Cəmiyyətin mənəvi inkişafında, estetik zövqünün formalaşmasında kinematoqrafın rolu böyükdür. İnsanları maarifləndirən, ətraf aləmi yaradıcılıqlarında təhlil edən sənət sahibləri məhz bu mənada kinonun əzəmətini, mahiyyətini təsdiqlədilər. Ustad sənətkarların geniş yaradıcılıq imkanları cəmiyyətin mənəvi həyatının inkişafına təkan verən ekran əsərlərinin yaranmasına təkan verdi.
Erkən yaşlarından sənətə üz tutan, mürəkkəb həyat hadisələrinin şərhini sənət missiyasının qayəsinə çevirən teatr, kino aktyoru, Xalq artisti Ağadadaş Qurbanov da müxtəlif dövr insanlarının həyat hekayələrini sosial narahatlıq nöqteyi-nəzərindən, hadisələrə cavabdehlik qismində tamaşaçılara çatdırdı, düşündürücü yaradıcılığı fonunda nəticə çıxarmağa imkan yaratdı. Görkəmli sənətkarın anadan olmasının 114-cü ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edirik.
1927-ci ildə Ağadadaş Qurbanov başda olmaqla, Muxtar Dadaşov, Kərim Həsənov, Məmmədağa Dadaşov və başqaları Dənizçilər klubunda Lətif Kərimlinin “Fırtına” pyesinin tamaşasını hazırlayaraq teatr həvəskarlarına təqdim etdilər. Bu tamaşa ilə Bakıda Fəhlə Uşaqlar Teatrının bünövrəsi qoyuldu. Yeri gəlmişkən, Ağadadaş Qurbanovun qızı, Əməkdar incəsənət xadimi, kino rəssamı Firəngiz Qurbanovanın xatirələrinə istinad edək: “Atamın səhnəyə məhəbbəti hələ uşaq yaşlarından olub. Onun aktyorluq qabiliyyətindən əlavə, həm də çox gözəl səsi vardı. Sənətə olan marağına görə hələ gənc yaşlarından bir qrup gənclə tamaşalar səhnələşdirib. Hətta həmin tamaşaları göstərmək üçün yer olmadığından onlar çıxışlarını küçə və meydanlarda etməli olublar. Bir müddətdən sonra yaratdıqları qrup şəhər hakimiyyəti tərəfindən bir otaq almağa müvəffəq olub. Beləliklə, tamaşa qoymaq üçün bina aldıqdan sonra Gənc Tamaşaçılar Teatrı yaranıb. Onu da qeyd edim ki, atam və teatrın üzvləri gənc olmalarına baxmayaraq, yerli, həmçinin dünya klassiklərindən Jan Batist Molyer, Fridrix Şiller və digər bu kimi nəhəng dramaturqların əsərlərini səhnələşdiriblər. Atam Gənc Tamaşaçılar Teatrında işlədiyi dövrdə bütün tamaşalarda baş rolda çıxış edib, hər dəfə də zalda anşlaq olub. Fitri istedadı, gözəl səhnə nitqi pərəstişkarlarının sayını günü-gündən artırıb. Buna görə də yaradıcılığındakı uğurlar tez bir zamanda layiqincə qiymətləndirilib. 24 yaşında Əməkdar artist fəxri adına layiq görülüb”.
Kinematoqrafın yaranması müxtəlif dövr hadisələrinin vizual tədqiqinə, insan psixologiyasının, həyat mövqeyinin təhlil obyektinə çevrilməsinə imkan yaratdı. Hadisələrin və xarakterlərin təhlilinə səmtlənən maarifləndirici ekran təhkiyəsi mənəvi-əxlaqi mühitin dirçəlişində də mühüm rol oynadı. Ağadadaş Qurbanov kimi sənət fədailərinin yaradıcılıq mücadiləsi (cəhalət və zülmün dəfi istiqamətində) cəmiyyətin təfəkkürünün yüksəlişinə, inkişafına təkan verdi.
Kinoda debütünü 30 yaşında (“Səbuhi” filmi, 1941) edən aktyorun yaratdığı uğurlu kino obrazı (A.Bakıxanov) genişplanlı, xarakterik rollara dəvət almasına imkan yaratdı. Teatrda kifayət qədər nüfuz qazanan aktyor 10-a yaxın filmdə, o cümlədən “Qızmar günəş altında” kinopovestində professor, “Bir qalanın sirri” fantastik-macəra filmində Usta, “Koroğlu” tarixi-bioqrafik filmində Həsən xan, “Bizim küçə” kinodramında Bəhram, “Telefonçu qız” filmində Zakirin atası kimi müxtəlif rollar canlandırdı. Kiçikplanlı rolunu belə filmlərin aparıcı qüvvəsinə çevirdi.
