Milli kino sənətimizin tanınmış nümayəndələrindən olan, özünəməxsus yaradıcılıq nümayiş etdirən, Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin anadan olmasından 85 il ötür. Kinosevərlərin yaddaşında istedadlı rejissor, həmkarlarının, dostlarının və yaxınlarının hafizəsində müsbət şəxsi keyfiyyətlərə malik insan kimi qalan rejissorun 85 illik (24.07.1937-10.12.2019) yubileyi günü əziz xatirəsini dərin ehtiramla yad edir, yaradıcılığına nəzər salmağı özümüzə borc bilirik.
Kinematoqraf xüsusi bilik, bacarıq, həmçinin intuitiv yanaşma tələb etdiyinə görə yaradıcılıqların təfsirində heç də asan peşə olmadığını dəfələrlə təsdiqləyib. Maraqlıdır ki, böyük məsuliyyət, diqqət tələb edən kinoya tükənməz sevgi ilə gələnlər, ömrünü həsr edərək kinonu həyatının ayrılmaz bir parçasına çevirənlər az deyil. Azərbaycan kinematoqrafiyasının inkişafında əhəmiyyətli rol oynayan Yalçın Əfəndiyev kimi…
Hələ erkən yaşlarından kinonun vurğunu olan Yalçın Əfəndiyev 1954-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin məzunu olsa da, kinoya olan böyük sevgi və marağına görə növbəti ali təhsil ocağı kimi Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu seçir. 1962-1967-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində ali təhsil alır. İndi isə bir qədər ətraflı…
Yalçın Əfəndiyev 1937-ci il iyulun 24-də Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli məktəbi bitirib. Hələ orta məktəbdə oxuyarkən kinematoqrafçı olmağı qarşısına məqsəd qoyub. Lakin valideynlərinin istəyinə əsasən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji coğrafiya fakültəsini bitirib. Tale elə gətirir ki, həmin vaxtda Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ilk dəfə ali təhsilli qrup təşkil olunacağı bildirilir. Yalçın Əfəndiyev də bu şansdan istifadə edərək sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verib. Ali kino məktəbində 5 il müddətində Lev Kuleşov və Boris Belokurovdan rejissorluğun sirlərini öyrənib. Diplom işi kimi “Azərbaycanın palçıq vulkanları” elmi-kütləvi filmini çəkib.
Kinematoqrafiya İnstitutunu bitirən (1966) gənc tələbə vətənə qayıdıb və “Azərbaycanfilm” kinostudiyasında bir il rejissor assistenti kimi fəaliyyət göstərib. Sonra isə ardıcıl olaraq müxtəlif mövzulu (sənədli) filmlər ekranlaşdırıb.
Milli kino salnaməmizdə özünəməxsus yer tutan sənətkar kinostudiyadakı ilkin fəaliyyəti dövründə “Səməd Vurğun” (1966; E. Qulyievlə birgə), “Bakı haqqında 10 dəqiqə” sənədli filmlərini çəkib. Bundan sonra “Azadlıq məşəli” (1967), “Qayıdacağına inanırdı” (1968), “Azərbaycan, Azərbaycan” (1970), “Odla təmasda” (1972) və digər sənədli filmlər ekranlaşdırıb.
Azərbaycanın elm və mədəniyyət tarixinin görkəmli simalarına, xalqımızın mədəni irsinə, mənəvi dəyərlərimizə həsr etdiyi bədii, sənədli ekran əsərləri rejissora şöhrət qazandırıb.
“Naxışların yaddaşı” (1973) filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq Kino Festivalında mükafat əldə edib, “Neft akademiyası” (1974) filmi 1975-ci ildə Kişinyovda keçirilən VIII Ümumittifaq Kinofestivalında Xüsusi diplom alıb. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” (1976) bioqrafik sənədli filminin yaradıcı heyəti – ssenari müəllifi İsmayıl Şıxlı, rejissoru Yalçın Əfəndiyev və operatoru Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər. Həmçinin film 1977-ci ildə Riqada keçirilən X Ümumittifaq Kinofestivalında Xüsusi diploma layiq görülüb.
Onu da qeyd edək ki, yaradıcılıq filmoqrafiyasında 30-dan artıq film olan Yalçın Əfəndiyev həm də çəkdiyi filmlərin əksəriyyətinin ssenari müəllifidir.
Mövzu və məzmun baxımından diqqət çəkən, sənədli kino estetikasının incəliklərini yaradıcılığında göstərən rejissor müraciət etdiyi hər hansı bir mövzunun mahiyyətini dərindən açıb göstərməyə müvəffəq olub, maarifpərvər yaradıcılığına görə də tamaşaçıların diqqətini çəkib.
