Niyazi Bədəlov – 115

Azərbaycan sənədli kinosunda parlaq iz qoyan görkəmli sənətkarlarımızdan olan Niyazi Bədəlovun yubiley ilidir. Sənədli filmlər ustası 40-a yaxın filmdə əsasən elm, zəhmət adamlarının əmək qabiliyyətindən, fərdi bacarığından söhbət açıb, ölkənin ictimai-mədəni həyatındakı yeniliklərdən, mühüm mövzulardan bəhs edən filmlər ərsəyə gətirib. Azərbaycanda sənədli kinonun inkişafında böyük xidmətləri olan tanınmış kino xadimi erkən yaşlarından kinoya maraq göstərib, 88 illik ömür payının 60 ilini kinematoqrafçı peşəsinə həsr edib.

Niyazi Bədəlov 1909-cu il iyulun 10-da Azərbaycanın gözəl guşələrindən olan Şəkidə dünyaya göz açıb. 17 yaşında oradakı “Yeni yol” kinoteatrında kinomexanik kimi fəaliyyət göstərməyə başlayıb. Ali kino təhsili almaq məqsədi ilə 1931-ci ildə Moskvaya gedib, sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verib, oranın rejissorluq fakültəsinə daxil olub. Görkəmli sovet kinorejissoru Sergey Eyzenşteynin emalatxanasını bitirib. 1936-cı ildə institutu  bitirərək vətənə qayıdıb. 1938-ci ildə “Azərfilm”də bir-birinin ardınca “Komsomol nəsli”, “Azərbaycan aşıqları”, “Sovet gimnastları” sənədli filmlərini ekranlaşdırıb.

1941-ci ildə görkəmli rejissor Hüseyn Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlayıb, lakin film yarıda dayandırılıb. Rejissorlar bir müddət sonra çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii filmini ərsəyə gətiriblər. İkinci Dünya müharibəsi illərində arxa cəbhədə çalışan zəhmət adamlarının ağır əmək şəraitindən, həmçinin ön cəbhəyə olan köməyindən bəhs edən film, arxa və ön cəbhədə nümayiş olunub, insanlarda  yüksək əhval-ruhiyyə yaradıb.

Niyazi Bədəlov bir müddət həyatını teatrla bağlayıb. 1941-1945-ci illərdə Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi Adil İsgəndərovun sərəncamı ilə 1944-cü ildə Salyan şəhərinə ezam edilib. Orada Salyan Dövlət Dram Teatrını yaradıb. 1945-ci ildə kinostudiyaya qayıdan rejissor, əsasən sənədli kino sahəsində fəaliyyət göstərib, bir-birindən rəngarəng, məzmunlu filmlər ekranlaşdırıb.

Kino sənətinin sirlərinə dərindən bələd olan rejissorun Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanova həsr etdiyi “General Həzi Aslanov”, müharibədən sonra Bakıda aparılan abadlıq işlərindən bəhs edən “Bakıda tikinti”, Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, şair Məhəmməd Füzulinin vəfatının 400 illiyinə ithaf olunmuş “Məhəmməd Füzuli”, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş “150 il. Mirzə Fətəli Axundov”, Xəzər dənizinin neft mədənlərində çalışan gənclərin həyatından söhbət açan “Sənin tərcümeyi-halın”, Azərbaycanda Kuba mədəniyyət ongünlüyündən danışan “Azadlıq adasının elçiləri Azərbaycanda”, Azərbaycanda neftayırma sənayesinin 100 illiyinə həsr olunmuş “Şərəfli yol” və digər müxtəlif mövzuda 40-a yaxın film ərsəyə gətirib.

Böyük həvəslə müraciət etdiyi hər bir mövzu üzərində həvəslə işləyən rejissor həyat materiallarını diqqətlə izləyir, qəhrəmanların ömür yoluna, hiss və duyğularının dərin qatlarına nüfuz edir, onların həyat mövqeyini, məqsəd və niyyətlərini aydınlıqla filmlərində əks etdirirdi.

Niyazi Bədəlov təqaüdə çıxdıqdan sonra da “kiçik kino” – həvəskarlar kinosunun inkişafı üçün çalışmış, gənclərin bu istiqamətdəki potensiallarının üzə çıxarılmasında dəstəyini əsirgəməmişdir. İstedadlı kino xadimi, gözəl insan kimi tanınan və yadda qalan Niyazi Bədəlov 1997-ci il noyabr ayının 2-də, 88 yaşında vəfat edib. Sənətində göstərdiyi böyük peşəkarlığına, zəhmətkeşliyinə görə daim hörmətlə xatırlanıb, böyüş şövqlə ərsəyə gətirdiyi filmləri nəsillərə miras qalıb, məzmunlu yaradıcılıq və maraqlı ömür yolu daim ehtiramla anılıb.

Dövlət Film Fondu