Hüseynağa Sadıqov – 110

“Həyat insana bir dəfə verilir. Onu gərək elə yaşayasan ki, sonra ömür yoluna baxanda fəxr edəsən”. Bu ibrətamiz sözlər müdrik sənətkar, Xalq artisi Hüseynağa Sadıqova məxsusdur. Uzun illər Gənc Tamaşaçılar Teatrının səhnəsində maraqlı, məzmunlu, duzlu-məzəli rollar yaradan Hüseynağa Sadıqov sözün əsl mənasında kamil və ziyalı aktyor idi. Zəngin dünyagörüşü, həyat bilgisi sayəsində irili-xırdalı rollarının təfsirində insan xarakterlərinin məzmununu incəliyinə qədər cilalayan sənətkar eyni zamanda səmimi, mehriban xüsusiyyətinə görə həmkarlarının və ətrafındakıların sevimlisinə çevrilmişdi. Unudulmaz sənətkarın Azərbaycan teatr, kino sənətinin inkişafında rolu böyükdür. Azərbaycan kinosunda yaratdığı koloritli, dolğun ekran obrazları bu gün də maraqla izlənilir.

Hüseynağa Ələsgər oğlu Sadıqov 1914-cü il martın 21-də Bakıda anadan olub. Sənətə vurğunluğu hələ uşaq yaşlarından başlayıb. Anası ilə teatra getdiyi ilk gündən sənət məbədinin ecazkar sehrinə qapılıb, teatrda, səhnədə olmağı arzularına, xəyallarına sığdırıb.  1930-cu ildə (16 yaşında) müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrının aktyor truppasına (sınaq müddətinə) işə qəbul olunub. İti yaddaşa, tez qavrama qabiliyyətinə malik olduğuna görə az müddət ərzində kollektivin rəğbətini qazanıb. Bir il sonra (01.06.1931) teatrda aktyor kimi işə düzəlib.

Hüseynağa Sadıqov kinoya 1955-ci ildə gəlib. Görkəmli kinorejissor Lətif Səfərovun çəkdiyi “Bəxtiyar” filmindəki Yusif obrazının uşaqlığını səsləndirib. Bənzərsiz səs tembrinə malik olduğuna, səs artikulyasiyasının nizam-intizamına ciddi riayət etdiyinə, prototiplərin xarakterlərini səsində dəqiq çatdırdığına görə “Mosfilm”, Qorki adına studiyaların filmlərinin, eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin səsləndirilməsinə tez-tez dəvət alıb.

Fərdi istedadı, sənətə intuitiv yanaşması ilə dublyaj sənətinin vacibliyini vurğulayan Hüseynağa Sadıqov “Qara daşlar” filmində Teymur, “Kazbek” qutusu”nda tələbə Əliyev, “Böyük dayaq”da Nəcəf, “Əmək və qızılgül”də inzibatçı, “Əhməd haradadır?”da Ramiz, “Tülkü həccə gedir”də (animasiya filmi) Xoruz, “Yeddi oğlu istərəm”də bayraqdar və başqa personajları obrazlı səsləndirib. İstedadlı aktyor tammetrajlı bədii filmlərlə  yanaşı, “Mozalan” kinojurnalında istehsal olunan süjetlərin səsləndirilməsində də yaxından iştirak edib.

Sənət texnikasının mahir bilicisi olan aktyor kiçikplanlı kino obrazlarını da böyük ustalıqla təqdim edib, uğur qazanıb. Görkəmli sənətkar Adil İsgəndərov epizod rolun vacibliyi haqqında fikrini belə ifadə edib: “Balaca rolları oynamaq daha çətindir. Aktyorda böyük istedad, məharət gərəkdir ki, epizodik ifadələr əsərə “yamaq” olmasın”. Hüseynağa Sadıqovun kiçik rollarının həyat mövqeyinin açılma səbəbi də aktyorun mütaliəsinin çoxluğundan, sənət bilgisinin, həyat müşahidəsinin zənginliyindən irəli gəlir.

Görkəmli kinorejissorlar H.Sadıqov kimi böyük sənətkara kiçikplanlı rol həvalə edəndə rolun mahiyyətinin açılacağına, filmlərinə uğur gətirəcəyinə əmin idilər. Aktyorun “Ad günü” filmində oynadığı Əlinin atası, “Yenilməz batalyon” tarixi dramındakı feldfebel, “Şərikli çörək” kinodramında canlandırdığı Paşa və başqa obrazları epizodik olsa da, pesonajların daxili aləminin, həyat mövqeyinin tanıdılması baxımından yaddaqalandır.

Görkəmli kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi “Sehrli xalat” (1964) və Rusiya kinorejissoru Boris Rıtsarevin quruluş verdiyi “Ələddinin sehrli çırağı” (1966) filmi bu gün də tamaşaçıların maraqla baxdığı ekran əsərləridir. “Sehrli xalat” filmində vəzir, “Ələddinin sehrli çırağı” ekran əsərində isə baş vəzir obrazlarının insanlara qarşı olan biganə,  xudbin münasibətləri, yalnız öz mənafeyini güdən cahil və qeyri-normal mövqeyi aktyorun ifasında dəqiq xarakterizə olunub. Hər iki nağıl filmindəki aktyor peşəkarlığı rejissor ideyasını təsdiqləyib, maraqlı, məntiqli kadrlar orta əsr insanlarının sosial mövqeyini aydın şəkildə işıqlandırıb.

İllərini böyük həvəslə məsləyinə sərf edən Hüseynağa Sadıqovun kinorejissor Tofiq Tağızadənin “Babamızın babasının babası” filmində yaratdığı Əziz baba, kinorejissor Arif Babayevin “Alma almaya bənzər” filmindəki Nadir baba obrazları ilə həyat mövqeyi arasında sanki bir uyğunluq var.  O, bu filmlərdə biliyə, elmə can atan, insanları sevgisinə sahib çıxmağa, düzlüyə, bir-birinə hörmət etməyə çağıran, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu tövsiyə edən obrazlar yaradıb. Personajların daxili dünyalarının təmizliyini, saf niyyətlərini dolğun, anlaşıqlı şəkildə xarakterizə edib. Yüksək insanlıq nümunəsi olan personajların üstün cəhətlərini qabarıq, səmimi təqdim etdiyinə görə filmlər bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən maraqla izlənilir, alqışlanır.

Rolların daxili aləmini dərindən duyan, rejissorlarla çəkiliş meydançalarında maraqlı, xoş ünsiyyət yaradan, müəlliflərin məqsəd və məramını məzmunlu sənət taktikası ilə çatdıran Hüseynağa Sadıqov müdrik sənətkar kimi həyatın inikasını filmlərində, fərqli cəhətləri rollarında təlqin edirdi. Vəziyyətə uyğun məqamları, komediya və faciə yaradan səbəbləri məharətlə çatdırır, ekran hadisələrinin aydınlıqla qavranılmağına, təhlil edilməsinə imkan yaradırdı. Bu mənada coşqun həyat eşqini sənətində göstərən, həyatın müxtəlif məqamlarını, fərqli insan talelərini, xüsusiyyətlərini sənətində təcəssüm etdirən Hüseynağa Sadıqovun koloritli kino obrazları şəxsiyyətini sevərək xatırladır, sənətdə göstərdiyi xidmətləri böyük məmnunluq hissi ilə yad edilir, alqışlanır.

Dövlət Film Fondu