Aktrisa Nəsibə Zeynalovanın doğum günüdür

Xalq artisti, istedadlı aktrisa Nəsibə Zeynalovanın adı çəkiləndə istər-istəməz çöhrələrdə təbəssüm yaranır. Bir-birindən maraqlı, məzəli rolları yada düşür. Qəlblərə sevinc gətirən ifaları xatırlandıqca dillər əzbərinə çevrilən ifadələr təkrarlanır, yaradıcılığı fonunda tərəf-müqabilləri, görkəmli sənət adamları, yaddaşımızda əbədiləşən filmlər göz önündə canlanır. Sənəti ali səviyyədə təqdim edən kino xadimlərinin yaradıcılıqlarına dönə-dönə, minnətdarlıq hissi ilə müraciət olunur.

Aprel ayının 20-si unudulmaz aktrisanın doğum günüdür. Duzlu-məzəli teatr və kino rolları ilə səhnəmizi, kinomuzu zənginləşdirən, fərdi dəst-xəttini məktəbə, teatrı mədəniyyət ocağına çevirən, hər bir rolunu səbirsizliklə gözləyən  tamaşaçının kinoteatra tələsməsinə əsaslı səbəb yaradan sənət bilicisinin bənzərsiz kino obrazları orijinaldır, məzmunludur. Elə buna görə də xatirəsi sənətsevərlərin qəlbində əzizdir, şəxsiyyəti unudulmazdır.

Aktrisanın kinoda debüt rolu görkəmli teatr, kino rejissoru Həbib İsmayılovun quruluş verdiyi “Ögey ana” (1958) filmindəki Fatmanisə obrazıdır. Ailə-məişət problemlərindən bəhs edən filmdə Fatmanisə kənddə baş verən hadisələrə qara düşüncələrlə yanaşır, sakinlər arasında söz-söhbət yayır, münasibətləri kəskinləşdirir, ziddiyyətləri artırır. Obrazın qəribə fərdilikləri, ətrafına qarşı olan minnət dolu münasibəti, qınayıcı nəzərləri həyatını nizama salmağa çalışan, xoşbəxtliyin qayğıları ilə məşğul olan sakinlərin cəsarətsizliyinə səbəb olur, ictimai qınaq xofunu formalaşdırır. Bu da ətrafındakılara heç bir faydası dəyməyən hiyləgər, məkrli tipajın daim diqqət mərkəzində olmaq, vəziyyəti dramatikləşdirmək istəyini təmin edir, əsas personajlarından biri kimi yadda qalır, düşündürür, savadsız, mənəviyyatı cılız insanların ətrafındakılar və onların ailələri üçün nə dərəcədə təhlükəli olduğunu xarakterik priyomlarla  canlandırır.

Rol kiçikplanlı olsa da, hadisələrin məzmununun aydınlanmasına, situasiyaların dramatikləşməsinə səbəb yaradan, tərəf-müqabillərinin fərdi keyfiyyətlərinin, düşüncə və psixologiyalarının tanıdılmasına yönələn xarakter dəqiqliyi sosial mühitin ab-havası haqqında məlumatlanmağımızla yanaşı, hadisələr fonunda xarakter bolluğuna imkan yaradır. Rolun düşdüyü mühitə uyğunlaşdırdığı orijinal ifadə və jestləri ekran hadisələrinin inandırıcı təsir bağışlamasına, filmin baxımlılığına rəvac verir.

Nəsibə xanım haqqında hansısa obrazı oynayırdı demək mümkün deyil. Çünki sözün əsl mənasında o, rolların həyat şəraitini, daxili dünyası, fikir və düşüncələrini yaşayır, obrazlı şəkildə canlandırırdı. Bütün rollarının varlığına inandırır, gerçəkliyini təsdiqləyirdi. Buna görə də komik rollarını sadəcə tamaşaçını güldürən personaj kimi yox, həyatın gedişatını tənzimləməyə çalışan, qeyri-normal cəhətli insanların münasibətlərini qınaq hədəfinə çevirən müdrik obraz kimi təqdim edib, düşündürüb, tamaşaçını nəticə çıxarmağa sövq edib.

Nəsibə Zeynalovanın 20-dən artıq bədii filmdə, “Mozalan” süjetlərində və televiziya tamaşalarında canlandırdığı koloritli, məzmunlu rolları ədəbi əsərlərin ideya məzmununun açılmasına, müəlliflərin məqsədlərinin aydınlıqla çatdırılmasına imkan verib.

