Elə sənətkarlar var ki, onların sənətə gəlməsi, məsləklərini sevərək təqdim etməsi, sənətin fövqündə cəmiyyətə ali məqsədləri təlqin etməsi insanlara və həyata fərqli baxışlarından, sevgilərindən yaranıb.
Azərbaycan teatr, kino sənətinin inkişafında böyük xidmətləri olan, aktyorluq və rejissorluq fəaliyyətini sənət məktəbinə çevirən görkəmli sənətkar, Xalq artisti Rza Təhmasib də səhnənin ona ehtiyacı olan bir vaxtda sənətə gəldi, teatr, kino sənətimizin inkişafına təkan verdi.
Milli teatr ənənələrinin yaranmasında mühüm xidmətləri olan, uzun illər Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərən, kino sənətimizin formalaşmasında istedadını, bacarığını əsirgəməyən sənətkarın adı çəkiləndə əsl sənət nümunələri yada düşür, sənətin ali təqdimatı xatırlanır.
Realist aktyor məktəbinin yetirmələrindən olan Rza Təhmasib hələ kiçik yaşlarından sözə, sənətə, teatra meyil göstərib. 16 yaşında Tbilisidə Müsəlman Artistləri İttifaqının teatr truppasında aktyor kimi fəaliyyətə başlayıb. 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. Həmin ildən etibarən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Bir müddət sonra bu teatrda bədii rəhbər (1922–1924), direktor kimi (1953–1959) fəaliyyət göstərib.
Rza Təhmasibin teatrdakı fəaliyyəti dövründə Azərbaycan kino sənəti inkişaf mərhələsini yaşayırdı. Həmin vaxtlarda teatr fədailəri kino işçilərinə yaxından köməklik göstərir, aktyor və rejissor kimi filmlərin çəkilişində iştirak edirdilər. Daim yaradıcılıq axtarışında olan Rza Təhmasib də kino sənətinə maraq göstərən, inkişafına can atanlar sırasında idi. Sənətin sirlərinə bələd olmaq üçün də Moskvaya gedib, 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib.
Rejissorluq fəaliyyətinə “Balıqçılar” (1927) bədii filmi ilə başlayan görkəmli sənətkar bundan başqa, “Azərbaycan SSR-in 15 illiyi” (1935), “Ordenli Azərbaycan” (1938) sənədli filmlərini çəkib. “Arşın mal alan” (1945, N.Leşşenko ilə birgə), “Mahnı belə yaranır” (1957, M.Mikayılovla birgə), “Onu bağışlamaq olarmı?” (1959) və digər bədii filmlərə quruluş verib. Mühüm məsələləri filmlərin leytmotivinə çevirib, müxtəlif həyat hadisələrini məntiqli quruluşda təqdim edib, daxili sturkturunu aydınlıqla qurub, hər bir dövrün müasirinin düşüncə və əməllərini, fərdi mövqeyini mühitin təmsilçisinə çevirib, formalaşmış xarakterlərin, yüksək mənəviyyatın vacibliyini, həyatda öz yerini müəyyənləşdirməyin, insanlara xeyir verməyin labüdlüyünü vurğulayıb.
Sənətkarın hər bir yaradıcılığı mühüm hadisəyə və tamaşaçılar üçün böyük töhfəyə çevrilirdi. Belə ki, Məmmədhüseyn Təhmasibin ssenarisi əsasında quruluş verdiyi “Onu bağışlamaq olarmı?” filmi rejissora böyük şöhrət qazandırdı. Əsərin dərin qatlarına nüfuz edən rejissor ekran hadisələrinin məntiqi mənasını mürəkkəb psixoloji priyomlarla açmağa nail oldu, cəmiyyət üçün təhlükə yaradan insanların iç üzünü, psixologiyasını təhlil obyektinə çevirdi, insan amilini, lazımlı vətəndaş olmağın vacibliyini önə çəkdi.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında quruluş verdiyi “Arşın mal alan” (1945) filmi geniş şöhrət qazandı, 150-dən çox ölkədə nümayiş olundu. 1946-cı ildə filmin yaradıcı heyətindən bir qrup üzvü (7 nəfəri) Stalin mükafatına layiq görüldü. Rejissorun mövzu ilə bağlı qeydlərinə nəzər salaq: “Arşın mal alan” yetkin əsərdir. Orada fabula, dramaturgiya çox güclüdür. Sözün əsl mənasında komediyadır. Bu əsərə heç bir müdaxilə lazım deyil. Mənim müvəffəqiyyətimin sirri ondadır ki, əsərə toxunmamışam, aktyorları düzgün seçmişəm”.
