Lütfəli Abdullayev – 110

Xalq artisti, görkəmli sənətkar Lütfəli Abdullayevin anadan olmasından 110 il ötür. Azərbaycan teatr, kino sənətində maraqlı, koloritli rollar yaradan aktyor ömrünə yazılan 59 ilin 45-ni sənətə həsr edib. Yaradıcılıq qismətinə düşən rollarını fərqli xarakterdə, maraqlı, məzmunlu cizgilərlə tamaşaçılara çatdırmağa müvəffəq olub, istedad və bacarığına görə məşhurlaşıb, tanınıb.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından olan, az bir müddət ərzində xalqın sevimlisinə çevrilən Lütfəli Abdullayev vəziyyət komediyalarının mahir ifaçısı kimi tanınıb, orijinal ştrixlərlə canlandırdığı teatr və kino obrazları ilə sənətsevərlərin qəlbində əbədi iz salıb.

Azərbaycan kinosunda 10-a yaxın filmdə rol alan aktyor, ifa etdiyihər bir personajı xarakterik, fərdi cizgilərlə çatdırmaqla özünəməxsus tərz və üslubunu təsdiqləyib, obrazların fərdi xüsusiyyətləri fonunda dövrünün ab-havasını, tərəf-müqabillərinin xarakter və psixologiyasını aydınlıqla şərh edib.

Aktyorun müxtəlif janrlı filmlərdə canlandırdığı Balaoğlan (“O olmasın, bu olsun”), Kefçilov (“Qəribə əhvalat”), Zülümov (“Əhməd haradadır?”), Məhəmməd  (“Ulduz”) və digər rolları sənətsevərlərin təbəssümlə qarşıladığı, bəzən baməzə, bəzən qəribə cəhətlərinə gülərək münasibət bildirdiyi, diqqətlə izlədiyi personajlardır. Xalq məişətinin realist ənənələrindən bəhrələnən, insanların istək və maraqlarını gözəl bilən Lütfəli Abdullayev yaradıcılıq qismətinə düşən rolların təfsirində vəziyyətə uyğun formada, tərəf-müqabillərinin məqsədlərini bəyan edəcək dolğun mizanlar yaradıb, rolun fərdi cəhətləri fonunda hadisələrin mahiyyətinin tamlıqla açılmasına nail olub.

Aktyorun ekran obrazlarına uğur gətirən başlıca amillərdən biri onun sənət dostlarına, ətrafındakılara olan xoş münasibəti, asanlıqla ünsiyyət qurmaq bacarığı, yüksək insani keyfiyyətləri idi. İctimaiyyətlə daim ünsiyyətdə olan, insanların hər hansı bir hadisəyə olan münasibətini, sənət meylini gözəl bilən aktyor adət və ənənələrdəki xarakterik cəhətləri düzgün qavrayıb, lazımi detalları taparaq

tərəf-müqabilləri ilə yaradıcılıq sazişindəfərqli cizgilərlə çatdırıb, məzmunlu ortam yaradıb. Dərin müşahidə qabiliyyətinə əsaslanan rollarına verdiyi dolğun, düzgün yanaşması sayəsində sünilikdən kənar, gülüşə tuş gələn xarakterlər toplusu canlandırmağa nail olub. Səmimi təqdimatına görə də insanları saflığa, insansevərliyə çağırmağı, sənətinin fövqündə ətrafında xoş aura yaratmağı bacarıb.

Musiqili Komediya Teatrının məşhur aktyoru kimi tanınan gülüş ustası ilk kino obrazından etibarən kinosevərlərin rəğbətini qazandı. Dəqiq  müşahidələrindən yaranan yeni tipli obrazlar ərsəyə gətirdi, istər kinoteatrlarda, istərsə də televiziya qarşısında əyləşən izləyicilərdə sənətə qarşı böyük ehtiram, rəğbət hissi yaratdı.