Firəngiz xanımın atasının filmlərə az çəkilməsi haqqındakı fikirlərindən: “Atam bütün daxili aləmi ilə teatra bağlanmışdı və bu sənətin ustadı idi. Kino obrazlarını da xüsusi orijinallıqla təqdim edirdi. Maraqlı bir epizodu qeyd edim. “Koroğlu” filminin müəyyən hissələri Moskva kinostudiyasının pavilyonunda çəkilib. Bir dəfə atam Həsən xanın sarayındakı epizodu oynayanda görkəmli sovet kinorejissoru, SSRİ Xalq artisti İvan Aleksandroviç Pıryev də pavilyonda olub. Çəkilişdən sonra İvan Pıryevin Həsən xan rolu ilə bağlı dediyi sözləri atama çatdırıblar. O, çəkiliş zamanı bildirib ki, mənim belə bir aktyorum olsaydı, şəxsən onun özü üçün film çəkərdim”.
Ağadadaş Qurbanov mütərəqqi biliyi, qabaqcıl həyat yolu, zəngin peşə təcrübəsi ilə Azərbaycan sənət dünyasına şöhrət gətirən sənətkarlarımızdandır. Onun kino obrazlarının az olması təəssüf doğurur. Bununla belə, ekran personajlarını yaşarı təqdim etməsi filmlərin ümumi ideyasının tamamlanmasına zəmin yaradıb, müxtəlif dövr insanının xarakterini göstərməyə müvəffəq olub, komik, faciə, dramatik rolların öhdəsindən bacarıqla gəlib.
Kinorejissor Kamil Rüstəmbəyovun məşhur Argentina yazıçısı Osvaldo Draqunun əsəri əsasında ekranlaşdırdığı “Zəncirlənmiş adam” kinodramında Ağadadaş Qurbanovun monoifasında Qərb dünyasının (XIX əsrin sonlarında) kapitalist cəmiyyətinin zülmünə məruz qalan Alvardonun həddən artıq acınacaqlı, təhqir olunan taleyini izləyirik, ümumiləşdirilmiş ekran obrazının təsviri fonunda sosial faciənin nəticəsini görürük.
Fərqli üslub və çalarda kino rollarını təqdim edən aktyor həmin ildə çəkilişlərinə başlanılan “Arşın mal alan” (ekranlara çıxma tarixi: 1965) kinokomediyasında Soltan bəy obrazının komik cəhətlərini yüksək peşəkarlıqla səciyyələndirib. Firəngiz xanımın fikirlərindən: “Müxtəlif xarakterli obrazları yaratmaq atam üçün çətin deyildi. Əksinə, bir-birinə zidd obrazları eyni vaxtda yüksək ustalıqla oynamaq ona hədsiz zövq verirdi. Çox təəssüf ki, belə sevincli yaradıcılıq prosesi onun ömrünün son ilində baş verirdi və bu filmləri görmək ona nəsib olmadı.
Atamın dəfn mərasimini heç vaxt unutmaram. Belə bir mənzərə heç təsəvvür etməmişdim. Minlərlə Bakı sakini teatrın qarşısına toplaşmışdı. Küçələr adamlarla dolu idi. Onun cənazəsini çiyinlərində apardılar. Böyük bir izdiham var idi. Xalq cənazənin arxasınca Fəxri xiyabana qədər getdi. Bu, insanların atama olan sevgisinin təzahürü idi”.
Ağadadaş Qurbanovun kino obrazlarının xarakterik sima və cəhətləri hər biri ayrı-ayrılıqda təhlil obyekti kimi əhatəlidir, maraqlıdır. İrili-xırdalı diqqətçəkən ekran personajlarının səciyyəvi xüsusiyyətləri aktyorun həyat mövqeyinin, fərdi təfəkkürünün, münasibətinin tonuna kökləndiyindən məqsəd və düşüncəsi yaradıcılığında aydın şəkildə şərh olunub. Rollarının mövqe aydınlığı aktyorun bilavasitə şəxsiyyət amilinin yüksəkliyindən, tamlığından, aliliyindən vüsət alıb.
Dövlət Film Fondu