Kinooperator Sərdar Vəliyevin 85 illik yubileyidir. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Sərdar müəllimə möhkəm cansağlığı, uğurlar arzulayırıq.
İnsan sevdiyi sənətlə məşğul olanda məsləyi həyatının nicatına çevrilir. İstedadlı operator Sərdar Vəliyev də kinodakı fəaliyyəti ərzində daim peşəkarlıq nümayiş etdirmiş, maraqlı və məzmunlu filmlərin (100-dən artıq) ərsəyə gəlməsində mühüm rolu olmuşdur.
Sərdar Vəliyev müsahibələrinin birində qeyd edir: “Hələ məktəbdə oxuduğum dövrdə fotoqrafiya işi ilə maraqlanmışam. Xeyli sayda maraqlı, qeyri-standart fotokadrlar çəkmişəm. Günlərin bir günü qəzetlərin birində oxuduğum elan həyatımı dəyişdirdi. Elanda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinooperator və rejissor assistenti hazırlığı ilə bağlı qəbula başlanıldığı yazılırdı. Seçim zamanı peyzaj, portret və digər janrlarda maraqlı fotokadrlar tələb olunurdu. Qalereyamdakı ən maraqlı və ən fərqli fotoları götürüb kinostudiyaya yollandım. Burada portretlər, məişət səhnələri, kütləvi tədbirlərdən çəkdiyim fotoşəkillər də vardı. Onu da qeyd edim ki, portretləri daha çox bəyənmişdilər. Evə qayıdanda müsabiqədən keçdiyim və kinostudiyaya işə qəbul olunduğum xəbərini böyük sevinclə ailə üzvlərimə bildirdim”.
Kinostudiyada operator assistenti kimi, 25 nəfərlik qrupa daxil olan gənc burada birillik təcrübə kursu keçib, həmçinin kinostudiyada operator assistenti vəzifəsinə təyin olunub. Daha sonra ona Moskvada kinooperatorluq kursunda oxumaq təklif olunub. Ona verilən şansı zamanında qiymətləndirən gənc kinematoqrafçı Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində ali təhsil alıb (1984). Vətənə qayıtdıqdan sonra, 1985-ci ildə “Azərbaycanfilm” kinostudiyasında kinooperator assistenti kimi əmək fəaliyyətinə başlayıb. Çox sayda sənədli filmin təsvir rejissoru olub.
Bir müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində təsvir rejissoru kimi çalışan təcrübəli operator 1973-cü ildə III dərəcəli, 1980-ci ildə II dərəcəli, 1989-cu ildə I dərəcəli, 1991-ci ildə isə yüksək dərəcəli təsvir rejissoru kimi fəaliyyət göstərib.
Sənətdəki xidmətlərinə görə Əməkdar mədəniyyət işçisi fəxri adı ilə təltif olunub (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb (2006).
Kinostudiyadakı fəaliyyəti dövründə beş bədii filmdə (“Zirvə” – “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan novella; “Dağlarda döyüş”, “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gilas ağacı”) operator assistenti kimi işləyən Sərdar Vəliyev tanınmış kino operatorlarından Əlihüseyn Hüseynov, Teyyub Axundov, Arif Nərimanbəyov, Zaur Məhərrəmov, Rafiq Qəmbərovla çiyin-çiyinə çalışmış, onlardan sənət sirlərini, dərinliklərini öyrənmişdir. Sonralar sənədli kinoda tətbiq etdiyi müxtəlif rakurslu çəkiliş planları, məzmunlu kadrlar onu kino aləmində sənətinin bilicisi kimi tanıtmış, həmkarlarının və kinosevərlərin rəğbətini qazandırmışdır.
Bundan başqa 120 qısametrajlı və 5 tammetrajlı sənədli film çəkən operator: “Çəkdiyim sənədli filmər içərisində xüsusilə seçilənlər ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevə aid olanlardır”, – deyir. Heydər Əliyevin səfərlərində onu müşayiət etdiyi, kütləvi informasiya vasitələri üçün operativ məlumatlar hazırladığı dövrü, jurnalistlər, fotoreportyorlar, kino işçiləri qrupunda işlədiyi vaxtları operatorluq fəaliyyətinin ən əhəmiyyətli illəri hesab edir.
Müxtəlif mövzulara müraciət edən operatorun filmləri içərisində təbiət mövzusundan, natura təsvirlərindən bəhs edən (“Azərbaycanın faunası”, “Azərbaycanın florası”, “Qızıl balıqlar”, “Yaşıl möcüzə”, “Çəmənlik və otlaqların yaxşılaşdırılması”, “Azərbaycanın xoşbəxt torpağı” və s.) filmlər çoxluq təşkil edir.
Təbiətlə hamımız təmasda oluruq, onun nemətlərindən, gözəlliklərindən bəhrələnirik. Lakin hər birimiz bitki və heyvanat aləminin möcüzələrini dəqiqliklə görə, hiss edə bilmirik. Bəzi incə və həssas məqamlar var ki, onları təbliğat-təşviqat xarakterli sənədli kadrlarda görür, mahiyyətini anlayırıq. Təbiət gözəlliklərinin, möcüzəsinin incə məqamlarını kameranın nəzərində diqqətə çatdırmağı vacib bilən operatorun dediklərindən: “Heyvanlar aləminə aid maraqlı filmlər çəkməyi daha çox sevirəm. “Qızıl balıqlar”ı kinorejissor Cəmil Fərəcovla birgə işlədik. O vaxtlar Çaykənddə qızıl balıq yetişdirməklə məşğul olan bir zavod vardı. Həmin zavodda balıqlardan süni yolla kürü alırdılar. Kürülər 4 aya yaxın bir müddət ərzində təmiz suda saxlanılmalı idi. Bu müddət keçdikdən sonra kürülərdən balıqlar çıxmağa başlayırdı. Biz həmin bu anı tutmuş, kürüdən balığın necə çıxmasını lentə almışdıq. Bu kadrlar, həqiqətən də, tapıntı idi”.
Sərdar Vəliyevin operator kimi çalışdığı, quruluş verdiyi filmləri bu gün də minlərlə tamaşaçı zövqünü formalaşdırır, müxtəlif mövzular haqqında məlumatlandırır. Ömrünü sevdiyi peşəyə həsr edən, ictimai zövqün formalaşmasında bilik və bacarığını əsirgəməyən kino veteranına yubiley yaşı ərəfəsində (14.04.1939) bir daha cansağlığı, uğurlar arzulayırıq.
Dövlət Film Fondu