Rejissor və aktyor Ceyhun Mirzəyevin doğum günüdür

Elə sənətkarlar var ki, adları çəkiləndə peşəkarlıqları ilə yanaşı, müsbət şəxsi keyfiyyətləri də ehtiramla vurğulanır, sənətkar və şəxsiyyət kimi yaddaşlarda əbədiləşir, sevilir, xatırlanır. Hələ kiçik yaşlarından milyonların sevgisini qazanan kinoaktyor, kinorejissor Ceyhun Mirzəyev də yüksək sənətkarlıq keyfiyyətinə, müsbət cəhətlərinə görə sevilən, qəlblərdə iz salan kino xadimlərimizdəndir. İstedad və bacarığı ilə milli kinomuzun inkişafına təkan verən kino fədaisinin anadan olmasının 78-ci (09.04.1946-05.03.1993) ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edirik.

Kinoya böyük sevgi və məsuliyyətlə yanaşmaq müxtəlif həyat hekayələrinin bitkin, dolğun şərhini vermək, düşündürücü ekran əsərlərinin həyat üçün mühüm əhəmiyyət kəsb etdiyini sübut etmək deməkdir. İstedadlı kinoaktyor, kinorejissor  Ceyhun Mirzəyev də müraciət etdiyi hər bir mövzuya daim həssaslıqla yanaşıb, sevərək sarıldığı məsləyinin fövqündə sənətin aliliyini, cəmiyyət üçün gərəkliliyini dönə-dönə sübut edib.

Hələ uşaq yaşlarından kino kameraları qarşısında istedadını sərbəst, səmimi oyunu ilə nümayiş etdirən, çəkiliş meydançalarında sərbəst davranışı, səmimi ifası ilə kino heyətinin diqqətini çəkən Ceyhun Mirzəyev 15 tammetrajlı filmdə, bir çox “Mozalan” kino süjetində maraqlı, xarakterik obrazlar yaradıb, peşəkar təqdimatına görə Azərbaycan kinosunun simasına çevrilib. Kinoda debüt rolunu “Görüş” (1955) kinokomediyasında ifa edib, Şıxəlinin (aktyor Əliağa Ağayev) oğlu rolunda çəkilib. Bu filmdən sonra ardıcıl olaraq müxtəlif janrlı ekran əsərlərində xarakterik, yaddaqalımlı obrazlar oynayıb. “Ögey ana” filmindəki İsmayıl rolu isə onun yaradıcılıq taleyini müəyyənləşdirib, kino aktyoru olmaq fikrini qətiləşdirib. Bu filmdə baş rollardan birini canlandıran Ceyhun Mirzəyevin obrazın daxili mənini duyub, düşüncə və psixologiyasını dəqiq, orijinal ştrixlərlə çatdırması, tərəf-müqabilləri ilə səmimi, təbii münasibəti filmin ideya məzmununun dolğun çatdırılmasına, böyük maraqla qarşılamasına, ölkədən kənarda belə maraqla baxılmasına, ekran taleyini uğurla yaşamasına səbəb olub. Səmimi, inandırıcı təqdimatı, peşəkar oyunu ilə kinorejissorların diqqətini çəkən aktyorun, demək olar ki, yeniyetməlik, gənclik dövrü kinoda keçib. Hər bir təqdimatı ilə tamaşaçıları ekran başına toplayan sənət aşiqi çoxsaylı pərəstişkarlarının nəzərləri altında kinoda böyüyüb, boya-başa çatıb.

Ceyhun Mirzəyevi kinoda kəşf edən kinorejissor Tofiq Tağızadə “Əsl dost” filmini ekranlaşdıranda Fərmanın uşaqlığı rolunu gələcəyinə böyük inam bəslədiyi yeniyetmə aktyora həvalə edib. Rol kiçikplanlı olsa da, xarakterikdir, yaddaqalımlıdır. Filmin çəkilişləri başa çatdıqdan sonra yeniyetmə aktyoru “Matteo Falkone” kinodramında aparıcı rollardan birinə, Fortunato roluna çəkib. Cəldliyi, çoxbilmişliyi ilə yaşıdlarından fərqlənən yeniyetmə Fortunato özünəməxsus xüsusiyyətləri ilə hadisələrin dinamik inkişafına təkan verir, filmin ideya-məzmununu açır, əsərin mahiyyətini çatdırır. 

