Azərbaycan kinosunda fərdi dəst-xətti ilə seçilən istedadlı kino rejissorlarımızdan biri də Xalq artisti, professor Tofiq İsmayılovdur. Ömrü boyu sənətin gözəlliyini, həyat üçün vacibliyini vurğulayan rejissor müəllif kinosunu yaradanlardandır. Tofiq İsmayılov filmlərində daha çox müasirlərinin həyatını ekranlara gətirməyə üstünlük verib. Gənclərin, yeniyetmələrin və uşaqların dünyagörüşünün formalaşması, yüksək mənəvi dəyərlərə sahib olması, intellektlərinin ali səviyyədə inkişaf etməsi üçün onu narahat edən məsələlərə müraciət edib. Milli-mənəvi dəyərlərə, soy-kökə, böyük-kiçiyə hörmət etməyin zəruriliyini filmlərinin leytmotivinə çevirib. Kino yaradıcılığına “Şəhərimin daşları” (1968) sənədli filmi ilə başlayan rejissor 11 bədii filmə quruluş verib, 3 filmdə aktyor kimi çəkilib, 10-dan artıq sənədli film ekranlaşdırıb.
Tofiq İsmayılovun musiqiyə olan sevgisi daha çox musiqili filmlərə müraciət etməsinə səbəb yaradıb, 10-a yaxın musiqili film ekranlaşdırıb. “Oxuyur Müslüm Maqomayev”, “Maestro”, “Özüm və zaman haqqında” və s. sənədli, “Gilas ağacı”, “Bizim küçənin oğlanları”, “Mən mahnı qoşuram” , “Əzablı yollar” və s. bədii filmlər çəkib.
Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakıda dünyaya göz açıb. Atası Məşədi Hüseyn dövrünün sayılıb-seçilən kişilərindən olub. Ordubad şəhərində doğulub-böyüyən Məşədi Hüseyn rus, fars, ərəb dillərini mükəmməl bilib, müfəttiş vəzifəsində çalışıb. Məşədi Hüseynin atası Hacı Rəsul kişi Ordubadda böyük torpaq sahələrinə sahib olub, dövrünün hörmətli adamlarından biri kimi tanınıb.
1920-ci ildə Azərbaycanda baş verən inqilabi proseslərin xoşagəlməz nəticələri, qadası-qovğası İsmayılovlar ailəsindən də yan keçməyib. Bolşeviklər Hacı Rəsulu, onun qardaşlarını və oğlu Məşədi Hüseyni Sibirə sürgün ediblər. Onlardan yalnız Məşədi Hüseynə Azərbaycana qayıtmaq nəsib olub.
Sürgündən qayıtdıqda ailəsinin Bakıya köçdüyünü eşidən Məşədi Hüseyn onların ardınca Bakıya gəlib, beləcə İsmayılovlar ailəsi Bakıda məskunlaşıb. 3 qız, 5 oğul sahibi olan Məşədi Hüseynin kitablara böyük sevgisi olub. Buna görə də o, evində böyük bir kitabxana yaradıb. Övladlarına daim mütaliə etməyi, cəmiyyətdə şəxsiyyətini təsdiqləyən insan olmağı tövsiyə edib. Uşaqların hamısı müxtəlif ali təhsilə, əksəriyyəti isə həkimlik peşəsinə yiyələnib. İncəsənət və ədəbiyyatla maraqlanan isə təkcə Tofiq İsmayılov olub.
Tofiq İsmayılov Bakıda 190 saylı orta məktəbi bitirib (1958). Oranı bitirdikdən sonra M.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub (1958-1962). Daha sonra rejissorluq fakültəsində (1962-1968) təhsilini davam etdirib. Həsən Məmmədov, Rafiq Əzimov, Hacı Murad Yagizarov və digər məşhur aktyorlarla bir kursda oxuyub. Xalq artisti, görkəmli teatr xadimi Məhərrəm Haşımovdan, professor Əşrəf Quliyevdən aktyor sənətinin sirlərini öyrənib. İnstitutu bitirdikdən sonra Moskvada ikiillik rejissorluq kursunu, dünyaşöhrətli kinorejissor Andrey Tarkovskinin emalatxanasını bitirib. Görkəmli rejissor, pedaqoq Adil İsgəndərovla tanışlığı sonralar dostluğa, daha sonra isə ata-oğul münasibətinə çevrilib. Bu isə onun həyat və yaradıcılığında əsaslı və mühüm dəyişikliklərə səbəb olub.
