Ağahüseyn Cavadov – 130

Realist üslubda, bənzərsiz, yaddaqalan ekran obrazlarına xarakterik cizgilər verən görkəmli aktyor, Xalq artisti Ağahüseyn Cavadov məsləyində kamil sənət anlayışı yaradan, aşılayan sənətkarlarımızdandır. Aktyorun böyük sevgi və şövqlə yaratdığı ekran obrazlarını xatırlayarkən ilk növbədə çöhrələrə təbəssüm qonur, komik, duzlu-məzəli rolları yada düşür. Bu isə böyük istedad sahibinin peşəsinə olan hörmətinin, sevgisinin təzahürüdür. Məhz bu mənada aktyorun rol aldığı filmlər bu gün də uğurlu ekran taleyini yaşamaqdadır.

Ömrünün böyük bir hissəsini sənətə həsr edən aktyor səhnəyə çıxanda bəlkə də gülüş ustası olacağını ağlına belə gətirməmişdi. Ancaq müasirlərinin, dövrünün tamaşaçısının gülüşə, ələlxüsus da qrotesk gülüşə ehtiyac duyduğunu dəqiq bilirdi. Buna görə də zəngin, məntiqli yaradıcılığı fonunda minlərlə insana mənalı gülüş, sevinc bəxş  edirdi. Çöhrələrdə yaranan təbəssümlər, ucalan qəhqəhələr qeyri-normal xüsusiyyətləri qınayır, ictimai davranışları tənzimləyirdi. Aktyorun teatrda və kinoda oynadığı komik obrazlar yüksək mənəvi davranış qaydalarının zəruriliyini vurğulayan personajlardır.

Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakıda anadan olub. Əvvəl mollaxanada oxuyub, 1919-cu ildə isə “Səadət” məktəbini bitirib. Gənclik illərindən sənətə maraq göstərib, müxtəlif tamaşalarda sözsüz və epizodik rollarda oynayıb. Aktyorun peşəkar səhnə fəaliyyəti 1920-ci ildən başlayıb. Həmin ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi idarəsi tərəfindən təşkil edilən teatr bölməsinə daxil olub, 1921-ci ildə Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət olunub. 1925-ci ildə bu kollektiv Türk İşçi Kəndli Teatrı, 1927-ci ildən isə Türk İşçi Teatrı adlandırılıb.

1932-ci ildə Gəncəyə köçürülən teatr Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirib. A.Cavadov bu truppanın tərkibində maraqlı rollarda çıxış edib. 1938-ci ildə Musiqili Komediya Teatrına dəvət alıb, 1942-ci ildən Akademik Dram Teatrının truppasına qatılıb, ömrünün sonunadək bu teatrda çalışıb.

Sənət yollarını zəngin mütaliəsi, çalışqanlığı ilə işıqlandıran aktyor yaradıcılığının hələ ilkin mərhələsindən komik rollarda çıxış edib. Obrazlara real, dolğun, təsirli mizan verib, orijinal təqdimatı kinorejissorların diqqətindən yayınmayıb.

Yaradıcılıq qismətinə düşən ekran personajlarını fərqli çalarlarla canlandıran aktyor 10-dan artıq filmdə irili-xırdalı rol oynayıb. Ustalıqla yaddaşlara yazdığı obrazlardan Rza (“Bəxtiyar”), Əbülfəz (“Görüş”), Pirioğlu (“Qızmar günəş altında”), falçı (“Bir qalanın sirri”), Əhməd (“Əhməd haradadır?”), baş vəzir (“Sehrli xalat”), Qaraşad (“Qərib cinlər diyarında”), İsmayıl baba (“Şərikli çörək”) və digərləri filmlərin aparıcı qüvvəsi kimi qəbul edilib, aktyora məşhurluq gətirib, sevdirib.

Dramatik və komik rolların mahir ifaçısı olan A.Cavadov üçün kino obrazlarına xarakterik cizgilər tapmaq o qədər də çətin olmadı. Kamera qarşısında rahat və səmimi davranan aktyor, rolların həyat mövqeyi və düşüncə tərzinə istinadən davranış qaydalarını dəqiq nizamlayır, vəziyyət və şəraitlə uzlaşan dolğun, real kino personajları ərsəyə gətirirdi. Məsələn, “Bəxtiyar” filmindəki Rza obrazını yada salaq. İlk görünüşdə sadə və avam təsir bağışlayan personajın fərdi cəhətlərini incəliklə cilalayan aktyorun dəqiq ünvanlanmış jestləri onun hiyləgər və ətrafındakılara biganə xüsusiyyətini anons edir.

Rza həmkarlarının rəqsini pianinoda müşayiət edərkən notların yerini səhv salır. Səhnədə çıxılmaz vəziyyətdə qalan artistləri nəzərə almadan, heç bir narahatlıq keçirmədən yarımçıq qalan ifasını davam etdirir. Bu kimi ani jesti ilə də Rzanın heç də saf və sadə prototip olmadığını, işindəki səriştəsizliyini göstərir. Qohumu, klub müdiri Ağabalanın himayəsinə sığınan bacarıqsız, meşşan tipaj kimi təqdim edir. Bu və ya digər personajların təfsirində cəmiyyətin tərəqqisini ləngidən mənfi xarakterli personajları gülüş, qınaq obyektinə çevirir.

