Azərbaycanda Qırğız Kino Günlərinin açılışı oldu

Nizami Kino Mərkəzində Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı Mədəniyyət Günləri çərçivəsində Qırğız Kino Günlərinin açılış mərasimi keçirildi. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov mədəniyyət günləri çərçivəsində keçirilən Qırğız Kino Günlərinin açılış mərasiminə gələnləri salamladı, Azərbaycana dost və qardaş ölkə olan Qırğızıstanın kino sahəsində olan uğurlarından danışdı. 

Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti nazirinin birinci müavini Altınbəy Maqsudbəyov Azərbaycan və Qırğızıstan dövlət başçılarının səmimi dostluq münasibətlərinin son illərdə hər iki ölkə  arasında olan müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verdiyini vurğuladı. Bildirdi ki, iki dost ölkə arasında mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit şərait var. Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına əyani sübutdur. 

Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanəliyev də öz növbəsində ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərindən danışaraq, bu əlaqələrin inkişaf perspektivlərini vurğuladı. Hazırda Azərbaycanla Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirdi. 

Sonra rejissor Ruslan Akunun qısa müddət ərzində Mərkəzi Asiya ölkələrində və Rusiyada uğur qazanmış “Cənnət anaların ayaqları altındadır” bədii filmi  nümayiş olundu.

Qeyd edək ki, Qırğız Mədəniyyəti Günləri aprelin 26-dək davam edəcək.