Tamaşaçılar onu “Böyük dayaq” filmindən Yastı Salman kimi tanıyır. Rolun həddən artıq inandırıcı və xarakterik təqdimatına görə də filmdən sonra bu ad meşşan, xudbin insanların qınayıcı ünvanı kimi xatırlandı. Bu isə rolun mahir ifaçısı, Əməkdar artist Firudin Mehdiyevin sənət bilgisinin zənginliyindən, yaradıcılıq diapazonunun genişliyindən irəli gəlirdi. Ustad sənətkarın milli kinomuzda, Opera və Balet Teatrının səhnəsində yaratdığı obrazlar yoxluğunda belə xatırlanmasına, xatirəsinin əziz tutulmasına səbəb yaradır.
Firudin Mehdiyev 1927-ci il dekabrın 31-də Quba qəzasının Xızı kəndində dünyaya göz açıb. Dövrünün çətin şəraitinə görə gənc yaşından çalışmağa başlayıb, hələ 14 yaşında olarkən Bakıdakı leytenant Şmidt adına maşınqayırma zavodunda fəhlə işləyib. Sənətə maraq göstərən gənc zavodda fəaliyyət göstərən dram dərnəyinə üzv yazılıb. İlk addımlarını da bu özfəaliyyət dərnəyində atıb. Həmin vaxtlar dərnəyə görkəmli aktyor Ağadadaş Qurbanov rəhbərlik edib. Elə onun təklifi ilə də ilk dəfə dramaturq Mirmehdi Seyidzadənin “Qızıl quş” tamaşasında Bəbir xan rolunu oynayıb. Tamaşadan sonra Ağadadaş Qurbanov Firudin Mehdiyevə Teatr texnikumuna qəbul olunmasını məsləhət görüb. Beləcə, gələcəyin tanınmış aktyorunu böyük səhnəyə aparan yol sözügedən tamaşadan başlayıb.
Teatr texnikumunda oxumaqla yanaşı, Milli Dram Teatrında köməkçi heyətdə çıxış edən gənc aktyor 1944-cü ildə görkəmli sənətkar Şəmsi Bədəlbəylinin dəvəti ilə Musiqili Komediya Teatrında çalışıb. Bir müddət sonra Quba Dram Teatrına işləməyə göndərilib.
Quba teatrında bəstəkar Fikrət Əmirovla birlikdə işləməsi, bəstəkarın iştirakı ilə Üzeyir Hacıbəyli ilə görüşməsi onun musiqi məktəbinə düzəlməsinə imkan yaradıb. Üzeyir bəyin dəstəyi ilə Konservatoriyada hazırlıq qrupuna götürülüb. Vokal imkanları və geniş diapazonlu səsi ilə diqqət çəkən Firudin Mehdiyev Konservatoriyada ustad sənətkar Bülbülün sinfini bitirib, 1957-ci ildən Opera və Balet Teatrında çalışmağa başlayıb.
Opera və Balet Teatrının solisti kimi müxtəlif obrazlar canlandıran aktyor Leylinin atası (“Leyli və Məcnun”), Həmzə bəy (“Koroğlu”), Babakişi (“Sevil”), Xan (“Gəlin qayası”), Rəşid bəy (“Xanəndənin taleyi”) və digər rolları ilə teatr ictimaiyyətinin sevgisini qazanıb. Peşəkar səhnə fəaliyyətinə görə də kinorejissorların diqqətini çəkib. Həmin illərdə yaradıcılıq fəallığı ilə diqqət mərkəzində olan tanınmış rejissor Həbib İsmayılovun dəvəti ilə 1962-ci ildə onun quruluş verdiyi “Böyük dayaq” bədii filmində debüt rolunu (yastı Salman) oynayıb.
Teatrın püxtələşdirdiyi aktyorlar kinoya həmişə uğur gətirib. Azərbaycan kinosunda bir neçə kino obrazı ilə tamaşaçıların yaddaşında iz salan Firudin Mehdiyev ona həvalə olunan ekran personajlarını böyük şövq və peşəkarlıqla təqdim edib, filmlərin baxımlı olmasına, uğur qazanmasına zəmin yaradıb. Rolun xarakterik cəhətlərini, fərdi xüsusiyyətlərini incəliyinə qədər həssasıqla cilalayıb, baş rol iştrakçıları qədər tanınıb, məşhurlaşıb.
Firudin Mehdiyev 1965-ci ildə kinorejissor Tofiq Tağızadə tərəfindən ekranlaşdırılan “Arşın mal alan” kinokomediyasına rol iştirakçısı kimi yox, müğənni kimi dəvət olunub. Onu da qeyd edək ki, filmin uğur qazanmasında musiqilərin peşəkar səslənməsi də böyük rol oynayır. Məhz buna görə musiqili kinokomediyada mahnıları ifa edən Firudin Mehdiyev, Rauf Atakişiyev, Sona Aslanova, Şəfiqə Qasımova kimi müğənnilərin xidmətləri danılmazdır. “Arşın mal alan” filmindən sonra aktyor Vladimir Qorikkerin çəkdiyi “Sevil” (1970) film-operasında əsas qəhrəmanların ariyalarını səsləndirib.
Azərbaycan kinosunda bir neçə filmdə rol alan aktyor Əbdül Mahmudovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində şef – mafiya başçısı, Vaqif Mustafayevin ekranlaşdırdığı “Hər şey yaxşılığa doğru” filmində qara eynəkli qoca rolunu canlandırıb. Filmlərə az çəkilməsinin səbəbini isə opera səhnəsinə daha çox bağlılığı ilə əlaqələndirib.
Səhnə fəaliyyəti ilə paralel olaraq Konservatoriyada uzun illər dərs deyən sənətkar Azərbaycan musiqi sənətində iz qoyan məşhur musiqiçilər yetişdirib. Görkəmli sənətkarlardan Mobil Əhmədov, Yaşar Səfərov, Adil Məlikov, Anatollu Qəniyev, Lütfiyar İmanov, Elmira Rəhimova, Oqtay Ağayev kimi sənətkarlara və digərlərinə musiqi sənətinin sirlərini tədris edib.
Sənətdəki xidmətinin 30 illiyi ərəfəsində çoxşaxəli yaradıcılığına və sənətdəki xidmətlərinə görə 1977-ci ilin 10 yanvar tarixində “Əməkdar artist” fəxri adına layiq görülüb. Ömrünün sonlarına yaxın Bakı Bələdiyyə Teatrında da çalışıb.
Ömrünün sonunadək sevdiyi məsləyinə bağlı olan sənətkar yaradıcılıqdan kənar təsəvvür etmədiyi dünyasıyla 2006-cı ilin 1 fevral tarixində (78 yaşında) vidalaşıb. Yüksək sənətkarlıq keyfiyyətlərinə görə sənətsevərlər tərəfindən bu gün də hörmətlə, sevgiylə xatırlanır.
Dövlət Film Fondu