Sənədli kinoda cəmiyyət üçün dəyərli filmlər ərsəyə gətirən rejissorun yeganə tammetrajlı bədii filmi “Xatirələr sahili” kinodramıdır. Həmçinin o, 1969-cu ildə Azərbaycan xalq nağılının motivləri əsasında “Cırtdan” cizgi-aplikasiya filmini çəkib.
1983-1986-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında Xronikal-sənədli filmlər birliyinin direktoru vəzifəsində çalışan Yalçın Əfəndiyev 1991-1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətinin “Azərbaycantelefilm” studiyasında bədii rəhbər və rejissor kimi fəaliyyətini davam etdirib, 1994-2002-ci illərdə isə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ali dərəcəli rejissoru vəzifəsini tutub.
Rejissorluq fəaliyyətindən əlavə uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olaraq gənc kinematoqrafçılar nəslinin yetişdirilməsi və peşəkar kadrların hazırlanması işinə Yalçın Əfəndiyev mühüm töhfələr verib. Kinorejissor Röyal Əliyevin müəllimi haqqında olan xatirələri yerinə düşür: “Yalçın müəllim tələbələrinin uğuruna həmişə sevinirdi. O, institutu bitirən tələbələri ilə də mütəmadi olaraq əlaqə saxlayırdı və onlarla dostluq edirdi. Məzun tələbələrinin filmləri festivallarda iştirak edirdisə, mükafata layiq görülürdüsə, mütləq onlarla bizi tanış edirdi və filmini nümunə olaraq göstərirdi.
İnstitutu bitirdikdən sonra mən də Yalçın müəllimə zəng edirdim, əlaqə saxlayırdım. Bəzən montaj prosesi zamanı qarşılaşdığım problemin həllini ondan soruşurdum. Çəkdiyim filmlər efirdə göstəriləndə zəng edib vaxtını ona bildirirdim və bir iradı olarsa mənə söyləməsini xahiş edirdim. O, da çəkdiyim filmə diqqətlə baxır, lazım olan yerləri dəftərçəsində qeyd edib mənə söyləyirdi. Bunu ona zəng etdiyimdə anlayırdım. Çünki onunla danışanda “Gözlə, oğul, filminlə bağlı qeydlərim var, onları gətirim” deyirdi.
Yalçın müəllimin tədris metodikasında məcburi təhsil prinsipi yox idi. Tələbələr dərsə gəlməyəndə əsəbiləşirdi və bunu peşələrinə hörmətsizlik hesab edirdi. Bununla belə, yenə də onları incitmirdi.
Yalçın müəllim mülayim xasiyyətli adam idi. Bu kimi xüsusiyyətindən istifadə edən, dərsə gəlməyən tələbələr institutu bitirdikdən bir neçə il sonra Yalçın müəllimin müdrikliyini, onlara olan qayğısını dərk edirdilər. Bəzən mənə zəng edərək: “Bizim üzümüz yoxdur Yalçın müəllimə zəng edək, əhvalını soruşaq. O, necədir?” deyə onun haqqında məlumat almaq istəyirdilər.
Mən hər həftə müəllimimə zəng etməyi özümə borc bilirdim. Onun geyim, danışıq, savad, davranış, təhsil mədəniyyəti özü bizim üçün işıqlı bir yol idi. Hərdən düşünürdüm ki, Yalçın müəllimin bu kimi örnək timsallı xüsusiyyətlərini görməmək mümkün deyil. Ondan öyrənəcək çox şey var idi. Onun özünəməxsus olan yerişi, təmkinli davranışı belə insana xoş təsir bağışlayırdı.
Bəzən dərslərdə ssenari oxunuşları olurdu. Onlar zəif olduğundan axıra qədər oxunmağa ehtiyac qalmırdı. Təəccüblü idi ki, Yalçın müəllim ssenarini təqdim edən tələbəni diqqətlə dinləyirdi və ona incəliklə ssenaridə çatışmayan detalları başa salırdı. O, işinə həddindən artıq dəyər verirdi. Yüksək mədəniyyətinə, gözəl xasiyyətinə, zəngin sənət bilgisinə görə biz tələbələri onu çox sevirdik. Onun xatirəsi mənimçün həmişə əzizdir. Allah ona rəhmət eləsin.”
Göründüyü kimi ömür illərlə deyil, əməllərlə ölçülür. Tanınmış kinorejissor, səmimi insan, peşəkar pedaqoq Yalçın Əfəndiyev də peşəsində qazandığı nailiyyətlərə görə sənətsevərlərin hafizəsində, göstərdiyi insanpərvərliyə görə isə onu tanıyanların qəlbindədir.
Dövlət Film Fondu