Aktyor Həsən Əblucun doğum günüdür

Sənət həyata fərqli baxışın, insanlara, həyata olan sonsuz sevginin təzahürüdür. Burada yalnız istedadını, zəhmətini maraqlı iş əmsalına çevirənlər qəlblərdə iz sala bilərlər, sevilərlər. Ülvi hisslərini, saf duyğularını yaradıcılığına yansıdan, yüksək mənəvi dəyərləri təbliğ edən, zövqləri zənginləşdirən, düşüncələri formalaşdıran sənətkarlar məhz buna görə xalqın mənəvi sərvətidirlər.

Azərbaycan teatr, kino sənətində bənzərsiz rollar yaradan, məxməri, ahəngdar səs tembrinə görə dublyaj sənətinin vacibliyini vurğulayan, kinonun ayrılmaz qolu olduğunu hər çıxışında sübut edən Əməkdar artist Həsən Əbluc da məsləyini daim böyük məsuliyyətlə, şövqlə təqdim edib, sənətsevərlərin arzuolunan sənətkarına çevrilib. Orijinal üslubda yaratdığı rolları, səsləndirdiyi personajları vasitəsilə ictimai fikrin formalaşmasında mühüm rol oynayıb, müəllif-aktyor mövqeyindən çıxış edərək (obrazları fonunda) müxtəlif dövrlərin təmsilçisinə, bələdçisinə çevrilib, sənətsevərlərin rəğbətini qazanıb.

Bədii qiraət ustası kimi də tanınan, klassik və çağdaş şairlərimizin poeziya nümunələrini çoxsaylı tamaşaçıya, dinləyiciyə çatdıran sənətkarın saysız-hesabsız radio tamaşalarında səslənən müdrik, məxməri səsinin sehrində nəsillər tərbiyələnib, maariflənib. Azərbaycan səhnə sənətinə, kinosuna uğur gətirən Həsən Əblucun (22.04.1942) anadan olmasının 82-ci ildönümündə əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

Məslək alın yazısıdır. Peşə seçimi təsadüfi deyil. Gözəllikləri, ülvi hissləri özündə birləşdirən, insan mənəviyyatını, daxili dünyasını zənginləşdirən sənət aləmi qəlbi, ruhu yaradıcılıqla dolu, həyata fərqli baxışı olan insanların köksündən qaynayır, onların maarifpərvər düşüncələrindən, mənəvi keyfiyyətlərinin üstünlüyündən mayalanır desək, yanılmarıq. Yaradıcılıq ürəkdən gəldiyi kimi əsl sənətkar da qəlbləri fəth edir. Əməkdar artist, istedadlı qiraət ustası Həsən Əbluc da imza atdığı hər bir işi ilə ürəklərə yol tapmağı, yaddaşlarda iz salmağı bacarıb. Bəlkə buna görədir ki, aktyorluq peşəsinə yiyələnmək qərarını verəndə heç bir tərəddüd etmədən Politexnik İnstitutunun birinci kursundan çıxıb, sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna verib. Ali sənət məktəbinin aktyorluq və rejissorluq fakültəsini bitirib. İstedadına, məsuliyyətinə görə institutun birinci kursdan tələbə və müəllim heyətinin diqqətini çəkib. Buna görə də Akademik Dram Teatrına dəvət alıb. Burada ilk dəfə “Adsız ulduz” tamaşasına quruluş verib. Bir müddət sonra isə Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib.

Xalq artisti Tariyel Qasımovun dostu haqqındakı düşüncələri məlumatımızı bir qədər də genişləndirir: “Aktyor olmağı arzulasam da, atamın istəyinə görə Bədən Tərbiyəsi İnstitutuna qəbul olundum. Təhsil aldığım müddətdə Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi dram dərnəyinə gedirdim. Orada Şahmar Ələkbərov və Həsən Əblucla dostlaşdım. Şahmar həmin vaxtlarda orta məktəbin sonuncu sinfində oxuyurdu. Həsən isə Politexnik İnstitutunun (indiki Texniki Universitet) birinci kursunda oxuyurdu. Bir gün Həsən təklif etdi ki, gəlin, bu il üçümüz də sənədlərimizi İncəsənət İnstitutuna verək. Şahmar dedi ki, mənim arzum aktyor olmaqdır: “Dram dərnəyinə də bunun üçün gəlirəm. Tariyellə sən isə tələbəsən. Yenə də fikirləşin, istəyirsinizsə, sənədlərimizi birlikdə verək”. Biz elə də etdik. Hər üçümüz İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunduq. Görkəmli sənətkar Rza Təhmasibin kursunda sənət dərsi aldıq. Hər üçümüz əlaçı idik. Şəklimizi şərəf lövhəsinə vurmuşdular. Təqaüdümüz də digər tələbələrinkindən artıq idi. Beləcə, biz sənətdə və həyatda həmişə bir yerdə olurduq, dostluğumuzu davam etdirirdik”.

Göründüyü kimi düşüncəsi, əməli işıqlı insanlar ətrafındakılar üçün həmişə arzuolunandırlar. Həsən Əblucun da mülayim xüsusiyyəti, yüksək yaradıcılıq keyfiyyəti tərəf-müqabilləri, həmkarları ilə birgə çalışmasına, maraqlı yaradıcılıq nümunələri ərsəyə gətirməsinə səbəb yaradıb. Teatrla yanaşı, kinostudiyada fəaliyyət göstərən aktyor dublyaj studiyasında da çalışıb, xarici və yerli filmlərin səsləndirilməsində fəal iştirak edib. Həmçinin uzun illər Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib, sənətin sirlərini gənc nəslə tədris edib.

