Həmidə Ömərova – 65

Azərbaycan kinosunda qadın rollarının mahir ifaçısı, Xalq artisti Həmidə Ömərovanın 65 yaşı tamam olur. Kinosevərlər və əməkdaşlarımız adından sevimli aktrisamızı yubiley yaşı münasibətilə ürəkdən təbrik edir, cansağlığı, yeni yaradıclıq nailiyyətləri, bol-bol sənət sevincləri arzulayır, Azərbaycan kino salnaməsinə uğurla imza atdığı koloritli obrazlarını qısa olaraq göz önündə canlandırırıq.

Həmidə Ömərova 1957-ci il aprel ayının 25-də Bakıda anadan olub. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Sənət istiqamətini doğru təlimatlandıran gənc aktrisanın düzgün məslək seçimi və çalışqanlığı həyat mündəricəsinin zəngin, mənalı olmasına zəmin yaradıb.

Yaradıcılıq filmoqrafiyasına 50-yə yaxın film daxil olan aktrisa, 500-dən artıq bədii filmin səsləndirilməsində iştirak edib, qüsursuz diksiyası, ahəngdar, qulağa xoş gələn məxməri səsi ilə film qəhrəmanlarının fərdi xüsusiyyətlərini səciyyələndirib. Çəkiliş meydançalarında, həmçinin dublyaj fəaliyyətində peşəkar sənət ustalarının əhatəsində olan, görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışan Həmidə Ömərova onların sənət bilgisindən bəhrələnib, əmək fəaliyyətini zənginləşdirib.

Həmidə xanımın bəxti onda gətirib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm”  kinostudiyasına gəldiyi vaxtdan etibarən (1979-1993) görkəmli sənətkarların filmlərinə dəvət alıb, fərdi yaradıcılıq qabiliyyətinə əsasən kinorejissorların etimadlarını doğruldub, müxtəlif janrlı filmlərdə baş və aparıcı rollarda çəkilib.

İstedad və bacarığını ekran personajlarının təfsirində dönə-dönə təsdiqləyən aktrisa hələ debüt rolu ilə (Çinarə-“Anlamaq istəyirəm”) tamaşaçıların diqqətini çəkib, rəğbətini qazanıb. Hər bir ekran personajını özünəməxsus ifa manerası ilə təqdim etməklə rolların daxili mənini, psixologiyasını, həyat mövqeyini inandırıcı şəkildə yaradıb.

Filmlərə çəkildiyi ilk vaxtları aktrisa belə xatırlayır: “1979-cu ildə Moskva Kinematoqrafiya İnstitutunu yenicə bitirmişdim. Altı ay olardı ki, “Azərbaycanfilm” kinostudiyasına gedib-gəlirdim, amma heç bir filmə dəvət almırdım. Rəfiqələrim, kurs yoldaşlarım filmlərə çəkilirdilər, mən isə hələ də gözləyirdim. İş elə gətirdi ki, təsadüfən məni üç filmə (“Anlamaq istəyirəm”, “Qızıl uçurum”, “Vah”) baş rola, sınaq çəkilişinə dəvət etdilər. Sınaq çəkilişlərim uğurlu oldu və paralel olaraq həmin filmlərdə çəkildim.”

Səhnə yaraşığı verən xarici görünüşü, rollara məsuliyyətlə yanaşma tərzi, fərdi intuisiyası, sənətə olan böyük sevgisi sayəsində Həmidə xanımın ekranda canlandırdığı hər bir dövr personajı müasirimizə, həmsöhbətimizə çevrilir, personajların dialoq və monoloqları vasitəsilə rolun yaşam tərzini, mövzuya aid olan dövrün vəziyyətini, sosial şərait və münasibətini anlayırıq.

Aktrisanın kino fəaliyyətində yer alan uğurlu ekran obrazlarından Şəfiqə (“Qızıl uçurum”), Zümrüd (“Yol əhvalatı”), Zeynəb (“Babamızın babasının babası”), Telli (“Qorxma, mən səninləyəm”), Məleykə (“Üzeyir ömrü”), Afaq (“Nizami”), Tamara (“Burulğan”), Nazlı (“Şirbalanın məhəbbəti”), Nurzad (“Əzablı yollar”), Zivər (“Doğma sahillər”), Xanım (“Qəzəlxan”) və digər rolları fərdi istedad və bacarığının əyani təzahürüdür.

Kinoda əsasən dramatik rollar yaradan aktrisanın canlandırdığı personajlar  müxtəlif dövr qadınlarının taleyini inandırıcı şəkildə əks etdirib. “Qəzəlxan” filmində Xanım surətinin təfsirində ailə xoşbəxtliyinə can atan, lakin sıxıntılar içində əziyyət çəkən qadının, ananın daxili təlatümlərini izləyiriksə, “Qızıl uçurum” filmində zənginlik içərisində yaşayan, həyat yoldaşının uçuruma yuvarlanmasından hər zaman narahat, ailəsinin aqibətlərindən nigaran olan zərif, lakin mərd xanımın səciyyəvi cəhətlərini görürük. “Nizami” tarixi-bioqrafik ekran əsərində Nizami şəxsiyyətinə pərəstiş edən həyat yoldaşı (Pəri; Afaq) obrazının təfsirində dövrünün haqsızlıqlarına, mövhumatçılığına müdrikcəsinə münasibətini, bəzənsə sükut dolu baxışları ilə narazılığını bildirən, müasirlərinin taleyinə acıyan xanım-xatın prototipi izləyiriksə, “Doğma sahillər” detektiv-macəra filmində Zivər rolunun xarakterində cinayətkarla üz-üzə gələn, yeri gələndə döyüşməkdən belə qorxmayan, çəkinməyən mübarizlik görürük. Bu mənada aktrisanın forma və məzmun etibarilə fərqli canlandırdığı, bitkin xarakterli rolları ekran əsərlərinə uğur gətirib.

Yüksək sənətkarlıq xüsusiyyətilə yanaşı ictimayyətin dərin rəğbətini, hörmətini qazanan Həmidə xanım 1986-cı ildən etibarən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalının aparıcısı olaraq dünya kino ulduzlarının həyat və yaradıcılığı haqqında maraqlı çıxışları ilə tamaşaçıları ekran başına toplayıb, onların kino biliyini zənginləşdirib. 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olub.

Çoxşaxəli yaradıcılığında tamaşaçılarla yanaşı, oxucuların da kino bilgisini artırmağı məqsədinə çevrilən aktrisa “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını kinosevərlərə təqdim edib.

Hazırda televiziya kanallarında yayımlanan seriallarda ana və nənə rollarını məharətlə canlandıran aktrisa gənc tərəf-müqabillərinə əyani şəkildə sənət bilgisini ötürür, yaradıcılıq üslubunu təbliğ edir. Həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edir, sənətə gələn gənc kinematoqrafçıların nəzəri və təcrübi bilgilərini artırır. Bir daha şərəfli və məsuliyyətli işində Həmidə xanıma uğurlar diləyir, tükənməz tamaşaçı sevgisi, yaradıcılıq nailiyyətləri arzulayırıq.

Dövlət Film Fondu