Aktrisanın müxtəlif janrlı filmlərdə yaratdığı Züleyxa (“Ulduz”), Kişvər (“Xoşbəxtlik qayğıları”), Meyransa (“O qızı tapın”), Zeynəb (“Bağlı qapı”), Səriyyə xala (“Bizim küçənin oğlanları”), Nəsibə xala (“Bəyin oğurlanması”), Telli (“Böyük dayaq”),  Şəhla xanım; qarı nənə (“Qanun naminə”), Cənnət xala (“Qayınana”), Səkinə (“Qəm pəncərəsi”), nənə (“Mən mahnı qoşuram”) və başqa obrazları bənzərsiz təqdimetmə bacarığının, istedadının göstəricisidir.

Nəsibə xanımın yaradıcılıq qismətinə qəliz xüsusiyyətə malik personajlarla yanaşı, təəssübkeş xarakterli obrazlar da düşüb. Kinorejissor Tofiq İsmayılovun quruluş verdiyi “Mən mahnı qoşuram” filmində aktrisa bütün ailələrin arzuladığı, mülayim cəhətli nənə rolunu canlandırıb. Filmdə kənd dəyirmançısı olan Xudayar kişinin (Həsən Turabov) qızı Sonanın (Olqa Rojdestvenskaya) gözəl mahnı ifaçısı olmasından, lakin atasının onun istedadına qarşı çıxmasından, şəhərdə musiqi təhsili almasına icazə verməməsindən danışılır. Bütün dövrlər üçün aktual olan məsələlərə toxunan filmdə ailə mədəniyyətinin, ətrafındakılar üçün mehriban davranmağın, istedadlarına məhdudiyyət qoymamağın zəruriliyi fikri qabardılıb, sadə və səmimi quruluşda diqqətə çatdırılıb.

Nəsibə Zeynalovanın canlandırdığı nənə surəti oğlunun ailəsinə qarşı olan sərt davranışlarına qarşıdır. O, gəlininə (Amaliya Pənahova) ev işlərində kömək edir, ailədə baş verəcək narazılıqların qarşısını alır, nəvələrinin təəssübünü çəkir. Sonanın gözəl mahnı ifaçısı olduğundan da məmnundur. Bunun üçün də oğlunu nəvəsinin musiqi təhsili almasına, Bakıya musiqi məktəbinə göndərməsinə razı salmağa çalışır.

Ailədə yaranan problemləri aradan qaldıran, xoş əhval-ruhiyyə yaradan,  nəvələrinin sağlamlığı, rifahı üçün çalışan nənə mehriban, şən, nikbin xüsusiyyəti ilə baş verəcək dramatik situasiyaların qarşısını alır, övladlarının layiqli vətəndaş kimi yetişməsində, onların təlim-tərbiyəsində rol oynamaqla, gələcəklərinin sağlam təməllər üzərində qurulmasına çalışır. Nümunəvi ev sahibi, ailə başçısı rolu ilə də böyüklərin və azyaşlı tamaşaçıların rəğbətini qazanır. Sənətin üstünlüklərindən, cəmiyyət üçün vacib olan keyfiyyətlərindən yararlanaraq müsbət fərdi cəhətlərindən rollarına pay bölür, insanların həyatında mayaka çevrilir.

Aktrisanın “Xoşbəxtlik qayğıları” kinodramında ustalıqla təqdim etdiyi Kişvər, “Bizim Cəbiş müəllim” filmində Suğra xala, “Bizim küçənin oğlanları” məhəbbət dramında Səriyyə xala və digər rolları qonşu və yaxınları üçün narahatlıq keçirən, ətrafındakılara kömək edən, nizam-intizam yaratmağa çağıran personajlardır.

Nəsibə xanımın istər dramatik, istərsə də komik rollarına özünəməxsus münasibəti, fərdi yanaşması olub. Buna görə də rejissorların məqsədini yaradıcılığı fonunda fərqli və orijinal təqdim edib. Böyük istedad sahibinin bu mənada hər bir rolu rejissorlar üçün uğur, tamaşaçılar üçünsə sevinc mənbəyi idi. Unudulmaz sənətkarımıza uca Allahdan rəhmət diləyir, ruhu şad olsun deyirik.

Dövlət Film Fondu