Həsən Əblucun yaradıcılıq filmoqrafiyasında 40-dan çox film var. Bunların içərisində çəkildiyi və səsləndirdiyi filmlər yer alıb. Aktyor ilk dəfə “Yenilməz batalyon” filmində tacir (aktyor Zülfüqar Baratzadə) obrazını səsləndirib. Bundan sonra görkəmli kinorejissorların filmlərində baş və aparıcı rolları (“Sən niyə susursan?”da Rasim – aktyor Xəyal Axundzadə, “Arxadan vurulan zərbə” detektiv filmində Fazil – aktyor Akif Əli, “Bakıda küləklər əsir”də Ştellinq – aktyor Aleksandr Afanasyev, “Babək” tarixi-bioqrafik filmində igid Baxsis – aktyor Elxan Əhədzadə, “İstintaq” detektiv dramında Almazov – aktyor M.Hüseynov, “Dəli Kür” kinodramında Kipiani – aktyor Müxlis Cənizadə, “Ölsəm… bağışla” müharibə dramında həkim – aktyor Rəsmi Cəbrayılov və s.) dublyaj edib.

Aktyorun özünəməxsus tərzdə təqdim etdiyi ekran obrazları filmlərin ideya məzmununu tamamlayıb, mövzunun aydınlıqla çatdırılmasına imkan yaradıb. “Qara gölün cəngavərləri” filmində Cəmşid Hüseynov, “Qanlı zəmi” kinodramında kəndxuda, “Tənha narın nağılı” filmində Səyyad, “Pəncərə” kinodramında Rövşənin atası, “Bircəciyim”  məhəbbət dramında təhqiqatçı və digər filmlərdə oynadığı rollar xarakterikdir,  yaddaqalımlıdır.

Həsən Əblucun çoxşaxəli yaradıcılıq imkanları, sənət biliciliyi və hər bir personaja intuitiv yanaşması personajların daxili mənini, fəaliyyətini aydın çatdırmasına,  ümumilikdə teatr, kino sənətimizi zənginləşdirməsinə imkan yaradıb. Aktyorun teatr, kino fəaliyyəti ilə yanaşı, televiziya tamaşalarındakı rolları mühüm mövzuların realist səpkidə, inandırıcı formada tamaşaçıya çatdırılmasına şərait yaradıb, sənətin aliliyini təsdiqləyib.

1981-ci ildə ekranlara çıxan “Qatarda” televiziya tamaşası izləyicilərin böyük marağına səbəb oldu. Tamaşanın əsas süjet xəttini rüşvətxor, özündənrazı adamların ətrafdakılara mənfi təsir göstərməsi, insanların sadəliyindən, səmimiyyətindən istifadə etməsi, məqamı gəldikdə isə onlardan üstün olmalarını sübut etməyə çalışması, ictimai bərabərsizliyə səbəb olan xoşagəməz xüsusiyyətlərinin ətrafdakılara təsiri, ifşası təşkil edir.

Tamaşada həmçinin yüksək mənəvi cəhətləri ilə örnək ola bilən (Sabit Mirzə, Qasım kişi) insanların zəruruliyi ilə bağlı mühüm mesajlar da təbliğ olunur. Həsən Əblucun canlandırdığı Sabit Mirzə obrazı da təmkinli davranışı, məntiqli, düşüncəli danışığı ilə diqqət çəkir, ətrafında baş verənlərə dəqiq münasibəti ilə aydınlıq gətirir. Müsbət cəhətli personajın normal davranışı, hadisələrə düzgün reaksiyası fonunda digər personajların xarakterləri müəyyənləşir, tamaşanın mahiyyət üstünlüyü (obrazın təfsirində) vurğulanır, dəyərləndirilir.

Tamaşanın rejissoru, Xalq artisti Ramiz Həsənoğlunun aktyor haqqında söylədikləri diqqətimizi çəkir: “Həsənin xüsusi danışıq istedadı var idi. Bu xoşbəxtlik hər aktyora qismət olmur. Azərbaycan Televiziyasında yayımlanan ədəbi-dram verilişlərində tez-tez çıxış edirdi. Hamımız da onu maraqla izləyirdik. Tale elə gətirdi ki, Həsən müəllim quruluş verdiyim iki tamaşada iştirak etdi. Birincisi, yazıçı Anarın əsəri əsasında çəkilən televiziya tamaşası idi. Digəri isə yazıçı İsi Məlikzadənin ssenarisi əsasında çəkdiyim “Qatarda” televiziya tamaşasıdır. Burada Sabit Mirzə rolunu oynayırdı. Personajın xarakteri Həsən Əblucun xarakterinə o qədər də yaxın və uyğun olmasa da, Həsən rolun səciyyəvi cəhətlərini böyük ustalıqla göstərdi.

Əsərdə Sabit Mirzə sakit təbiətli bir obrazdır. Həyatda isə Həsən çılğın, emosional  insan idi, hadisələrə dərhal reaksiya verirdi. Obraza daxil olaraq Sabit Mirzə rolunu çox inandırıcı oynamışdı və bu rol yaddaşlarda qalmışdı. Həmin illəri, onunla birgə gördüyümüz işləri tez-tez xatırlayıram. Onun adı çəkiləndə elə bil ki, ruhum təzələnir. Yenidən o illərə qayıdıram. Allah ona rəhmət eləsin. Ruhu şad olsun. Mən onu heç vaxt unutmuram”.

Dövlət Film Fondu