Rejissorluq fəaliyyəti ilə paralel olaraq, bir neçə filmdə canlandırdığı həkim (“Almaz”), Ağası xan (“Fətəli xan”), Mircəfər Bağırov (“Bakının işıqları”), Qaloş (“Qanun naminə”), Şahmar bəy (“Bakıda küləklər əsir”), Cəbrayıl dayı (“Ən vacib müsahibə”) və digər orijinal, dolğun obrazları ilə mövzunun mahiyyətini aydınladıb, filmlərin baxımlılığını təmin edib.
Xarakterik, yaddaqalan rolları ilə kino salnaməmizi zənginləşdirən aktyor hər bir rolun təfsirində hadisələrə dəqiq mövqeyini bildirib, məzmunlu yanaşması ilə tərəf-müqabillərinə olan münasibətini açıqlayıb. Bununla da hadisələrin dərinliyinə sirayət edib, incə məqamları diqqətə çatdıraraq ekran əsərlərinin keyfiyyətli təqdimatına, yaddaqalımlı olmasına zəmin yaradıb.
Zəmanəsinin, mühitinin mühüm məsələlərini, insanları narahat edən problemləri sənətinin fövqündə təhlil obyektinə çevirən, aydınlaşdıran, ibrətamiz yaradıcılığı ilə ətrafındakıların düşüncəsini, həyatını doğru səmtə təlimatlandıran aktyor, personajların səciyyəvi cəhətlərini nəzərə alaraq mövzunun bədii xüsusiyyətinə uyğun davranıb, tamaşaçının diqqətini tamlıqla özünə yönəldərək məzmunlu ekran nümunələri ərsəyə gətirib.
Rollarını maraqlı detallarla canlandıran aktyorun kino obrazları içərisində mənfi xarakterli personajlar çoxluq təşkil edir. Bu isə obrazların xarakterik cizgilərini düzgün qavrayıb, dəqiq boyalarla göstərmək, daxili mənini tanıtmaq prinsipindən, rolun təfsirində sənətin mahiyyətini çatdırmaq istəyindən irəli gəlib. Ümumiyyətlə, bütün rollarına həssaslıqla yanaşan aktyor ədəbi əsərlərin məzmununun əhatəli şərhinə nail olub, hər bir rolunu dəqiq ştrixlərlə, həssaslıqla canlandırıb. Fərdi cizgilərlə çatdırdığı davranış və xüsusiyyətləri diqqət çəkib, düşündürüb, filmlərin baxımlılığını təmin edib, yaradıcılığı fonunda sənətkar qüdrətini təsdiqlənib.
Aktyorun “Bakıda küləklər əsir” filmində canlandırdığı Şahmar bəy obrazı uğurlu rollarındandır. XX əsrin 40-cı illərində, İkinci Dünya müharibəsi ərəfəsində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərindən, çekistlərin təxribatçılara qarşı apardıqları mübarizədən bəhs edən filmdə Şahmar bəy ziddiyyətlərin kəskinləşməsinə səbəb yaradan, hadisələrin dramatizmini artıran personajdır. Obrazın hiyləgər xüsusiyyətini, məkrli niyyətini özünəməxsus ştrixlərlə təqdim edən aktyor fikir və davranışları ilə dövrün hadisələrinə aydınlıq gətirib, filmin ideya məzmununu açıb. Müəllif-aktyor olaraq hadisələrə şəxsi münasibətini bildirib, orijinal təqdimatı fonunda filmin maraqla izlənilməsinə zəmin yaradıb.
Rza Təhmasibin kino yaradıcılığında aktyor kimi oynadığı və rejissor kimi quruluş verdiyi filmlər məzmun və forma baxımından mürəkkəbdir, fərqlidir, düşündürücüdür. Rejissorluq fəaliyyətində mühüm işlərə imza atan sənətkar quruluş verdiyi filmərdə müxtəlif dövr hadisələrini, mürəkkəb insan münasibətlərini təhlil edib, ziddiyyətli fikirləri, əməlləri təhlil obyektinə çevirib.
Sənətin cəmiyyətdəki rolunu, əhəmiyyətini yaxşı bilən Rza Təhmasib 1946-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Pedaqoji fəaliyyəti dövründə onlarla tələbəyə sənətin sirlərini öyrədib, peşəkar aktyor nəslinin yetişməsində xüsusi xidmətləri olub. Dərs hissə müdiri, dekan və aktyorluq, rejissorluq kafedrasının müdiri vəzifəsində çalışıb, 60-cı illərin birinci yarısında Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.
Ustad sənətkarın sənətdəki xidmətləri Dövlət tərəfindən yüksək qiymətləndirilib. 1943-cü ildə Əməkdar artist, 1964-cü ildə isə Xalq artisti fəxri adlarını alıb. Stalin mükafatı (2-ci dərəcəli, 1946), “Şərəf nişanı” ordeni (1946) ilə təltif olunub.
Dövlət Film Fondu