Kinooperator Ramiz Babayevin anadan ollmasından 85 il ötür.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 40-dan artıq filmdə çalışmış Ramiz Babayev 17 yaşından etibarən taleyini bu nəhəng mədəniyyət ocağı ilə bağlamış, müxtəlif janrlı ekran əsərlərində operator, operator assistenti, quraşdırılmış səhnələrin operatoru kimi fəaliyyət göstərmişdir.
Ramiz Babayev hələ kiçik yaşlarından kinonun vurğunu olub. O da bir çox həmyaşıdı kimi kinonun ecazkar sehrindən qurtula, bu maraqlı, əsrarəngiz sənət növündən yan keçə bilməyib. Tədricən bu sahədə çalışmağa qərar verib.
Ramiz Babayev 1940-cı il mart ayının 8-də Bakının Əmircan qəsəbəsində fəhlə ailəsində dünyaya gəlib. Atası Əlirza Yengixan oğlu Babayev neft mədənlərində çalışmış, anası Aliyə Məlikəhməd qızı Babayeva isə evdar qadın olmuşdur.
Ramiz Babayev Əmircan qəsəbəsindəki 89 saylı orta məktəbi bitirmişdir (1957). Kinoya olan böyük sevgisinə görə həmin ildən də taleyini Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə bağlamışdır. Əvvəlcə burada operator köməkçisi vəzifəsində işləməyə başlamışdır. Daha sonra təhsilini artırmaq məqsədi ilə 1959-cu ildə Odessa şəhərində kinematoqrafiya məktəbinə daxil olmuşdur. 1962-ci ildə həmin məktəbi bitirdikdən sonra yenidən kinostudiyaya qayıtmışdır. Kinostudiyada fəaliyyət göstərməklə yanaşı, 1963-cü ildə Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olmuş, 1969-cu ildə həmin institutu elektrik intiqalı və avtomatlaşdırılmış qurğular ixtisası üzrə bitirmişdir.
Bir çox filmdə operator kimi çalışan Ramiz Babayev eyni zamanda epizodik rollarda da çəkilmişdir. 1988-ci ildə “Əmək qəhrəmanı” ordeni ilə təltif olunmuşdur. 1994-cü il yanvarın 11-də dünyasını dəyişmişdir.
Dövlət Film Fondu