Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamına əsasən, konsert təşkil olunub.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bəstəkarın yaradıcılığından söz açıb. O bildirib ki, Fikrət Əmirov musiqinin demək olar bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o, daim xalq musiqisindən bəhrələnib. “Nizami” simfoniyası, “Sevil” operası, “Min bir gecə” baleti bəstəkarın musiqi irsinin qiymətli nümunələridir.
“Əslən şuşalı olan Fikrət Əmirovun yaradıcılığı Qarabağın zəngin mədəniyyətindən qaynaqlanır”, – deyə S.Məmmədəliyeva əlavə edib.
Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor, Əməkdar artist Fuad İbrahimov və solist, Xalq artisti Yeganə Axundovanın ifasında bəstəkarın əsərlərini səsləndirib.
Daha sonra görkəmli bəstəkara həsr olunmuş musiqi albomunun təqdimat mərasimi keçirilib.
Konsertdə Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Fikrət Əmirova həsr olunmuş fotosərgi nümayiş etdirildi.