Azərbaycan teatr və kino sənətində bənzərsiz yaradıcılığı ilə yadda qalan, milli kinomuzun simasına çevrilən Respublikanın Xalq artisti, görkəmli teatr, kino aktyoru Yusif Vəliyevin anadan olmasından (22.03.1917-18.03.1980) 105 il ötür. Ömrü boyu sənətin keşiyində duran, teatral və kino obrazlarını ali səviyyədə təqdim edən sənətkarın həyat və sənət yoluna bir daha nəzər salmağı, xatirəsini əziz tutmağı özümüzə borc bilirik.
Yusif Vəliyevin yaradıcılıq filmoqrafiyasına 60-a yaxın film daxildir. Bunların içərisində çəkildiyi və səsləndirdiyi rollar var. Aktyorun kino yaradıcılığından danışarkən dublyaj fəaliyyətinə toxunmamaq mümkün deyil. Aktyorun aydın tələffüzü, məxməri, amiranə səs tembri, qüsursuz diksiyası 30-dan artıq yerli filmimizdəki personajları uğurla səsləndirməsinə imkan yaradıb, Azərbaycan kinosunda rol alan əcnəbi aktyorların ifasını dolğun çatdırmağa, dublyaj sənətinin estetik keyfiyyətlərini üzə çıxarmağa əsas verib.
Yusif Vəliyevin sənətinə, həmçinin ana dilimizə olan sevgisi, hörməti, böyük məsuliyyəti dublyaj sənətində Azərbaycan dilinin mükəmməl təqdimatına, yadelli aktyorların ifasının daha məntiqli çatdırılmasına səbəb olub. Buna görə də kino və dublyaj rejissorları Yusif Vəliyevi xüsusi olaraq filmlərindəki obrazları səsləndirməyə dəvət edir, mogikan sənətkarın səsindən daha çox bəhrələnirdilər.
Görkəmli kinorejissor Ağarza Quliyevin çəkdiyi “Qara daşlar” filmində ilk dəfə olaraq rus neftçi rolunu səsləndirən aktyor bundan sonra “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Bizim küçə” filmində Lars, “Sehrli xalat”da İo-Kio, “Uzaq sahillərdə” müharibə filmində Tinti, “Yenilməz batalyon” tarixi dramında Kolpakov, “Dədə Qorqud” film-dastanında Bayandır xan, “Skripkanın sərgüzəşti”ndə Besfamilnı ekran obrazına, həmçinin yadelli aktyorların canlandırdığı digər personajlara səsi ilə bir daha baxımlılıq qazandırdı, ekran əsərlərindəki ideyanı, amalı mənalı səs üslubunda yaradıcılıq prosesinə çevirdi.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir çox filmdə, “Dağlarda döyüş” kinodramında Sərxan (aktyor Rza Əfqanlı), “Axırıncı aşırım”da Kərbəlayi İsmayıl (aktyor Adil İsgəndərov), “Dərviş Parisi partladır” kinokomediyasında dərviş (müğənni-aktyor Mirzə Babayev), “Həyat bizi sınayır” filmində Sadıq (aktyor Sadıq Həsənzadə), “Ən vacib müsahibə” dramında Cəbrayıl (aktyor Rza Təhmasib), “Yeddi oğul istərəm” vestern-dramında Kərəm (aktyor Məmmədrza Şeyxzamanov) və onlarla xarakterik obrazlar sənət bilicisinin ahəngdar səsinin təqdimatında mənalı, əzəmətli səsləndi, yadda qaldı, xatırlandı.
Milli kinomuzda aktyorun 10-dan artıq filmdə forma və məzmun baxımından yaratdığı Fəttah; Qurd Cəbrayıl (“Arxadan vurulan zərbə”), Fəraməz (“Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Zirvə” novellası), Teymurləng (“Nəsimi”), Qılınc Qurban (“Tütək səsi”), baş iş icraçısı (“Uşaqlığın son gecəsi”) və digər rolları ekran əsərlərinin ümumi vəziyyətinə, məzmun tamlığına xidmət etdi, müəllif və rejissor ideyasını tamamladı. Məhz bu baxımdan Azərbaycan kinosunda bənzərsiz obrazlar yaradan sənətkarın hər bir imzası nəsillərin yaddaşında əbədiləşdi, milyonların sevimlisinə çevrildi.
Dövlət Film Fondu