik surətlər yaratmağa yox, vəziyyətdən və xarakterdən yaranan ciddi gülüşü, məntiqli yumoru təqdim etməyə çalışıb, buna da nail olub. Aktyor “Məşədi İbad-80, yaxud köhnə tanışlar”, “Nəvəmin nəvəsinin nəvəsi” “Mozalan” satirik kinosüjetlərində canlandırdığı obrazlara da koloritli ifası ilə baxımlılıq gətirib.
Hər hansı bir obraz vasitəsilə tamaşaçılarla həmsöhbət olmaq, dövr hadisələrinə olan münasibətini bildirmək əsl sənətkar qüdrətidir. Bu mənada yalnız sənət biliciləri həmsöhbətimiz və heç bir zaman unutmadığımız doğmamız olmağı bacarırlar. Ustad sənətkar, Respublikanın Xalq artisti Ağasadıq Gəraybəyli kimi…
Dövlət Film Fondu