Aktyorun məzmunlu rollarından biri də “Görüş” kinokomediyasındakı Əbülfəz obrazıdır. Xaraktercə tənbəl olan, vaxtının çoxunu çayxanalarda keçirən Əbülfəz işinə daim məsuliyyətsiz yanaşır, buna rəğmən özünü həmişə haqlı sayır. O, dostluqda da sadiq deyil, həyat məsələlərinin həllində olduqca acizdir.

Filmin baş qəhrəmanı Kamili qabaqcıl pambıqçı kimi göstərmək üçün ona pambıq yığmaqda kömək edən Şıxəli və Əbülfəz ifşa olunduqları zaman pambığı Kamil üçün yığdıqlarını etiraf edirlər, eyni zamanda Əbülfəz onu bu işə Şıxəlinin cəlb etdiyini deyir. Digər tərəfdən isə o, Kamilin əmək qabaqcılı olan Lala İzmayılovaya bəslədiyi sevgisini  bildiyi halda, yenə də qıza olan (yersiz) hisslərini bildirməyə çalışır. Qeyri-normal həyat anlayışına, gülüş doğuran davranışlarına görə ətrafdakıların tənqid hədəfinə çevrilən Əbülfəz cəmiyyət üçün yazıq simalı müftəxor kimi tanınır.

Aktyorun kino obrazları orijinallığına, koloritinə görə diqqət çəkir, seçilir, baxılır. Obrazların düşdüyü mühiti dərindən qavradığına, fərdi cəhətlərini məntiqli boyalarla çatdırdığına görə də korifey kinorejissorlarımızdan Ə.Atakişiyev, Ş.Mahmudbəyov, T.Tağızadə, L.Səfərov və başqaları onu böyük sevgi ilə filmlərinə dəvət edirdilər.

Görkəmli kinorejissor Lətif Səfərov aktyorun “Bəxtiyar” filmindəki uğurlu obrazından sonra “Qızmar günəş altında” filmini ekranlaşdıranda kiçikplanlı rollardan birini, Pirioğlu obrazını A.Cavadova həvalə edir. Bu obrazla Əbülfəz və Rzanın mənfi cəhətləri arasında müəyyən oxşarlıq olsa da, aktyor rolun xarakterik cizgilərini, hiyləgər xüsusiyyətlərini fərqli boyalarla daha qabarıq şəkildə təqdim edib, qeyri-normal cəhətlərini qınaq hədəfinə çevirib.

Pirioğlu kolxoz sədri Niyaz Sərdarov qədər yeniliyə qarşıdır. O, çay təsərrüfatı ilə məşğul olan əmək qabaqcıllarının yarışmasına, qalib olmasına, su anbarının tikilməsinə, kənd adamlarının həyat şəraitinin yaxşılaşmasına heç bir köməklik göstərmir. İkiüzlü, yaltaq, yalançı olan, Sərdarovun himayədarı adlandıra biləcəyimiz bu personaj mənfi xarakterli olmasına baxmayaraq, haqlı mövqedəymiş kimi çıxışlar edir, mənasız hay-küyü ilə özünü işgüzar, kəndin zəhmətkeş sakini kimi göstərir, Sərdarovun adından istifadə edərək insanlara göstərişlər (tibb məntəqəsinin boşaldılması) verir. Pirioğlunun gülüşdoğuran xarakteri fonunda cəmiyyət üçün təhlükəli olan və xoşagəlməz hadisələrə səbəb ola biləcək cəhətləri nümayiş olunur. Bu mənada  aktyorun heyrətamiz yaradıcılığının təfsirində rolun mənfi cəhətləri, cahil xüsusiyyətləri ironik gülüşlə qınanılır, tamaşaçının mühakiməsinə verilir.

Filmdə kolxozçuların iclasında Pirioğlunun Sərdarova xoş gəlmək üçün söylədiyi  çıxışı personajın daha bir cılız xüsusiyyətini ifşa edən priyom kimi təqdim edilib. Pirioğlunun çıxışını anlamayan kolxoz sədri əsəbiləşir və ona susub oturmasını əmr edir. Pirioğlu isə ani olaraq Sərdarovun öz səs tonunda əmrə müntəzir olduğunu yaltaqcasına təsdiqləyir. Vəziyyətdən yaranan komizm dramatik hadisələrin yumşaldılmasına vəsilə olur, vəziyyətin pisləşmə, hadisələrin gərginləşmə səbəbi məlum olur. Piri oğlu kimi yaltaq, meşşan insanların səhv qərarları, dedi-qoduları üzündən sakinlərin çətin vəziyyətə düşməsi təsdiqini tapır, digər iclas iştirakçılarının hadisələrə və personajlara münasibəti aydınlanır.

Aktyor peşəkar təqdimat ilə tərəf-müqabillərinin, həyatın inkişafına təkan verən personajların (həkim Zeynalovun, Eldarın, Nərminənin və s.) həyat mövqelərini önə çəkir, mənfi xarakteri ustalıqla canlandırmaqla pisi qınayır, yaxşıları alqışlayır. Məzmunlu, məntiqli yaradıcılığı fonunda ziyalı sənətkar mövqeyini təsdiqləyir, sevilir, alqışlanır.

Peşəkarlığına, sənətə olan sevgisinə görə Xalq artisti fəxri adına layiq görülən (1938) Ağahüseyn Cavadovun yaddaqalan kino obrazları haqqında uzun-uzadı danışmaq olar. Ən başlıcası odur ki, aktyorun ekran obrazları koloritinə, dolğunluğuna görə filmlərin ideyasını tamlıqla çatdırıb, sənətkar qüdrətini dönə-dönə təsdiqləyib.

Dövlət Film Fondu