Tofiq müəllimin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aygül Hüseynovanın xatirələrindən: “Atamın sənətə hələ uşaq yaşlarından marağı olub. Dram dərnəklərində fəal iştirak edib, məktəblərarası keçirilən şənliklərə və yarışlara qatılıb. Orta məktəbdə onlara ədəbiyyat fənnini tədris edən Zərbəli Səmədov onda şeirə, sənətə böyük maraq yaradıb və həmin illərdə teatr cəmiyyətində çalışan, sonralar kinorejissor kimi məşhurlaşan Arif Babayevin yanına göndərib. Arif müəllim Tofiq İsmayılovu dinlədikdən sonra dərnəyə qəbul edib, ona nəzm əsərlərinin fəlsəfi dərinliklərini, deyiliş qaydalarını, səhnə danışığını öyrədib. Həmin illərdə Gənc Tamaşaçılar Teatrında çalışan Əməkdar incəsənət xadimi, tanınmış rejissor Zəfər Nemətov Tofiq İsmayılovu tamaşalarda görüb və onu 1954-cü ildə teatrda işləməyə dəvət edib. Səhnəyə, sənətə hədsiz marağı olan Tofiq İsmayılov kütləvi səhnələrdə və digər rollarda çıxış edib”.
Daim yaradıcılıq axtarışlarında olan Tofiq İsmayılovun sənətə olan sevgisi onu televiziyaya gətirib çıxarıb. Bir müddət Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967) işləyib.
“Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi, bədii təlimlər rejissoru (1967-1968) kimi işləyən Tofiq İsmayılov Moskvada ikiillik kursları bitirdikdən sonra vətənə qayıdıb, 1988-ci ilədək “Azərbaycanfilm” kinostudiyasında bədii filmlərin quruluşçu rejissoru olub. Hətta bir müddət kinostudiyanın nəzdində fəaliyyət göstərən aktyorluq studiyasının bədii rəhbəri kimi işləyib. Eyni zamanda pedaqoji fəaliyyət göstərib, kinonun sirlərini gənc nəslə tədris edib. 1971-ci ildən Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedranın müdiri (1988-1994) vəzifəsində çalışıb. Onlarla tələbəyə kino sənətinin sirlərini öyrədib, zəkasının nurundan gənclərin həyat yoluna işıq saçıb. Daha sonra Türkiyənin Memar Sinan Universitetinə dəvət olunub (1994-2006), universitetin professoru olub, bir qədər sonra İstanbulun Böyükşəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir işləyib. 2007-ci ildə yenidən ADMİU-da kino sənətini tədris edib.
Tofiq müəllim ədəbi-publisistik fəaliyyət də göstərib. 1962-ci ildə “Göyərçin” jurnalında çap olunan “Ağ dəsmal” hekayəsi ilə ədəbi yaradıcılığa başlayan müəllif bir sıra əsərlər, o cümlədən 100-ə yaxın elmi-publisistik məqalə yazıb. “Müasir Azərbaycan kinosunda tipik xarakter” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
“Türk cümhuriyyətlərinin sinema tarixi” (2001) üçcildlik fundamental ensiklopediyanın müəllifi olan professorun əsərləri bir sıra xarici dillərdə nəşr olunub. Ömrü boyu sənətin keşiyində duran, həyatın gərəkli, vacib nüanslarını filmlərində vurğulayan Tofiq İsmayılov, sözün əsl mənasında, nümunəvi vətəndaş, ibrətamiz ömür-gün yoldaşı, qayğıkeş ata və görkəmli sənətkar idi. Bu kimi örnək timsallı ömür yolu olan insanların, unudulmaz sənətkarların həyat tarixçəsi isə biz tamaşaçı və oxucular üçün hər zaman maraqlıdır, qiymətlidir.
Yazıb-yaratmaqdan doymayan, qəlbi daim yaradıcılıq eşqi ilə çırpınan, düşüncələrini, duyğularını filmlərində təcəssüm etdirən Tofq İsmayılov 2016-cı ilin 25 mart tarixində uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdi. Müxtəlif taleləri, hadisələri təhlil obyektinə çevirən, düşündürən, nəticə çıxarmağa vadar edən filmləri nəsillərə miras qaldı, varlığını unudulmağa qoymadı.
Dövlət Film Fondu