Mayın 2-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi, görkəmli kinodramaturq, kinoşünas, rejissor Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, milli kinematoqrafiyamızın inkişafında C.Cabbarlının əvəzsiz xidmətlərindən, “Sevil” filminin çəkilişi zamanı məhz onun səyi ilə azərbaycanlı aktrisanın ekrana gətirilməsindən danışdı. Sonra Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə, Cahangir Zeynallı, professor Asif Rüstəmli, Əməkdar müəllim Nəcməddin Mürvətov görkəmli ədəbiyyat və kino xadimini işıqlı sözlərlə xatırladılar. Sənətkarın ailə üzvləri adından nəvəsi Qəmər Seyfəddinqızı çıxış edərək, tədbirin təşkilinə, C.Cabbarlının 80 illiyi münasibətilə çəkilmiş sənədli filmin bərpasına görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.
Tədbirin sonunda kinorejissor Cahangir Zeynallının C.Cabbarlıya həsr etdiyi “Solmaz bir bahar kimi” filmi tamaşaçılara təqdim olundu. 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş film Dövlət Film Fondu tərəfindən elektron bərpa olunmuşdur.