İyulun 14-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimatı olub. Filmin rejissoru və ssenari müəllifi Kamalə Musazadə, operatoru Soltan Abdullayev, montajçıları Kamalə Musazadə və Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.
Jurnalistlərə müsahibə verən Kəmalə Musazadə filmin çəkilişləri ilə bağlı məlumat verib: “Bizim studiyada Polad Həşimovla bağlı film çəkildiyi üçün mən onun döyüş yoldaşı İlqar Mirzəyev haqda film çəkməyi düşündüm. Onun döyüş yoluna, şəxsi keyfiyyətlərinə baxanda çox heyrətlənirdim. İlqar Mirzəyev Aprel döyüşlərində artilleriya komandiri olub. Biz çəkilişləri həmin artilleriya qurğularının yerləşdiyi ərazidə, həmçinin Tovuz döyüşləri zamanı onun şəhid olduğu yerdə apardıq. “Qara qaya” zirvəsində bu hadisə baş verəndə İlqar Mirzəyevlə birgə döyüş yoldaşı Təbriz Kərimov da orada idi. Biz onların qurumayan qanını lentə almışdıq. Təbriz Kərimov ağır yaralansa da, sağ qalıb və öz qanını filmin nümayişi zamanı görəndə çox təsirləndi”.
Filmin nümayişindən əvvəl çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, 6 aydan sonra Azərbaycan xalqı rəşadətli Qələbənin ikinci ildönümünü qeyd edəcək. O, qeyd edib ki, Azərbaycan Ordusunun qazandığı Qələbə incəsənətin bütün növlərində əks olunmalıdır.
Sonra film nümayiş etdirilib.