Sənət bütün varlığı ilə ona bağlı olanların sayəsində formalaşır, təsdiqini tapır, sevilir, alqışlanır. Tanınmış teatr, kino aktyoru Əfrasiyab Məmmədov da (1928-1990) çoxşaxəli yaradıcılığı fonunda daim sənətə bağlılığını sübut edib, xarakterik rollarının təfsirində məzmunlu ifasını, məsləyini milyonlara sevdirib.
Aktyorun fərdi dəst-xəttinə uyğun, orijinal səpkidə yaratdığı ekran personajları kino salnaməmizi zənginləşdirən məzmunlu obrazlardır. İstedadlı sənətkarın filmoqrafiyasında 20-dən artıq film var. Aktyor bədii filmlərlə yanaşı, “Mozalan” süjetlərində də maraqlı, koloritli rollar ifa edib.
Sənətə hələ kiçik yaşlarından həvəs göstərən Əfrasiyab Məmmədov 1928-ci il martın 19-da Gəncədə dünyaya göz açıb. 1945-ci ildə Bakıda Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti), məşhur rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olub. Burada təhsil aldığı müddətdə görkəmli sənətkar Adil İsgəndərov gənc tələbənin istedadı haqqında eşidib və onu aktyorluq kursuna keçirib. Həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi işləməyə dəvət edib.
Zəngin ənənələrə, müqtədir sənət ustalarına malik olan Akademik Milli Dram Teatrının səhnəsində xarici və yerli dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda uğurla çıxış edən Əfrasiyab Məmmədov “Otello”, “Vaqif”, “Ailə namusu” və digər səhnə əsərlərində oynadığı rollarla qısa müddət ərzində potensialını təsdiqləyib, həmkarlarının və tamaşaçıların böyük rəğbətini qazanıb.
Teatr aktyorlarının kinoya gətirdiyi uğur danılmazdır. Teatrın səhnəsində ustalıqla təqdim etdiyi rolları ilə kinorejissorların diqqətini çəkən Əfrasiyab Məmmədov ötən əsrin 50-ci illərindən etibarən filmlərə dəvət alıb. İlk dəfə kinorejissor Hüseyn Seyidzadənin (Yan Fridlə birgə) ekranlaşdırdığı “Doğma xalqıma” musiqili bədii-sənədli filmində təzəbəy rolunda çəkilib.
Rol kiçikplanlı olsa da, ekran personajını rejissor istəyinə uyğun tərzdə təqdim edən aktyoru bu filmdən sonra Hüseyn Seyidzadə quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyasında tələbə roluna çəkib. Kiçikplanlı rollardan birini, Sərvərin dostu obrazını ona həvalə edib. Rolun xarakteri, həyat mövqeyi haqqında ilk baxışdan dolğun təəssürat yaradan, dövrünün bir çox gənclərindən fərqli təfəkkürə, yüksək mədəniyyətə sahib olan tələbə obrazını təqdim edən aktyor tədricən dəvət aldığı filmlərdə baş və ikinci planlı rollarda çəkilib.
Kinoya böyük rəğbət bəsləyən, dəvət aldığı hər bir rolunu inandırıcı təqdim edən Əfrasiyab Məmmədovun bədii kinoda ilk böyük rolu “Qızmar günəş altında” kinodramındakı Eldar obrazıdır. Eldar zəhmətkeşliyinə, mərd, cəsur xüsusiyyətlərinə görə yaşadığı kənddə sayılıb-seçilən gənclərdəndir. O, kəndə gələn suyun mənşəyini tapmaq üçün dağlara üz tutur. Uçqun zamanı qaya parçalarının altında qalır və sarsıntıdan dili tutulur.
Yaralı olmasına baxmayaraq, Eldar yenə də əkin sahələrinin susuzluğundan nigarandır. Kənddəki su kanalının quruması, ümumiyyətlə, baş verən hadisələr, ətrafdakıların qərəzli, mürəkkəb münasibətləri onu narahat edir. Xəstə olması ilə barışmayan, insanların diqqət mərkəzində olmaq istəməyən Eldar üçün önəmli olan kənd əhalisinin güzəranının yaxşılaşdırılması, əkin sahələrinin vaxtında suvarılması, bol məhsulun əldə edilməsidir.
Personajın fərdi xüsusiyyətlərini tərəf-müqabilləri ilə münasibət və jestlərində cilalayan, dəqiqliklə əks etdirən aktyor prototipin düşüncə və psixologiyasını, həyat mövqeyini orijinal, dolğun mizanlarla çatdırıb, filmin ideya məzmununu bitkin formada çatdırıb.
Əfrasiyab Məmmədovun yaddaqalan ekran obrazlarından Rövşən (“Koroğlu”), sərdar (“Sehrli xalat”), Bayandır xan (“Dədə Qorqud”), Teymurun döyüşçüsü (“Nəsimi”), Filipp (“Qəribə adam”), Ələmdar (“Vulkana doğru”), Molla Əbdüləzim (“Evlənmək istəyirəm”), bədən tərbiyəsi müəllimi (“Musiqi müəllimi”), Nəbi (“Kişi sözü”) və digər rolları aktyorun peşə bilgisinin zənginliyinin əyani təzahürüdür.
Aktyorun realist yaradıcılıq istiqamətindəki bacarığı bədii kino ilə paralel olaraq, “Mozalan” satirik kinojurnalında (“Diplomlu mütəxəssis”də qəssab, “Yanğın”da Mehdi dayı və s.) oynadığı rolların da mövqeyini tanıdıb, süjetin əhəmiyyətini vurğulayıb. Həmçinin, dublyaj studiyasında fəaliyyət göstərməsi, xarici və yerli filmləri səsləndirməsi ekran personajlarına ifaçılar qədər uğur qazandırıb.
“Yenilməz batalyon” kinodramında Viktor Alekseyev (Mixail Orlov), “Əmək və qızılgül” filmində Müsit (Gündüz Abbasov), “Üzeyir ömrü” bioqrafik filmində türk konsulu (Osman Həqqi) və digər yaddaqalımlı obrazlar Əfrasiyab Məmmədovun səsində ikiqat uğura imza atıb.
Rollarını yüksək sənətkarlıq keyfiyyəti ilə təqdim edən Əfrasiyab Məmmədov ömrünün sonuna qədər məsləyinə sadiq qaldı, 62 illik ömrünün 45 ilini sevib-seçdiyi sənətinə həsr etdi. İmza atdığı hər bir rolunu yaddaşlara yazdı, peşəkarlığı ilə daim sənətin yüksəlişinə xidmət etdi. Sənət sevgisinə, yüksək peşəkarlığına görə bütün dövrlər üçün mühüm əhəmiyyət kəsb edən özünəməxsus ifası lentlərin yaddaşında, əziz xatirəsi qəlblərdə əbədiləşdi, unudulmadı.
Dövlət Film Fondu