Aktyor Əliağa Ağayevin doğum günüdür

Xalq artisti Əliağa Ağayevin adı çəkiləndə göz önündə maraqlı, baməzə, komik rolları canlanır, istər-istəməz çöhrələrdə təbəssüm yaranır. Azərbaycan teatr, kino sənətində istedadına, bacarığına görə sənətsevərlərin böyük rəğbətini qazanan Əliağa Ağayev sənətdə tanınıb, məşhurlaşana qədər çətin bir yol keçib. 1913-cü ilin mart ayının 22-də Bakıda dünyaya göz açan gələcəyin məşhur aktyoru erkən yaşlarında valideynlərini itirib. Ailədə böyüyən üç qardaş ağır həyat şəraitinin nə olduğunu hələ erkən yaşlarından hiss edib, ehtiyac içində yaşayıblar.

Əliağa Ağayev yeddinci sinfi bitirdikdən sonra Bakıdakı Paris Kommunası adına Gəmi Təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra həmin zavodda gəmi çilingəri işləyib. Hələ uşaq yaşlarından sənətə böyük həvəs göstərdiyinə görə burada su nəqliyyatı işçilərinin dram dərnəyinə də gedib. Həvəskar aktyor kimi özfəaliyyət səhnəsində M.F.Axundzadənin “Hacı Qara” tamaşasında eyniadlı rolu ifa edən Ə.Ağayev bir müddət sonra peşəkar aktyor kimi səhnəyə çıxıb.

Tez-tez Dövlət Dram Teatrının tamaşalarına baxmağa gedən Əliağa Ağayev burada A.M.Şərifzadənin, Ülvi Rəcəbin, M.Davudovanın, M.Əliyevin,

S.Ruhullanın, İ.Hidayətzadənin və digər görkəmli sənətkarların ifasındakı tamaşaları izlədikcə aktyorluq sənətinə olan həvəsi daha da artıb. Həmin vaxtdan həyatını aktyor sənətinə bağlamağı qərara alıb. 1936-cı ildə Fəhlə Uşaqlar Teatrında (sonralar Gənc Tamaşaçlar Teatrı adlandırıldı) çıxış edib, ilk rolu “Kapitan Qrantın uşaqları” tamaşasında Dik obrazı olub.

Aktyorun kinoda debüt rolu “Görüş” kinokomediyasındakı Şıxəli obrazıdır. Mənbələrin birində filmin rejissoru Tofiq Tağızadənin müsahibəsindən: “Ə.Ağayev kinoda ilk dəfə oynamasına baxmayaraq, elə bil çəkiliş meydançasına dəfələrlə çıxmışdı. Özünü elə sərbəst aparırdı ki, ona nəyisə izah etməyə, oyununa düzəliş verməyə ehtiyac qalmırdı. O, işə çox ciddi yanaşırdı. Rola elə girirdi ki, həyatda da özünü Şıxəli kimi hiss edirdi”.

Aktyorun digər ekran personajlarından Məşədi İbad (“O olmasın, bu olsun”),    mühəndis (“Qara daşlar”), Feyzi (“Bir məhəlləli iki nəfər”), fəhlə (“Telefonçu qız”), dəmirçi (“Koroğlu”), Məmişov (“Kazbek” qutusu”) və digər  rolları bu gün də maraqla izlənilən ekran personajlarıdır.

İncə yumor, mənalı gülüş Əliağa Ağayev yaradıcılığının əsasını təşkil edir.  Görkəmli aktyorun zəngin peşə təcrübəsi, müəlliflərə olan hörməti, rolu duyub, hiss etmə qabiliyyəti, personajın daxili aləmini incəliyinə qədər çatdırma məharəti onu hər bir yaradıcılığı fonunda məşhurlaşdırıb, sevdirib. “O olmasın, bu olsun” musiqili kinokomediyasında böyük ustalıqla, inandırıcı boyalarla oynadığı Məşədi İbad rolu aktyora geniş şöhrət qazandırıb.

“Kazbek” qutusu” satirik komediyasında yaratdığı Məmişov obrazı isə bitkin rol olduğuna görə istehzalı gülüşlə, ironik təbəssümlə izlənilən personajdır.

Mənzil-istismar idarəsinin rəisi Məmişov şikayətçiləri qəbul edərkən sifət cizgiləri anidən dəyişir, başqalaşır, jest və hərəkətləri təəccüb yaradır, prototipin xarakter dəyişkənliyi istehza doğurur. Məmişovun gülüş doğuran cəhətlərini məharətlə çatdıran sənətkar rolu inandırıcı təqdim etməklə müəllif-aktyor olaraq obrazın həyat mövqeyini, niyyət və məqsədini qınayır, bitkin formada, satirik məzmunda tənqid hədəfinə çevirir.

Aktyorun “Sehrli xalat” nağıl filmində yüksək sənətkarlıqla canlandırdığı xan obrazının hiyləgər, zalım xüsusiyyətləri aktyorun təqdimatında maraqlı jestlərlə, danışıq tərzi, lazımi məqamlarda rola uyğunlaşdırdığı intonasiya və ifa maneraları ilə təqdim olunub.

Hər bir kino obrazı ilə tamaşaçıların rəğbətini qazanan sənətkarın istedad göstəricisi olan növbəti ekran personajlarından biri də “Əhməd haradadır?” kinokomediyasındakı xəzinədar roludur. Qeyri-normal davranışına, qəliz cəhətlərinə görə ictimaiyyətin qınaq obyektinə çevrilən personaj aktyorun peşəkar təqdimatında, orijinal hərəkət və danışığında gülüş hədəfinə çevrilir.

Aktyorun “Qanun naminə” kinopovestində oynadığı Məmmədxan, “Bizim Cəbiş müəllim” filmində Əbülfəz, “Dəli Kür”də kəndli, “Bizim küçənin oğlanları” televiziya filmində Mehdi, “Evlənmək istəyirəm” kinokomediyasında Kərbəlayi Zal, “777 nömrəli iş” satirik-yumoristik filmindəki rüşvətxor rəis rolları müxtəlif dövr müasirlərinin xarakterləri ilə tamaşaçıları tanış edən, düşündürən, nəticə  çıxarmağa vadar edən personajlardır. Özünəməxsus yaradıcılıq manerası olan, düşündürən, düşündürdükcə də güldürən aktyor bütün ekran rollarını böyük şövqlə, canına, qanına hopan istedadı, bacarığı ilə ərsəyə gətirib, aktual məzmunlu, baxımlı edib.

Adını Azərbaycan teatr, kino sənəti tarixinə qızıl hərflərlə yazan Əliağa Ağayev “Mozalan” satirik kinojurnalının süjetlərinə də çəkilib, dublyaj studiyasında yerli və xarici filmlərin səsləndirilməsində yaxından iştirak edib. Televiziya və radioda müxtəlif mövzulu verilişlərdə, tamaşalarda çıxış edib. Sənətdə atdığı hər bir addımında  peşəkarlığını təsdiqləyib, yaradıcılığını yaddaşlarda əbədiləşdirib.

Böyük istedada malik sənətkar səhnədə, ekranda məzmunlu, bənzərsiz, dolğun obrazlar yaratdığına, sənətsevərlərin yaddaşında iz saldığına görə xatirəsi daim əziz tutulur, hörmətlə yad edilir.

Dövlət Film Fondu