XIX əsr məşhur fransız yazıçısı Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılan filmdə vətənpərvərlik, xalqına sədaqətli olmaq kimi yüksək insani hisslər təbliğ olunur. Fortunatonun simasında satqınlıq, düşünmədən davranmaq, ailə dəyərlərini vecinə almamaq kimi cəhətlər qınanılır, ailəni ləyaqətlə təmsil etmək, cəmiyyət üçün gərəkli vətəndaş olmaq kimi ali prinsiplər filmin leytmotivini təşkil edir.

Hər bir rolu ilə kinosevərlərin diqqətini çəkən istedadlı aktyor bu filmdən sonra  “Koroğlu” kino-dastanında Ceyhun, “Qara qağayı” (“Lenfilm” kinostudiyası) macəra filmində Manolo, “Yenilməz batalyon” tarixi-macəra dramında Teymur, “Qanun naminə” filmində Absalam, “Yol əhvalatı” kinokomediyasında İbadulla, “Qanlı zəmi” tarixi-macəra filmində tacir və digər xarakterik rollar canlandırıb.

Kinostudiyanı ikinci evi bilən, həyatını kinosuz təsəvvür etməyən Ceyhun Mirzəyevin görkəmli kino xadimləri ilə uzun illər çiyin-çiyinə çalışması kino sənətinin incəliklərinə dərindən bələd olmasına, ekran hadisələrini inandırıcı çatdırmasına səbəb olub. Bir müddət sonra filmlərdə rejissor assitenti kimi çalışan (“Axırıncı aşırım”, “Ən vacib müsahibə” və s.) kino aşiqi az müddət ərzində “Mozalan” studiyasında rejissor kimi fəaliyyət göstərib, burada 60-dan çox bədii və sənədli kinosüjetlər çəkib. Həmçinin bədii kinoda 3 tammetrajlı film (“Bəyin oğurlanması” (Vaqif Mustafayevlə birgə), “İşarəni dənizdən gözləyin”, “Fəryad”) ekranlaşdırıb.

Ceyhun Mirzəyevin yüksək sənətkarlıq keyfiyyətləri, ətrafındakılara olan xoş rəftarı, insani münasibətləri onu kinostudiyanın sevimli sakininə çevirib, həmkarlarının, dostlarının və tanışlarının sevgisi ilə əhatələnməsinə səbəb yaradıb.

Əməkdar incəsənət xadimi, kinorejissor, uzun illər “Mozalan” studiyasında baş redaktor kimi çalışan Ziyafət Abbasovun sənət dostu haqqındakı söhbətlərindən: “Ceyhunla çox yaxın dost olmuşuq. Onun fəaliyyətinin çox hissəsi “Mozalan”da olub. Baxmayaraq ki, həmin dövrdə “Mozalan” studiyasında rejissor ştatı yox idi, amma o, rejissor kimi süjetlər çəkirdi. Mən ora baş redaktor təyin olunandan sonra onu “Mozalan”a bədii rəhbər təyin etdim. İşinə o qədər məsuliyyətli yanaşırdı ki, hamı ondan öyrənirdi. İşində çox səliqə-sahmanlı idi. İş metodu başqalarından çox fərqlənirdi. Çəkdiyi süjetlərə, özünə qarşı çox tələbkar idi. Sənədli süjetlərə münasibəti başqa idi. Çalışırdı ki, həmin süjetlərdə problemli məqamları dəqiqliklə tamaşaçılara çatdırsın. Bunu da hər rejissor bacarmır. Bədii süjetlərin çəkilməyinə isə xüsusi marağı vardı. Aktyorlarla işləməyi çox sevirdi. Ona görə də bədii süjetlər ona daha yaxın idi.

Az hallarda olar ki, kollektiv kimisə çox istəsin. Onu isə kinostudiyanın bütün kollektivi çox sevirdi. Heç kimin xətrinə dəymirdi. Nadir adamlardan idi ki, həm aktyor, həm də rejissor kimi sevilirdi. Allah ona rəhmət eləsin”.

Dövlət Film Fondu