Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bədii-sənədli filmərə, həmçinin animasiya kinosuna musiqi yazan, bəstəkarlıq sənətinin tanınmış nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Rauf Əliyevin anadan olmasından (01.05.1947-13.06.2017) 75 il ötür. Kino və musiqi dünyamızı çoxşaxəli yaradıcılığında zənginləşdirən, sənətsevərlərə yaxşı tanış olan bu ad artıq 5 ildir ki, yaddaşlarda, qəlblərdə hörmətlə anılır, bəstəkarın ruhuna rəhmət oxunur. Ömrünü çətin və məsuliyyətli peşəyə həsr edən, yaradıcılığı fonunda minlərlə tamaşaçıya hüzur, gözəllik bəxş edən unudulmaz sənətkarın yubiley ilində yaradıcılığına nəzər salır, milli kinomuzdakı xidmətlərini bir daha xatırlayırıq.
Rauf Əliyev 1947-ci il mayın 1-də Şuşada anadan olub. Musiqiyə olan həvəsinə görə sənədlərini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə verib, görkəmli bəstəkar Xəyyam Mirzəzadənin sinfini bitirib (1975).
Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar istedad və biliyini musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumental, kamera əsərləri yaradıb. Bəstəkarın yaratdığı simfonik orkestr üçün “Neft daşları haqqında novella”, “Coşqu” simfoniyası, “Azərbaycan” vokal-simfonik poeması, xor və simfonik orkestr üçün “Türk oğlu, irəli”, “Azadlığa gedən yollar”, “Vətən uğrunda”, “Memorial-Qarabağ”, a-kappella xoru üçün “Nə dilərsən, ürəyim”, “Ballada” əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Həmçinin kino və teatr sənətinə layiqli töhfələrini verən bəstəkar 30-dan çox bədii-sənədli, animasiya filmlərinə yazdığı musiqilərlə, mahnılarla ekran əsərlərinin emosionallığını artırıb, ekran dilini yumşaldıb, personajların daxili mənini xarakterizə edib, hadisələrin məzmununu açıb.
Bəstəkarın kino yaradıcılığına daxil olan filmlərdən “Qaladan tapılan mücrü”, “Biz qayıdacağıq”, “Küçələrə su səpmişəm”, “Çölçü”, “Mayak”, “Ölüm növbəsi” və s. bədii, “Neft Daşları”, “Həsən bəy Zərdabi”, “Boşluq” və s. sənədli, “Lovğa fil balası”, “Yalançı çoban”, “Cırtdan-pəhləvan”, “Taya” və s. animasiya filmlərinə bəstələdiyi musiqi parçaları, mahnılar mövzuların tamlığına, hadisələrin mahiyyətinin açılmasına xadimət edir, emosional təsir gücünü artırır.
Kinorejissor Şamil Əliyevin bəstəkar haqqında olan düşüncələri yerinə düşür: “Rauf Əliyevlə birlikdə üç filmdə işləmişəm. O, quruluş verdiyim “Təsadüfi görüş”, “Çölçü” bədii filmlərinə orijinal musiqi yazıb, “İz…Qala” sənədli filminin musiqi tərtibatını verib.
Bir rejissor kimi mən filmə dəvət etdiyim mütəxəssislərin təhsilini araşdırıram, sonra filmdə işləməyə dəvət edirəm. Rauf müəllim də məşhur bəstəkar Xəyyam Mirzəzadənin tələbəsi olub. Yüksək musiqi təhsili alıb. Ona filmdə işləməyi təklif edəndə birinci ssenarini tələb edirdi. Dönə-dönə də oxuyurdu və musiqinin hansı xarakterdə olması haqqında uzun-uzadı söhbətlərimiz olurdu. Mən ona nümunələr göstərirdim, təkrarsız olmasını da qeyd edirdim. O, özü də hər hansı bir musiqidən plagiat etməyə meyilli deyildi. Bu cəhətdən bütöv insan idi və hər iki filmdə də orijinal yaradıclıq nümayiş etdirdi.
Yadımdadır, “Təsadüfi görüş” filminin musiqisini Rauf müəllim elektron musiqi kimi yox, orkestrin müşayiəti ilə yazdırdı. “Çölçü” filmi üzərində işləyəndə filmin başlanğıcında səslənməsi üçün qədim altay türklərinə aid olan musiqinin, ney-balaban səsinin olmasını, həmçinin musiqilərin orkestrin müşayiəti ilə yazılmasını istəmişdim. Rauf müəllim özü də musiqilərin orkestrin müşayiəti ilə yazılmasını planlaşdırmışdı. Son məqamda belə alındı ki, orkestr musiqisi alınmadı. Bununla belə, yenə də filmə orijinal musiqi yazıldı və bəzi musiqi alətlərinin ifası ilə elektron musiqiyə də meyil etdik.
Mən həmişə belə hesab etmişəm ki, klassik musiqi məktəbi keçmiş bəstəkarlarla işləmək lazımdır. Rauf Əliyev də yüksək peşəkarlıqla klassik musiqi məktəbinin nümunələrini yaradırdı.”
Göründüyü kimi kinoda işləmək, ekran hadisələrinə müxtəlif janrlı musiqilərlə kolorit, baxımlılıq gətirmək bəstəkarlardan savadla yanaşı, yaradıcılıq axtarışları, daxili intuisiya, böyük sənət sevgisi, zəngin dünyagörüş tələb edir. Bu kimi keyfiyyətlərin təcəssümü də kinoda əksini tapır.
Onu da qeyd edək ki, Rauf Əliyev Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində musiqi redaktoru kimi işləyib, 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqı Şuşa bəstəkarlar təşkilatının sədri vəzifəsində çalışıb. Sənətdə göstərdiyi xidmətlərə görə 2006-cı ildə “Humay” milli mükafatına, 2007-ci ildə isə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Sənətkarın sənət dünyasını yaradıcılığı, şəxsiyyətini isə əməlləri xatırladır. İstedadlı bəstəkar Rauf Əliyevin də mülayim, mehriban xüsusiyyətləri həmkarları, dostları tərəfindən dərin hörmətlə yad edilir, filmlərdə müxtəlif həyat hadisələrini müşayiət edən düşündürücü musiqiləri sənətsevərlər tərəfindən alqışlanır, dəyərləndirilir.
Dövlət Film Fondu