Lütfəli Abdullayevin ekran personajlarının çoxu demək olar ki, insanların gündəlik həyatda, işdə, ictimai mühitdə rastlaşdığı, bəzən gülüş, bəzən də təəccüb doğuran cəhətləri ilə xarakter qəribəliyini qınağa boğan, haqqında düşünməyə  vadar edən prototiplərdir. İstedadlı aktyor mənfi xarakterli personajların hiyləgər, cahil xüsusiyyətlərini incə yumorla canlandırıb, tamaşaçılarda qıcıq yaratmadan hadisələrin əsl mahiyyətini, iç üzünü açmağa nail olub.

Sənət sevgisini qəlbində hələ kiçik yaşlarından cücərdən Lütfəli Abdullayev 1914-cü il martın 22-də Nuxa şəhərində (indiki Şəki) dünyaya göz açıb. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki Fəhlə Gənclər Klubunun dram dərnəyində çalışıb. Kiçik məsxərələrdə və vodevillərdə oynayıb. 1928-ci ilin sentyabrında Bakıya gəlib, Dövlət Konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak edib. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olub. Müsabiqə ilə Opera və Balet Teatrının xor heyətinə qəbul olunub. Tezliklə yardımçı aktyor kimi sözsüz və epizod rollarda çıxış edib. Qısa vaxtdan sonra “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib. 1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb.

Uzun illər Musiqili Komediya Teatrının səhnəsində  bir-birindən maraqlı rolları ilə tamaşaçıların sevgisini qazanan aktyor kinoda debüt rolunu 1945-ci ildə oynayıb. Görkəmli sənətkar Rza Təhmasib və Nikolay Leşşenkonun dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırdığı “Arşın mal alan” (1945) kinokomediyasında Vəli rolunu canlandırıb. İlk ekran personajı ilə də ötən əsrin əvvəllərində yaşayan müasirlərinin həyat tərzini aydınlıqla şərh edib, yaradıcılıq nailiyyəti qazanıb. Keçmiş sovetlər məkanında uğurla yayımlanan filmdəki müvəffəqiyyətli roluna görə 1946-cı ildə Stalin mükafatına (yaradıcı heyətin bir neçə üzvü ilə birgə) layiq görülüb.

Aktyorun “O olmasın, bu olsun” kinokomediyasında fərqli xarakterdə canlandırdığı Balaoğlan obrazı aktyora xüsusi məşhurluq gətirdi. Gülüş ustasının yaradıcılıq kredosunu təsdiqləyən personaj aktyorun xırda detalları nəzərdən qaçırmadığını, xarakter fərdiyyətini məqamında diqqətə çatdırma qabiliyyətini, obrazı filmin aparıcı qüvvələrindən biri kimi qəbul etdirdiyini təsdiqlədi.

“Qəribə əhvalat” filmindəki Kefçilovun xoşagəlməz cəhətləri fonunda isə içki aludəçilərinin cəmiyyətdə, məişətdə narahatlıq yaratdıqlarını, təlaşlı səbəblərə yol açan xüsusiyyətləri ilə təkcə özlərinin deyil, həm də ailələri, ətrafındakılar üçün bir çox bəlalara səbəb ola biləcəklərini qınaq obyektinə çevirdi. Yüksək sənətkarlıq keyfiyyəti ilə insanlıq xüsusiyyətlərinin vacibliyini, yalnız belə olan məqamda ətrafındakılar üçün xeyirli, lazımlı insan ola biləcəyini, nəcib xüsusiyyətlərin daşıyıcısı olmağın zəruriliyini diktə etdi.

Aktyorun bu və ya digər kino obrazları ekran hadisələrindəki vəziyyətləri aydınlıqla şərh edib, dövr, mühit, insanlar haqqında dolğun məlumat əldə etməyimizə, personajların bəzi gülüş doğuracaq cəhətlərini gülərək izləməyimizə, qınayaraq nəticə çıxarmağımıza imkan yaradıb.

Kino obrazlarını maraqlı, məzmunlu ştrixlərlə, müvəffəqiyyətli tapıntılarla filmlərin aparıcı qüvvəsinə çevirən Lütfəli Abdullayev adını kino salnaməmizin səhifələrinə uğurla qeyd etdikcə şəxsiyyətini yaddaşlarımızda bir daha əbədiləşdirdi, varlığını, imzasını daim böyük sevgi və hörmətlə xatırlamağımıza səbəb yaratdı.

Dövlət Film Fondu