Xan Babayev – 105

Kinonun uğur qazanmasında kino operatorlarının rolu böyükdür. Ekran hadisələrinin inandırıcı təsir bağışlamasında, müxtəlif çəkiliş rakurslarının təsvir həllinin uğurlu alınmasında, filmlərin baxılmasında operator peşəkarlığı xüsusi önəm daşıyır. İstedadlı  kinooperator Xan Babayev də (1919-1967) milli kinomuzda özünəməxsus dəst-xəttinə, yaradıcılıq üslubuna görə seçilib, maraqlı, məzmunlu ekran əsərlərinin uğurlu alınmasında mühüm rolu olub. Milli kinomuzda yüksək keyfiyyətli sənət nümunələri yaradan, kinooperatorluq məktəbinin ənənələrini gənc kinosevərlərə miras qoyan unudulmaz sənətkarın anadan olmasından 105 il ötür.

Xan Yusif oğlu Babayev Lənkəran rayonunun Seydəkaran kəndində həkim ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Bakının 48 saylı orta məktəbində alıb. Oranı  bitirdikdən sonra, 1931-1937-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Politexnik Universitetinin (indiki Azərbaycan Texniki Universiteti) elektronika fakültəsində təhsil alıb. Həmin illərdə müxtəlif təşkilatlarda səs mexaniki köməkçisi, texnik-elektrik, Azərbaycan Dövlət Akademik Dram Teatrında işıq sexi müdirinin ikinci köməkçisi işləyib.

Fotoqrafiyaya, kinoya olan marağına görə 1938-ci ildə Moskvaya gedib, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsinə daxil olub.

Lakin İkinci Dünya müharibəsinin başlanması dövrünün gəncləri kimi onun da arzusunu yarımçıq qoyub. Ön cəbhəyə yola düşən Xan müharibənin ilk günündən sonunadək vuruşub, həmçinin kinooperator kimi ümumittifaq jurnalları üçün xeyli sayda kinosüjetlər çəkib.

Döyüş yolu Polşadan, Macarıstandan, Çexoslovakiyadan, Rumıniyadan, Almaniyadan keçən Xan Babayev cəbhələrdə göstərdiyi igidliklərə görə I dərəcəli “Vətən müharibəsi” (1943), “Qırmızı ulduz” (1944), “Qırmızı bayraq” (1945) ordenləri, “Stalinqradın müdafiəsinə görə” (1942), iki dəfə “İgidliyə görə” (1943), “Berlinin alınmasına görə” (1945), “Praqanın azad olunmasına görə” (1946) medalları ilə təltif olunub.

Ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirib, görkəmli rus kinooperatoru, professor Boris Volçekin emalatxanasında sənətin sirlərinə dərindən bələd olub. 1950-ci ildə institutu bitirib vətənə qayıdıb, Bakı kinostudiyasında təcrübəli kinooperator kimi fəaliyyət göstərib.

Xan Babayev hələ Kinematoqrafiya İnstitutunun tələbəsi olarkən dostu, kinooperator Teyyub Axundovla birgə iki sənədli film (“Çağırışa cavab”, “Yeni həyat qurucuları”) ərsəyə gətirib. Həmin il istehsala buraxılan “Bakının işıqları” filmində ikinci  operator işləyib. Bu filmdə Xan Babayev müstəqil çəkdiyi bir fraqmenti diplom işi kimi müdafiə edib, “əla” qiymətə layiq görülüb.

Bakı kinostudiyasında fəaliyyətə başladığı illərdən etibarən T.Axundov və K.Həsənovla birgə “Gədəbəyin sərvəti”, C.Məmmədov, L.Koretski, V.Zbudski ilə birgə “Respublika stadionu”, “Neft kəşfiyyatçıları” sənədli filmlərini çəkib. “Doğma xalqımıza” bədii-sənədli filmində (Teyyub Axundovla birgə) ikinci operator kimi çalışıb (quruluşçu operator Əlisəttar Atakişiyev).

Yaradıcılıq potensialını, istedad və bacarığını quruluş verdiyi (operator kimi)   filmlərdə təsdiqləyən Xan Babayev kinorejissor Həbib İsmayılovun çəkdiyi “Ögey ana” (1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalında üçüncü mükafat alıb) və “Böyük dayaq” filmlərində işləyib. Müxtəlif mövzulu filmlərin ekran həllini uğurlu traktovkaları ilə təmin edən Xan Babayev 1960-cı ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində çalışıb. Burada çalışana qədər isə “Qara daşlar” kinopovestini (Ə.İsmayılovla birgə), “Səadət və əmək mahnıları” rəngli sənədli (baş operator) filmini ekranlaşdırıb, paralel olaraq ittifaq və respublika kinojurnalları üçün çox sayda xronikal kinosüjetlər çəkib. “Azərbaycan mədəniyyətinin baharı” tammetrajlı rəngli sənədli  filmini rejissor kimi (C.Məmmədovla birgə) ərsəyə gətirib, filmin operator heyətinin daxilində (S.Bədəlov, C.Məmmədov, M. Prudnikov) çalışıb.

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin quruluş verdiyi “Yenilməz batalyon” (1965) tarixi-inqilabi filmi üzərində (R.İsmayılovla birgə) işləyib. Onu da qeyd edək ki, film Azərbaycan kino salnaməsində xüsusi yeri olan, dəst-xəttinə görə sayılıb-seçilən  operatorun kinoda sonuncu filmidir. Film üzərində işləyərkən Xan Babayev ağır xəstələnib. Buna görə də özünün təklifi ilə filmin çəkilişləri istedadlı kinooperator Rasim İsmayılova həvalə edilib.

Daim iş başında olan, sənətini yüksək səviyyədə təqdim edən, peşəkarlığı ilə Azərbaycan kinooperatorluq sənətinin məktəbini yaradan Xan Babayev 1967-ci ilin may ayının 29-da dünyasını dəyişib.

Xan Babayev işlədiyi hər bir filmdə işinin bilicisi olduğunu təsdiqləyib. Kino kompozisiyasının tamlığını təmin edib, tamaşaçı zövqünü formalaşdırıb. Yüksək keyfiyyətli yaradıcılığına, həmkarlarına, ətrafındakılara olan xoş münasibətinə görə də onu tanıyanlar, kinosevərlər tərəfindən sevilib, əziz xatirəsi hörmətlə anılıb.

Dövlət Film Fondu